Məhkəmə qərarları › İş №2(009)-9/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-9/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-9/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı - Cavabdeh MTK-ya (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı - Cavabdeh MTK-ya qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK-ya artıq ödənilmiş 22.539 (iyirmi iki min beş yüz otuz doqquz) manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, Bakı şəhəri, Xətai rayonu, «Ağ Şəhər» Mərkəzi adlanan ərazisindən yeni tikilidən 3 otaqlı ev almaq qərarına gəlmişdi. Bir iki əraziyə baxdıqdan sonra, Cavabdeh Mənzil Tikinti Kooperativinə müraciət etdi. Cavabdeh Mənzil Tikinti Kooperativin şərtləri və binanın plan sxemi xoşuna gəldiyindən həmin binada ev almaq qərarına gəldi. 17 avqust 2016-cı il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında NQ 60/2-nömrəli müqavilə bağlamaqla, Cavabdeh Mənzil Tikinti Kooperativindən 3 otaqlı, 136 kv.metrdən ibarət olan, Bakı şəhəri, Xətai rayonu, «Ağ şəhər» Mərkəzi bulvar küçəsi, giriş 2, ev 2, mənzil 13-ə dair dəyəri 185.832 (yüz səksən beş min səkkiz yüz otuz iki) manat qiymətləndirməklə, ilkin ödəniş 115.600 (yüz on beş min altı yüz) manat ödəməklə, qalıq pulu isə 16 (on altı) ay müddətində hissə-hissə ödəməsini öz öhdəliyinə götürmüşdü. O ona verilən 16 (on altı) ay müddətdən tez olaraq mənzilə dair ödənişlərini tam ödəyib qurtarmışdı. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən 24 noyabr 2017-ci il tarixli, NQ 28/17 saylı maliyyə arayışından da görünür ki, 13 saylı mənzilin dəyəri olan 185.832 (yüz səksən beş min səkkiz yüz otuz iki) manat onun tərəfindən tam ödənilmişdir. Bir neçə il keçdikdən sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, «Ağ şəhər» Mərkəzi bulvar küçəsi, giriş 2, ev 2, mənzil 13-ə dair xx.xx.2020-ci il tarixli texniki pasport verilmiş, eyni zamanda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixdə çıxarış verilmişdir. Bir müddət keçdikdən sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixdə çıxarışa baxarkən, ümumi sahəsi 119,5 kv.metrlə Cavabdeh Mənzil Tikinti Kooperativinin 17 avqust 2016-cı il tarixli müqaviləsində olan 136 kv.metrdə ziddiyyət yaranmışdır. İddia tələbində irəli sürdüyü Cavabdeh MTK-nin 17 avqust 2016-cı il tarixli, 60/2 nömrəli müqaviləsində 136 kv.metr qeyd edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli çıxarışdan isə açıq aydın görmək olar ki, ümumi sahə 119,5 kv.metr göstərilmişdir. Cözügedən mənzilə dair texniki pasportun sxemindən ümumi sahəsi 119,5 kv.metr təşkil edir. Buna baxmayaraq, o evə mütəxəssiz dəvət edərək mənzilin ümumi sahəsini yenidən ölçdürdü və çıxarışda qeyd olunan 119,5 kv.metr müəyyən edilmişdir. Əgər məbləğə nəzər yetirbksə açıq-aydın müəyyən etmək olar ki, o mənzilin 1 kv.metrinə görə, 1.366 (bir min üç yüz altmış altı) manat, 136 kv.metr üçün isə o 185.832 (yüz səksən beş min səkkiz yüz otuz iki) manat ödəniş etmişdir. Əgər 136 kv.metrdən 119,5 kv.metr çıxsa, 16,5 kv.metrə artıq çıxır. Əgər 1 kv.metri 1.366 (bir min üç yüz altmış altı) manat pulu (x) vursaq 16,5 kv.metrə, onda 22.539 (iyirmi iki min beş yüz otuz doqquz) manat pul edir. Bu da o, deməkdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi 22.539 (iyirmi iki min beş yüz otuz doqquz) manat artıq pul alıb. O, Cavabdeh Mənzil Tikinti Kooperativinə vaxtı ilə artıq 22.539 (iyirmi iki min beş yüz otuz doqquz) manat ödənişin edilməsi ilə bağlı pulun geri qaytarılması üçün xx.xx.2021-ci il tarixdə pretenziya məktubu göndərmişdi. Pretenziya məktubunun məzmununda göstərilmişdir ki, 16.5 kv.metr sahəyə dair 22.539 AZN artıq ödəniş olunmuş pulu geri qaytarılsın. Əgər tərəf 10 gün müddət ərzində ödəniş edilməsə, əks halda pretenziya məktubunu aldığı 10 müddət keçdikdən sonra, qanunvericiliyin tələbinə uyğun olaraq, onların barəsində məhkəməyə iddia tələbi ilə bağlı müraciət olunacaqdır. Lakin, bu günə kimi hər hansı bir ödəniş etməmişdir. Hesab edir ki, onun iddia tələbi tam əsaslı olduğundan təmin edilərək, Cavabdeh Mənzil Tikinti Kooperativinə artıq ödənilmiş 22.539 (iyirmi iki min beş yüz otuz doqquz) manat pulun geri ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Ona görə də, bu işin həll olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ümid edir ki, məhkəmə işin faktiki hallarına nəzər yetirərək, onun xeyrinə müsbət nəticəyə gələcəkdir. Sonradan iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh MTK-ya artıq ödənilmiş 22539 (iyirmi iki min beş yüz otuz doqquz) manat pulun, "xxxx" MMC-yə ödənilmiş 300 (üç yüz) manat ekspertiza xərcinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında onun Cavabdeh Mənzil Tikinti Kooperativinə artıq ödənilmiş 22.539 (iyirmi iki min beş yüz otuz doqquz) manat pulun geri qaytarılması və onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub, ona ödənilməsi tələbinə dair mülki iş vardır. Məhkəmə gedişi zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası "xxxx" MMC-nin 06 dekabr 2021-ci il rixli, 222 saylı rəyinə görə, Azərbaycan Respublikası "xxxx" MMC-yə 300 (üç yüz) manat ekspertiza xərci ödənilmişdir və 08 dekabr 2021-ci il tarixli orderin qəbzi verilmişdir. Ona görə də, hesab edir ki, Azərbaycan Respublikası «"xxxx" MMC-yə 300 (üç yüz) manat ekspertiza xərci ödənilmiş və 08 dekabr 2021-ci il tarixli orderin qəbzi iddia ərizəsinə əlavə olunmalı və həmin məbləğ qətnamə qəbul edilən zaman Cavabdeh Mənzil Tikinti kooperativindən tutulmalıdır. Ona görə də, hesab edir ki, yuxarıda göstərilən səbəblərə görə, o Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən irəli sürdüyü iddia tələbində dəqiqləşdirmə aparmaqda iddianın əsasını və predmetin dəyişməsində haqlıdır. Belə hesab edir ki, yuxarıda göstərilən səbəblərə görə, onun irəli sürdüyü iddia ərizəsinə əlavə tam əsaslı olduğundan təmin olunmalıdır. Hesab edir ki, onun hüquqları tam pozulmuşdur və pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında qorunmalıdır. Ümid edir ki, məhkəmə işin faktiki hallarına nəzər yetirərək, onun xeyrinə müsbət nəticəyə gələcəkdir. Etirazın dəlilləri: Cavabdehin nümayəndəsi Vəkil1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır və aşağıda göstərilən səbəblərə görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı ərizəsində qeyd etmişdir ki, o, cavabdehlə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 60/2 nömrəli müqavilə əsasında satılmış mənzilə görə artıq pul ödəmişdir. Çünki mənzilin müqavilədə göstərilən sahəsi mənzilə verilən xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışda göstərilən sahədən 16.5 kv.metr artıq olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, müqavilədəki və çıxarışdakı sahələr arasında fərq onların müxtəlif üsullarla hesablanması nəticəsində yaranmışdır. Belə ki, mənzilin çıxarışında göstərilən sahə (119.5 kv metr) ümumiyyətlə yanlış hesablanmış, çünki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki espertizasının xx.xx.2021-ci il tarixli 10/3428 nömrəli rəyinə əsasən, mənzilin həm faktiki sahəsi, həm də müvafiq qaydalarla nəzərdə tutulan azalma əmsalları tətbiq edilməklə müəyyən edilmiş sahəsi daha çıxarışda göstəriləndən daha böyükdür. Ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları "nın 3.8-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr daxil edilmir, həmçinin balkonların sahəsinə azaltma əmsalı tətbiq edilir. Halbuki, müqavilə bağlanarkən mənzilin ümumi faktiki sahəsi (136 kv metr) əsas götürülmüşdür. Yəni, bütün divarlar və arakəsmələr də ümumi sahəyə daxil edilmiş, balkonlara isə azalma əmsalı tətbiq olunmamışdır. Nəticədə mənzilin ümumi sahəsi müqavilənin 2.1-ci bəndində 136 kv. metr kimi müəyyən edilmişdir. Ekspert rəyi də təsdiq edir ki, müqavilədə göstərilən sahə ilə şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri nəzərə alınmaqla hesablanmış sahə arasında fərqin yaranması hesablama aparılarkən nəzərə alınmayan sahələr (divarlar, arakəsmə divarlar, azalma əmsallarının tətbiq olunması və s.) ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə dair mülahizəsində bildirmişdir ki, iddia ərizəsi əsassızdır və aşağıda göstərilən səbəblərə görə məhkəmə tərəfindən təmin edilməməlidir. iddiaçı Ərizəsində qeyd etmişdir ki, o, Cavabdehlə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 60/2 nömrəli müqavilə əsasında satılmış mənzilə görə artıq pul ödəmişdir. Çünki mənzilin müqavilədə göstərilən sahəsi mənzilə verilən xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışda göstərilən sahədən 16.5 kv. metr artıq olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, müqavilədəki və çıxarışdakı sahələr arasında fərq onların müxtəlif üsullarla hesablanması nəticəsində yaranmışdır. Belə ki, mənzilin çıxarışda göstərilən sahəsi (119.5 kv metr) şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri nəzərə alınmaqla hesablanmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/3428 nömrəli rəyindən (bundan sonra - "Ekspert rəyi") görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012ci il tarixli 7 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları"nın 3.8-ci bəndinə3 əsasən mənzilin ümumi sahəsinə bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr daxil edilmir, həmçinin balkonların sahəsinə azaltma əmsalı tətbiq edilir. Halbuki müqavilə bağlanarkən mənzilin faktiki sahəsi (136 kv metr) əsas götürülmüşdür. Yəni bütün divarlar və arakəsmələr də ümumi sahəyə daxil edilmiş, balkonlara isə azaltma əmsalı tətbiq olunmamışdır. Nəticədə mənzilin ümumi sahəsi müqavilənin 2.1-ci bəndində 136 kv. metr kimi müəyyən edilmişdir. Ekspert rəyi də təsdiq edir ki, müqavilədə göstərilən sahə ilə şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri nəzərə alınmaqla hesablanmış sahə arasında fərqin yaranması hesablama aparılarkən nəzərə alınmayan sahələr (divarlar, arakəsmə divarlar, azalma əmsallarının tətbiq olunması və s.) ilə əlaqədar olmuşdur. Müqavilədə İddiaçıya faktiki sahəsi 136 kv. metr olan mənzil satılması nəzərdə tutulmuşdur. Buna görə də, məhkəmə nəzərə almalıdır ki, müqavilənin 2.1-ci bəndində mənzilin ümumi sahəsi göstərilərkən onun faktiki sahəsi nəzərdə tutulmuşdur. Hətta Dövlət Baş Ekspertizası tərəfindən razılaşdırılan "Ağ şəhər" "Yaşıl Ada" rayonu Tikinti sahələri GH-002; GH-003 layihə sənədlərindən də görünür ki, Bina B, 2-4-cü mərtəbələrdəki 3 otaqlı mənzilin sahəsi 134.64 kv. metr, arakəsmə altı 2.55 kv. metr olmaqla cəmi faktiki sahə 137.19 kv. metr təşkil edir, (layihə sənədləri iş materiallarında mövcuddur). Bu isə o deməkdir ki, İddiaçı "Ağ şəhər" "Yaşıl Ada" rayonunda Cavabdehə məxsus Bina B, 2-ci mərtəbədəki 3 otaqlı mənzili alarkən müqavilənin faktiki sahəsinin 136 kv. metr deyil, hətta bir qədər artıq olmaqla 137.19 kv. metr olduğunu bilirdi və həmin faktiki sahəni almaq barədə razılaşmışdır. Bununla yanaşı, bildiririk ki, tərəflər müqavilə azadlığı prinsipindən irəli gələrək müqavilənin şərtlərini öz istədikləri kimi müəyyən etməkdə azaddırlar. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Odur ki, müqavilənin şərtlərində mənzilin faktiki sahəsinin mənzilin ümumi sahəsi kimi göstərilməsi müqavilə azadlığı prinsipi baxımından da qanunauyğundur, heç bir pozuntuya yol verilməmişdir. Həmçinin iddiaçı müqavilə bağlanarkən layihə sənədləri ilə, müqavilə bağlandıqdan sonra isə müqavilənin 3.1-ci bəndinin 3-cü abzasına uyğun olaraq hər mərhələdə tikinti planı ilə tanış edildiyi üçün onun da müqavilədə mənzilin sahəsinin faktiki sahə olaraq nəzərdə tutulduğundan xəbəri olmuş və bununla razılaşaraq müqaviləni imzalamışdır. Odur ki, yuxarıda göstərilənlərdən aydm olur ki, Cavabdeh müqavilənin şərtlərini pozmamış, İddiaçıya müqavilə bağlanarkən öhdəsinə götürdüyü kimi faktiki sahəsi 136 kv. metr olan mənzil təhvil vermişdir. Buna görə də, hazırda İddiaçı çıxarışda göstərilən sahəyə istinad edərək müqavilə üzrə ödədiyi pulları tələb etməkdə haqlı deyil. İddia Ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin ərizə verərək iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehə ilə arasında bağlanmış 17 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən artıq ödənilmiş 22.539 (iyirmi iki min beş yüz otuz doqquz) manat pul məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Həmin iş üzrə xx.xx.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı bildirmişdir ki, 2018-ci ildə Cavabdehdən aldığı Bakı şəhəri, "Ağ şəhər" Mərkəzi Bulvar küçəsi giriş 2, 2 saylı evin 13-cü mənzili təmir etdirərkən usta mənzilin sahəsini ölçərək 120 kv. metr olmasını ona bildirmişdir. Bu onu göstərir ki, 2018-ci ildə mənzilin sahəsinin Müqavilədə göstərilən kimi 136 kv. metr olmadığı İddiaçıya artıq məlum olmuşdur. İddiaçının iddiasından görünür ki, o, Cavabdehin müqavilə əsası olmadan varlandığını və mənzilin Müqavilədə təsvir edilən sahəsi ilə dövlət standartlarına uyğun hesablanmış sahə arasındakı fərqin dəyərinin ona ödənilməli olduğunu iddia edir. Bu isə iddianın mahiyyət etibarilə müqavilə əsası olmadan varlanmaya, yəni əsassız varlanmaya istinad etdiyini göstərir. 9. İşin faktiki hallarından görünür ki, 2018-ci ildə mənzilin sahəsinin Müqavilədə göstərilən kimi 136 kv. metr olmadığı İddiaçıya artıq məlum olmuşdur və bu da onun iddiasma görə hüququnun pozulduğunu 2018-ci ildə bildiyini təsdiq edir. Həmin müddətdən isə artıq 2 il müddət keçdiyindən İddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ müddətin keçməsinə görə qüvvədən düşmüş hesab edilməli və iddiadan imtina barəsində qərar çıxarılmalıdır. İddia müddətinin keçməsinə görə iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iddia tələbinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq, sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh MTK-nin 60/2 nömrəli, 17 avqust 2016-cı il tarixli müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 4-cü bəndinə əsasən, 4.1 Müqavilədə göstərilən mənzilin dəyəri hər 1 m2 üçün 1366 AZN olmaqla cəmi 185832 AZN məbləğində qiymətləndirilir. 4.2 Müqavilənin 4.1-bəndində göstərilən məbləğin 115.600 AZN müqavilə bağlanan anda “Alıcı” tərəfindən ödənilməlidir. Qalan məbləğ 16 ay ərzində “Alıcı” tərəfindən bərabər hissələrə bölünərək, bu Müqavilədə göstərilən qrafıkə uyğun olaraq hər ayın 1-dən 5-dək tam ödənilməlidir. - Cavabdeh MTK-nin 24 noyabr 2017-ci il tarixli 28/17 saylı maliyyə arayışından görünür ki, Azfar MTK tərəfindən Bakı Ağ Şəhər, Yaşıl Ada rayonu, GH-002/003 plotunda inşa olunan 6 mərtəbəli binanın 2-ci blok, 2-ci mərtəbəsində yerləşən və sahəsi 136 kv2 metr olan İddiaçı məxsus 13 saylı mənzilin dəyəri 185 832 (yüz səksən beş min səkkiz yüz otuz iki) AZN tam ödənilmişdir. - Cavabdeh MTK-nin 25 avqust 2017-ci il tarixli 21/17 saylı maliyyə arayışından görünür ki, Azfar MTK tərəfindən Bakı Ağ Şəhər, Yaşıl Ada rayonu, GH-002/003 plotunda inşa olunan 6 mərtəbəli binanın Qeyri yaşayış sahəsi zirzəmi mərtəbəsi 1-də, olan İddiaçı məxsus 41 saylı qarajın dəyəri 22.000 (iyirmi iki min) AZN tam ödənilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 1 ünvanının hüquqi sahibi İddiaçıdur. - xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, 16.5 kv.metr sahəyə dair 22.539 AZN artıq ödəniş olunmuş məbləğ geri qaytarılsın. Əgər tərəf 10 gün müddət ərzində ödəniş edilməsə, əks halda pretenziya məktubunu aldığı 10 gün müddət keçdikdən sonra, qanunvericiliyin tələbinə uyğun olaraq, onların barəsində məhkəməyə iddia tələbi ilə bağlı müraciət olunacaqdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(009)-1499/2021 saylı qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/3428 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi Bulvar küçəsi, giriş 2, 2 saylı evin 13 saylı mənzilinin yerləşdiyi sahənin ölçüləri və hüdudları müəyyən edilmiş və həmin 13 saylı mənzilin faktiki sahəsi 132,95 kv.m., Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalan”nın tələbləri nəzərə alınmaqla ümumi sahəsi 124,8 kv.m təşkil edir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi Bulvar küçəsi, giriş 2, 2 saylı evin 13 saylı mənzili ilə hazırda həmin ünvanda və sahədə yerləşən mənzilin hüdudları üst-üstə düşür, lakin faktiki sahəsinin ölçüləri ilə üst-üstə düşmür. -Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən 136.0 kv.m ilə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi Bulvar küçəsi, giriş 2, 2 saylı evin 13 saylı mənzili ilə həmin mənzilin faktiki sahəsinin 132.95 kv.m ölçüləri arasında 3.05 kv.m fərq mövcuddur. Lakin Əlavə söküntü tikinti işləri aparıldığından mənzilin müqavilə ilə faktiki sahəsinin ölçüləri arasında fərq hansı hissələrində olamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsində mənzilin sahəsi 136,0 kv.m və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla mənzilin ümumi sahəsi 124,8 kv.m olduğu müəyyən olunmuşdur. 17 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsində göstərilən (136,0 kv.m) sahə ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarına əsasən mənzilin sahəsi (124,8 kv.m) arasında fərqin yaranmasının səbəbi “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları” və digər əlaqəli qanunlarda nəzərdə tutulmuş mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınmayan sahələr (divarlar, arakəsmə divarlar, azalma əmsallarının tətbiq olunması və.s) olduğu müəyyən olunur. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 dekabr 2022-cü il tarixli, 2(009)-9/2023 saylı qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/6472 nömrəli ekspert rəyinə əsasən, Baxış zamanı təqdim edilən Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” Mərkəzi Bulvar küçəsi, giriş 2, 2 saylı evin 13 saylı mənzilin faktiki sahəsinin (bayır və ara divarlarının, şaxtaların, sütunların, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan) 131,8 kv.m təşkil etdiyi müəyyən edilir. Həmin mənzilin bayır və ara divarlarının, şaxtaların, sütunların, habelə məhəccərlərin yerləşdiyi sahələr də nəzərə alınmaqla hesablanmış sahəsinin 147,3 kv.m təşkil etdiyi müəyyən edilir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsində ölçülər göstərilmədiyindən və müqaviləyə mənzilin sxemi əlavə edilmədiyindən müqavilədə göstərilən Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi Bulvar küçəsi, giriş 2, 2 saylı evin 13 saylı mənzil ilə hazırda həmin ünvanda və sahədə yerləşən mənzilin faktiki sahəsinin ölçüləri və hüdudlarının eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı təqdim edilən Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” Mərkəz Bulvar küçəsi, giriş 2, 2 saylı evin 13 saylı mənzilin faktiki sahəsinin (131,8 kv.m) Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsində qeyd olunan sahədən (136,0kv.m) 4,2 kv.m az olduğu, həmin mənzilin bayır və ara divarlarının, şaxtaların, sütunların, habelə məhəccərlərin yerləşdiyi sahələr də nəzərə alınmaqla hesablanmış sahəsinin (147,3 kv.m) isə 17 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsində qeyd olunan sahədən (136,0 kv.m) 11,3 kv.m çox olduğu müəyyən edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(009)-9/2023 saylı qərardadı əsasında əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/3428 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh MTK-ya məxsus binanın eskiz layihəsində 2-4-cü mərtəbələrin razılaşdırılmış planında Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17 avqust 2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” Mərkəzi Bulvar küçəsi, giriş 2, 2 saylı evin 13 saylı mənzilin arakəsmə divarlarının sahəsinin 2,55 m2 göstərilməsini nəzərə alaraq, həmin mənzilin (binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmamaqla, lakin binanın eskiz layihəsində göstərilmiş ara divarların yerləşdiyi sahələrarakəsmə altı hesablanmaqla içdən-içə) faktiki sahəsinin 134,35 m2 (131,8 m2+2,55 m2) olması müəyyən edilmişdir. Qeyd olunur ki, Eskiz layihəsində arakəsmə divarları 0,10 m qalınlıqda göstərilsə də, faktiki vəziyyətdə arakəsmə divarları 0,15 m təşkil edir və həmin mənzilin faktiki vəziyyətdə mövcud olan ara divarların yerləşdiyi sahələr-arakəsmə altı hesablanmaqla içdən-içə faktiki sahəsinin 135,6m2 (131,8m2+3,8m2) olması müəyyən edilmişdir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17 avqust 2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən müqavilədə göstərilən, iddiaçının faktki istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi Bulvar küçəsi, giriş 2, 2 saylı evin 13 saylı mənzilin faktiki sahəsinin ölçülərinin və hüdudlarının həmin mənzilin binanın eskiz layihə sənədlərində (iş materiallarına əlavə olunmuşdur) göstərilən 3 otaqlı mənzilin ölçüləri və hüdudları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. - Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2021-ci tarixli 222 saylı mütəxəssis rəyinə əsasən, Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları Azərbaycan Respublikasının şəhəarsalma və tikinti məcəlləsi ilə tərnimlənir. Həmin məcəllənin 59-cu fəslində Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları aşağıdakı maddələrdə göstərilir: Maddə 59. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şjşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3.Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının Ns7 saylı 04 dekabr 2012-ci il tarixli 2-ci və 3.8 bəndində göstərilir; 2.Balkon -fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; Eyvan -binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya sjşələnmiş yerləşgədir. 3.8. - bəndində isə mənzilin ümumi sahəsi-yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx , dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzilin ümumri sahəsi hesablanarkən balkon və terasların sahələri-0.3; şüşəbənd və lociyalar-0.5 eyvanlar (verandalar) -1.2 azaltma əmsallarına vurulmaqla hesablanır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Mərkəzi Bulvar küçəsində yerləşən 2 saylı evin, 13 saylı mənzilin Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu mədəsinin 2-ci və 3-cü bəndinin tələblərinə uyğun olaraq faktiki ümumi sahəsinin 119.4 kv.m.olduğu müəyyən edilir. Bakı şəhəri, Xətai rayonu, Mərkəzi Bulvar küçəsində yerləşən 2 saylı evin, 13 saylı mənzilinin faktiki ümumi sahəsinin 119.4 kv.m.olduğunu, 17 avqust 2016-cı il tarixli, 60/2 saylı müqavilədə isə həmin mənzilin ümumi sahəsinin 136 kv.m göstərildiyini nəzərə alaraq, tədqiq olunan mənzilin faktiki ümumi sahəsinin 17 avqust 2016-cı il tarixli, 60/2 saylı müqavilədə göstərilən 136.0 kv.m sahə ilə üst-üstə düşmədiyi, eləcə də faktiki sahənin müqavilədə göstərilən sahədən 16.6 kv.m (136.0- 119.4) az təşkil etdiyi müəyyən edilir. Məhkəmə iclasında dindirilmiş ekspert X2 tərtib etdiyi rəyi müdafiə edərək göstərmişdir ki, yerində müayinə apararaq uyğunsuzluqla bağlı çatışmamazlığı rəydə göstərmişdir. X3 rəyində sxemə əsasən divarın əyriliyi müəyyən edilib. Çıxarışda göstərilən sahə əmsallar nəzərə alınmaqla hesablanmışdır. Ekspert rəyində isə qərardadda qoyulmuş suallara əsasən faktiki sahə ölçülməklə göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Cavabdeh şirkətində direktor vəzifəsində işləyir, əvvəllər Cavabdeh MTK-da satış meneceri vəzifəsində işləyirdi. İddiaçı həyat yoldaşı ilə ofisə gəlmiş, onlara binanın eskiz layihəsi təqdim edildi və mənzil təklif edildi, qiymətlə razılaşdılar, 133 kv.m. sahəsi olan mənzillə tanış oldular. Bir ay sonra gəlib bildirdilər ki, həmin mənzili almaq fikirlərini dəyişdilər, çünki mətbəx hissəsində divarın layihəsində əyrilik var. Daha sonra onlarla mənzil seçimi ilə bağlı razılıq əldə edildi. Bundan sonra iş üzrə iddiaçı mühəndislə dəfələrlə sahəni ölçüb. Sahə problemi olsa idi, onda təmirə başlamazdılar. Çıxarışı alandan sonra İddiaçı onu dəvət edib bildirdi ki, faktiki olaraq 119 kv. m. təşkil edir. Bildirdi ki, balkon sahəsi otuz faizlə hesablanır və arakəsmələr hesablanmır. Tək iddiaçının mənzilində yox, bütün mənzillərdə bu nəzərdə tutulub və hamıya çıxarışla bağlı məlumat veririlir. Tərəfə bildirilmişdi ki, mənzili 136 kv. metr sahəsi ilə satılsa da, sahə faktiki olaraq 137 kv. metr təşkil edir. Ümumi sahə arakəsmələr, şaxta, divarlar və istinad divarlar nəzərə alınmaqla müəyyən edilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qaydalarına əsasən eyvan, arakəsmələr ölçü ilə aparılır. Şahid ifadəsində daha sonra əlavə etmişdir ki, eskiz layihəni tərəfə təqdim edib mənzili təklif etmişlər. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MTK ilə 60/2 nömrəli, 17 avqust 2016-cı il tarixli müqavilə bağlayaraq MTK tərəfindən Bakı Ağ Şəhər, Yaşıl Ada rayonu, GH-002/003 plotunda inşa olunan 6 mərtəbəli binanın 2-ci blok, 2-ci mərtəbəsində yerləşən və sahəsi 136 kv.metr olan 13 saylı mənzil onun dəyəri olan 185.832 (yüz səksən beş min səkkiz yüz otuz iki) AZN-i xx.xx.2017-ci il tarixə kimi tam ödəməklə əldə etmiş, mənzil xx.xx.2020-ci ildə onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mulkiyət hüququ əsasında qeydə alınmışdır. Sözügedən çıxarışda mənzilin ümumi sahəsi 119,5 kv.m göstərilmişdir. Hazırki mübahisə ondan ibarətdir ki, iddiaçı qeyd edilən çıxarışı aldıqdan sonra orada göstərilən mənzilin ümumi sahəsi 119,5 kv.metrlə Cavabdeh Mənzil Tikinti Kooperativinin 17 avqust 2016-cı il tarixli müqaviləsində olan 136 kv.metr sahə arasında ziddiyyət yaranmış və iddiaçı yaranmış fərqə görə cavabdehin ondan 1 kv.metr üçün ödənilmiş 1.366 manat nəzərə alınmaqla 16,5 kv.metr üçün 22.539 manat artıq pul aldığını iddia edərək pulun geri qaytarmasını tələb edir. Cavabdeh tərəf isə iddianı qəbul etməyrək mənzilin çıxarışında göstərilən sahənin (119.5 kv metr) ümumiyyətlə yanlış hesablanmasını, müqavilə bağlanarkən mənzilin ümumi faktiki sahəsinin (136 kv metr) əsas götürülməsini, yəni bütün divarlar və arakəsmələrin də ümumi sahəyə daxil edilməsini, balkonlara isə azalma əmsalı tətbiq olunmamasını, eləcə də, 2018-ci ildə mənzilin sahəsinin Müqavilədə göstərilən kimi 136 kv. metr olmadığı iddiaçıya artıq məlum olduğu üçün iddia müddətinin keçməsinə görə iddianın əsassız olmasını göstərmişdir. İddiaçı tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə istinad etsə də, işin materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən müqavilə münasibətlərinə, onun şərtlərinə uyğun olan podrat müqaviləsinin tələblərinə (mənzilin sahələrinin düzgün göstərilməməsi) tam riayət edilməməsinə görə pul tələb etdiyi üçün, həmçinin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi faktiki olaraq bir növ podrat müqaviləsi üzrə qurulmuş münasibətləri tənzimlədiyindən, məhkəmə hesab edir ki, tələbin əsaslılığına aşağıdakı maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. - 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. - 578.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 59.1-ci maddəsində qeyd edilmişdir ki, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. - 59.3-cü bəndinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhərrəclərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın(buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Hazırki iş üzrə mübahisənin obyektiv və qanuni həlli baxımından iş üzrə dəfələrlə ekspetizalar keçirilmiş və sonuncu rəydə Cavabdeh MTK-ya məxsus binanın eskiz layihəsində 2-4-cü mərtəbələrin razılaşdırılmış planında Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” Mərkəzi Bulvar küçəsi, giriş 2, 2 saylı evin 13 saylı mənzilin arakəsmə divarlarının sahəsinin 2,55 m2 göstərilməsini nəzərə alaraq, həmin mənzilin (binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmamaqla, lakin binanın eskiz layihəsində göstərilmiş ara divarların yerləşdiyi sahələr- arakəsmə altı hesablanmaqla içdən-içə) faktiki sahəsinin 134,35m2 (131,8m2+2,55m2) olması müəyyən edilmişdir. Həmçinin rəydə qeyd olunmuşdur ki, eskiz layihədə arakəsmə divarları 0,10 m qalınlıqda göstərilsə də, faktiki vəziyyətdə arakəsmə divarları 0,15 m təşkil edir və həmin mənzilin faktiki vəziyyətdə mövcud olan ara divarların yerləşdiyi sahələr-arakəsmə altı hesablanmaqla içdən-içə faktiki sahəsinin 135,6m2 (131,8m2+3,8m2) olması müəyyən edilmişdir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17 avqust 2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən müqavilədə göstərilən, iddiaçının faktiki istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi Bulvar küçəsi, giriş 2, 2 saylı evin 13 saylı mənzilin faktiki sahəsinin ölçülərinin və hüdudlarının həmin mənzilin binanın eskiz layihə sənədlərində (iş materiallarına əlavə olunmuşdur) göstərilən 3 otaqlı mənzilin ölçüləri və hüdudları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə ekspert rəy ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə hesab edir ki, sonuncu ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Məhkəmə ekspert rəyinə işin digər halları ilə birlikdə qiymət verməkdə davam edərək hesab edir ki, iddiaçı mübahisəli mənzili 2016-cı ildə əldə edərkən ona mənzilin yerləşdiyi binanın plan-eskizini göstərilməsini inkar etməmişdir və məhkəmə bununla bağlı cavabdeh tərəfin dəlillərini tam inandırıcı sayır. Belə ki, iş materiallarında olan Cavabdeh MTK-ya məxsus binanın eskiz layihəsində 2-4-cü mərtəbələrin razılaşdırılmış planından görünür ki, həmin mərtələbələr bir ədəd 4 otaqlı, 2 ədəd 3 otaqlı (3 və 3a) və iki ədəd 2 otaqlı ( 2 və 2 A) mənzillərdən ibarətdir. Həmin planda mənzilin daxilində olan arakəsmə divarların qalınlığı 0,1m qalınlığında göstərilməklə üç otaqlı 134,64 kv.m olan 3 saylı mənzildə arakəsmə divarlarının sahəsi 2,55 kv.m, üç otaqlı 110,16 kv.m olan 3A saylı mənzildə arakəsmə divarlarının sahəsi 2,28 kv.m göstərilmişdir. Tədqiqat obyektinə baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunan mənzildir dəhliz, bir sanitar qovşağı, bir mətbəx, üç yaşayış otağı, və iki balkon tikililərindən ibarətir. Mənzil faktiki vəziyyətdə təmirli şəkildədir. Mənzlin daxili arakəsmə divarları 0,15 m qalınlıqda, kənar divarları (fasad) 0,4 metr qalınlıqda inşa edilmişdir. (Göstərilənlər ekspert rəyində əks edilmişdir) Həmçinin rəyə əsasən baxış zamanı tədqiq olunmuş mənzildə olan ayrı-ayrı tikililərin ölçülərinin ümumlikdə 131,8 kv.m olması qeyd edilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri üzrə dəlilləri həm də şahid ifadəsi ilə də təkzib edilir. Belə ki, hazırda MTK-nın direktoru vəzifəsində işləyən şahid Ş.İ.Məmmədov İddiaçı mənzili alan dövrdə həmin MTK-da satış meneceri işləməklə ifadəsində mübahisəli mənzilin hansı qaydada iddiaçı tərəfindən alınmasına dair ətraflı ifadə vermişdir. Məhkəmə qeyd edilən şahid ifadəsini mötəbər sübut kimi qiymətləndirir. Hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Həmçinin şahid MTK ilə idiaçı arasında mənzilin alınması ilə bağlı onun sahəsi barədə məlumatlı olmasına dair halları aydın və müfəssəl təsvir etmiş, verdiyi ifadə cavabdehin izahatının dəlilləri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Göstərilən hallar və verdiyi məlumatların şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olması şahid ifadəsinin mötəbər olmasına dəlalət edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin rəy və şahid ifadəsinin məzmununda göstərilənlərin əsassız olmasına dair heç bir sübut təqdim etməmişdir, işin araşdırılması zamanı təqdim edilən və toplanmış sübutlar iddiaçının irəli sürdüyü arqumentlərin əsassız olmasına dəlalət edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, «Ağ şəhər» Mərkəzi bulvar küçəsi, giriş 2, ev 2, mənzil 13-ə dair xx.xx.2020-ci il tarixli texniki pasport və eyni zamanda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixdə çıxarışda mənzilin ümumi sahəsinin 119,5 kv.metr göstərilməsi, cavabdeh tərəfindən iddiaçıdan 16,5 kv.metr fərqə görə onda 22.539 (iyirmi iki min beş yüz otuz doqquz) manat pul tutulması üçün hüquqi əsas yaratmır. Belə ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, başqa sözlə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərə şamil edildiyi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçının mənzilinin faktiki vəziyyətdə mövcud olan ara divarların yerləşdiyi sahələr-arakəsmə altı hesablanmaqla içdən-içə faktiki sahəsinin 135,6 m2 (131,8m2+3,8m2) olmasının müəyyən edilməsi mənzil alındıqdan sonra aparılmış təmir tikinti işləri ilə bağlıdır. İddiaçının mübahisəli mənzili əldə edərkən eskiz layihə ilə tanış olması mübahisəsizdir və bu tanışlıq zamanı mənzilinin sahəsinin 136 kv.m-dən az olmaması ona məlum idi. İddiaçı eskiz layihədə göstərilən sahəni nəzərə almaqla mənzilin sahəsinə görə cavabdehə pul ödəməklə əldə etməsi ilə bağlı sərbəst və könüllü qaydada müqavilə bağlamış, həmin müqavilə ləğv edilməmiş və ya etibarsız sayılmamışdır. Məhkəmənin qənaətinə görə, iddiaçının Cavabdeh Mənzil Tikinti Kooperativi 22.539 (iyirmi iki min beş yüz otuz doqquz) manat artıq pul almasına dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və buna görə də iddia tələbi əsaslı hesab edilə bilməz. Qeyd edilən hissədə məhkəmə iddianın əsassız olması nəticəsinə gəldiyindən "xxxx" MMC-yə ödənilmiş 300 (üç yüz) manat ekspertiza xərcinin cavabdehdən tutulmasına aid hissədə də məhkəmə iddianı əsassız hesab edir. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddia sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. İşə əlavə edilmiş Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə xərcinə aid edilən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri (100+50+50) ümumilikdə 200 (iki yüz) manat məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat iddiaçıdan tutularaq həmin qurumun hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı - Cavabdeh MTK-ya (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması və s.” tələbinə dair iddiası təmin edilməməli, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat iddiaçıdan tutularaq həmin qurumun hesabına köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh MTK-ya (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması və.s” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X1 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM 2 saylı əlavəyə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar