Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-833/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aliment məbləğinin dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3233/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3233/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2007ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanmaları üçün hər ay qazancının (başa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq alimentin İddiaçı ödənilməsi qət edilmişdir. Lakin aliment məbləğinin ödənilməsində çətinliklər yaranmışdır. Hesab edir ki, hazırki hal uşaqların hüquqlarını kobud surətdə pozur və onların yaxşı şəraitdə böyümələrinə və xərclərinin qarşılanmasına mane olur. Hesab edir ki, aliment məbləği dəyişdirilməli, uşaqlar yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla, 2 uşağa görə 500 manat məbləğində aliment cavabdehdən onun xeyrinə tutulmalıdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddiasını müdafiə etdiyini, onun iştirakı olmadan baxılmasına və yekun qərar qəbul edilməsinə etiraz olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, iddia ərizəsinə etiraz edərək, hal-hazırda 900 manata yaxın əmək haqqı aldığını, onun 1/3 hissəsini aliment ödədiyini, iddiaçının özünün iki iş yeri olduğunu, həmçinin əlavə olaraq uşaq hazırlaşdırmdığından əlavə qazancının da olduğunu bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1308/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3233/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 975706 nömrəli, 31 avqust 2007-ci il tarixli və AZ-İİ 437683 nömrəli, 08 aprel 2010-cu il tarixli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından iki uşaqları var: xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3. İş materiallarında olan Elektron Çıxarışdan görünür ki, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsində, ümumi təhsil məktəbində müəllim vəzifəsində çalışır və aylıq əmək haqqı 1086.67 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3233/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanmaları üçün hər ay qazancının (başa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq alimentin İddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsində, ümumi təhsil məktəbində müəllim vəzifəsində çalışır və aylıq əmək haqqı 1086.67 manat təşkil edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər biri üçün 250 manat olmaqla, ümumilikdə 500 manat aliment tutulmasını xahiş etsə də, hər hansı bir meyara istinad etməklə bu mövqeyini əsaslandırmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı aylıq əmək haqqısı 1086.67 manat təşkil edir, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1308/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilmişdir ki, Cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı CÇM-də baş inspektor vəzifəsində işləyir və (əlavələrlə birlikdə) 1159,95 manat əmək haqqı alır. Məhkəmə qanunvericiliyin tələbini, eləcə də valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, aliment məbləğinin artırılaraq - dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-833/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-833/2023
04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver