Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-909/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1128/2012 saylı, 05.04.2012-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 31 iyul 2007-ci il təvəllüdlü övladları Tamillanın yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 90 manat alimentin tutulması qərara alınmışdır. İcra sənədi icra olunması üçün Səbail rayon İcra Şöbəsinə göndərilmiş və Səbail rayon İcra Şöbəsində icra sənədi üzrə 14.05.2012-ci il tarixli qərarla icraata başlanılmışdır. Cavabdehlə aralarında qarşılıqlı razılıq olduğundan, yəni borcunu vaxtı vaxtı ödəməyə söz verdiyindən, icra sənədi üzrə icraata xitam verilməsinə dair Səbail rayon İcra Şöbəsinə ərizə ilə müraciət etmişdir. Səbail rayon İcra Şöbəsinin 06.11.2012-ci il tarixli təqdimatına əsasən icraata xitam verilməsinə dair təqdimat tərtib edilərək qeyd olunan icra sənədi məhkəməyə geri qaytarılmışdır. Lakin müəyyən vaxt keçdikdən sonra cavabdeh alimenti ödəməkdən yayınmağa başlamışdır. Bir müddət o, hər şeyin yaxşı olacağı ümidi ilə səbr etmişdir. Lakin uşaq böyüdükcə tələbatları da çoxalır. Cavabdeh uşağa qarşı çox soyuqqanlı yanaşır, ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Maddi vəziyyəti çox çətindir. Himayəsində yetkinlik yaşına çatmayan övladı və xəstə valideyini var, 31 mart 2007-ci il təvəllüdlü övladları Tamilla orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh 31 iyul 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdeh uşağa təyin olunmuş 90 manat alimenti keçən ilin aprel ayına qədər mütəmadi ödəmiş, lakin həmin müddətdən sonra aliment ödəməkdən imtina etmişdir. Bu səbəbdən o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Səbail rayon VVADQ şöbəsi tərəfindən 06.10.2007-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X2 31.07.2007-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r. İş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1128/2012 saylı, 05.04.2012-ci il tarixli qətnamənin surətindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 may 2009-cu il tarixli 2(007)-989/2009 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 31 iyul 2007-ci il təvəllüdlü X1 həddi buluğa çatana kimi saxlanması üçün aylıq qazancının 1/4 hissəsində və sabit pul məbləğində 34 manat miqdarında tutulan alimentin artırılması, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 mart 2012-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 90 manat sabit məbləğində aliment alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 10.10.2010-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05.10.2010-cu ildə 289 No ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Məmmədova soyadı verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan 31.07.2007-ci il təvəllüdlü Tamilla adlı uşağı var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmişdir və aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Nizami rayon Məhkəməsinin 05.04.2012-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün iddiaçının xeyrinə 90 manat məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh aliment ödənişini uzun müddət həyata keçirsə də, bir il olar ki, alimenti ödəməkdən yayınmağa başlamışdır. Məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən olunan aliment miqdarı, yəni 90 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 193 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə əsaslı hesab edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1128/2012 saylı, 05.04.2012-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği 90 manatdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27.07.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyən edilməsini, cavabdehin rəsmi işləyərək müntəzəm əmək haqqı alması barədə sübutarın mövcud olmamasını, “Elektron məhkəmə informasiya sistemi”ndə də əmək münasibətlərində olmasının təsdiq edən məlumat mövcud olmadığını nəzərə alaraq hesab edir ki, artırılacaq aliment məbləği sabit pul şəkilində müəyyən edilməli, aliment məbləğinin artırılması barədə iddia təmin edilməli və cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan sabit pul şəklində aliment 193 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 193 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2316 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 43 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 31.07.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1128/2012 saylı, 05.04.2012-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 193 (yüz doxsan üç) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 43 (qırx üç manat) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev