Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-831/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçı X9 İddiaçı ASC-nin nümayəndəsi X4, cavabdehin nümayəndəsi-vəkili X1 və ekspert X3 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 qarşı “kredit borcu” barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X9 İddiaçı ASC - cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1754,75 ABŞ dolları əsas borc, 4291,81 ABŞ dolları faiz borcu, 4446,75 ABŞ dolları cərimə və geckdirilmiş vaxt üçün hesablanmış 255,84 ABŞ dolları məbləğində faiz olmaqla ümumilikdə cəmi 10749,15 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki Cavabdeh 09 yanvar 2015-ci il tarixli Kredit verilməsinə dair müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən illik 31 faizlə 24 ay müddətinə 6,300 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda digər cavabdehlər ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Borcun ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq onun tərəfindən borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Qeyd olunanlara əsaslanaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək bildirmişdir ki, son ödəniş tarixindən 3 il müddət keçdiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak etmiş ekspert izahat verərək bildirmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 4890,64 ABŞ dolları, faiz borcu 2833,27 ABŞ dolları, illik 5 % ilə hesablanmış faiz borcu isə 326,04 ABŞ dolları təşkil edir. O, eyni zamanda bildirmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə sonuncu ödəniş 19 aprel 2019-cu il tarixdə olmuşdur. Məhkəmə tərəflərin və ekspertin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.01.2015-ci il tarixli «Kredit Müqaviləsi»ndən görünür ki, Bank Borc alana 6,300 ABŞ dolları məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 31 faiz ödəməyi öhdəsinə götürür. Kredit 24 ay müddətinə verilmişdir. Kredit müqaviləsi üzrə 19 mart 2015-ci il tarixli 01 saylı Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 5963,69 ABŞ dolları təşkil edir və kreditin müddəti 33 ay müəyyən edilir. "xxxx" ASC ilə Zamin1 və Zamin2 arasında bağlanmış 09.01.2015-ci il tarixli «Zaminlik Müqaviləsi»ndən görünür ki, zaminlər bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. "xxxx" ASC ilə Zamin3 Şamil oğlu arasında bağlanmış 09.01.2015-ci il tarixli «Zaminlik Müqaviləsi»ndən görünür ki, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, cavabdehə borcunun ödənilməsi barədə bank tərəfindən pretenziya göndərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirməmişdir. Ona görə də, iddia təmin edilərək borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.06.2021-cu il tarixli 9/4240 №-li rəyinə əsasən, ekspert tədqiqatının nəticəsində 09.01.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 19.12.2017-ci il tarixə - Cavabdeh İddiaçı ASC-yə əsas borc üzrə 4890,64 ABŞ dolları, faiz borcu üzrə 2833,27 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İddia tələbinin cavabdehin borcunu vaxtında qaytarmadığına görə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 255,84 ABŞ dolları zərərin tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.2-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.” Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən, “Pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarına əsasən, “Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, iddia əldən çıxmış faydanın ödənilməsi hissəsində də təmin edilməli, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 255,84 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 4446,75 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsi qismən təmin edilməlidir. Belə ki, Az. Res. Mülki Məcəlləsinin 462.3-cü maddəsinə əsasən Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Kredit Müqaviləsindən irəli gələn əsas kredit borcunun cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 4446,75 ABŞ dolları məbləğində cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 450 ABŞ dolları müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin digər cavabdehlərin hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zaminlər Zamin1, Zamin2 və Zamin3 isə zaminlik müqaviləsinə əsasən kredit üzrə əsas öhdəliyə görə məsuliyyəti öz üzərinə götürdüyü səbəbindən, bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı təqdim etdiyi ərizəyə münasibətdə qeyd edir ki, ekspert rəyindən və ekspertin izahatından da göründüyü kimi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş 19 aprel 2019-cu il tarixdə olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, son ödəniş tarixindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixədək 3 il müddət keçmədiyindən və iddia ərizəsi məhkəməyə iddia müddəti ötürülməməklə verildiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin məhz 15 manat məbləğində hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.01.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 1754,75 ABŞ dolları əsas borc, 2833,27 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 255,84 ABŞ dolları əldən çıxmış fayda və 450 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 5293,86 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin 15 manat məbləğində hissəsi Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada tutulub İddiaçı ASC-yə ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi Ləğv Prosesində Olan İddiaçı ASC-dən, 50 manat hissəsi isə cavabdehlərdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-831/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-831/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver