Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-91/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına dəymiş zərərin əvəzi kimi darvazaya görə 1200 manat, qalan təmir işləri üçün 500 manat, ümumilikdə 1700 manat məbləğində pulun, əlavə olaraq ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 fevral 2023-cü il tarixdə, təxminən səhər saat 11 radələrində, İddiaçı Quba rayonu Kupçalı kəndi ərazisində yerləşən əmlakı ilə Azərbaycan Sənaye Sığorta ASC də "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" PSS********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış "HYUNDAİ Tucson" markalı, 40BU022 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Baş verən hadisə nəticəsində əmlakına ziyan dəymişdir. Sığorta şirkəti ilk baxış zamanı dəyən zərərin həcmini 400 manat hesablamış, daha sonra etirazını bildirdikdə 500 manat müəyyən etmişdir. Lakin o yenə də narazı olduğumu bildirdiyi üçün dəymiş olan ziyanın miqdarının daha dəqiq müəyyən etmək məqsədilə müstəqil ekspert çağırılmışdır. Qeyd etmək istərdi ki, ekspert X4 rayonuna aparılıb-gətirmə yol xərclərini o qarşılamışdır. Çağırılmış Ekspert isə xx.xx.2023ci il tarixli Əmlaka dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktında ona dəyən ziyanın həcmini 558 manat müəyyən etmişdir. Belə ki, ziyanın aradan qaldırılması üçün materiallara 108 manat, işlərin görülməsi üçün isə işçilərə ümümi 450 manat, ümumi olaraq 558 manat pul məbləği hesablamışdır. Lakin əlavə olaraq ekspert E.Allahverdiyev bunları hesablayarkən zədələnmiş dəmir darvazanın sexə aparılaraq yenilənməli olduğunun və ümumi boyama işlərinin aparılmasının zəruri olduğunu qeyd edib. Diqqətə çatdırmaq istəyir ki, həmin darvazanı o, 2018-ci ildə 1200 manat qiymətinə almışdır. Darvazanı alarkən o tamamilə təzə olub. Rekonstruksiya olmuş qapı olmayıb. Toqquşma nəticəsində darvazaya ciddi ziyan dəymişdir. Bundan əlavə də, hörgü divarının təxminən 5 m3 uçmuş, 5 m3 hörgüsü isə əyilmişdir. Ekspert isə ekspert rəyində bunu nəzərə almamış, sadəcə uçan hissəni nəzərə almışdır. Sığorta şirkəti tərəfindən dəfələrlə ona onlarla razılaşdığı barədə sənədlərə imza atmasını istəsələr də, dəymiş zərərin ödənilməsi üçün müəyyən olunmuş məbləğlə razı olmadığı üçün imzalamayıb və Sığorta şirrkəti tərəfindən təklif edilən sığorta ödənişini qəbul etməmişdir. Belə ki, sığorta şirkətinin təkİif etdiyi məbləğ nə hörgünün dəyəri, nə də qapının dəyərinə bərabər deyildir. Odur ki, sözügedən məsələni "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə razılaşma qaydasında həll edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələblərinə uyğun izahat verərək, tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələblərin qismən qəbul edərək izahatında bildirmişdir ki, iddia tələbini qismən, yəni zərər məbləğini iddiaçının seçiminə əsasən müəyyən edən müstəqil sığorta eksperti Elçin Allahverdiyevin ekspert rəyinə uyğun olaraq 558 manat məbləğində qəbul edirlər. Cəmiyyətlərinə xx.xx.2022-ci tarixli PSS********** №-li "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Hyundai Tucson” markalı, 40BU022 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə Quba rayonu Küpçal kəndi ərazisində iddiaçına məxsus əmlakla (hasar və darvaza) toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi barədə 14 fevral 2023-cü il tarixli müraciət daxil olmuşdur. Məlumat alındıqdan dərhal sonra səlahiyyətli nümayəndələri hadisə yerinə getmiş, hadisənin təfərrüatlarını araşdırmışdır. İddiaçıya məxsus əmlaka dəymiş zərərin miqdarı elə həmin tarixdə tərəflərindən qiymətləndirilərək 500 manat məbləğində müəyyənləşdirilmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon Polisi Şöbəsi tərəfindən “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsində nəzərdə tutulmuş hadisə ilə bağlı sənədlər cəmiyyətimizə elektron qaydada təqdim edilmişdir. İddiaçı 500 manat zərər məbləği ilə razılaşmadığından onun yazılı razılığı əsasında əmlaka dəymiş zərərin yenidən qiymətləndirilməsi müstəqil sığorta eksperti Elçin Allahverdiyevə həvalə olunmuşdur. Həmin ekspert tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Əmlaka dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktına əsasən zərərin miqdarı 558 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya zərərin miqdarının müstəqil sığorta eksperti tərəfindən 558 manat məbləğində müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli məktub tərəflərindən göndərilmiş və dəymiş zərərin ödənilməsi üçün bank rekvizitlərinin təqdim ediləcəyi halda zərər məbləğinin ən qısa zamanda ona ödəniləcəyi bildirilmişdir. Lakin iddiaçı bu təklifə müsbət cavab verməmişdir. Nəzərə almaq lazımdır ki, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1, 925.2, 925.3-cü və “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu və “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 16.2-ci maddələrinin tələblərindən irəli gələn şərtlərə uyğun olaraq iddiaçı ilə razılaşdırılmaqla sığorta sahəsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq reyestrindən qeydiyyatdan keçmiş müstəqil sığorta eksperti tərəfindən ekspert rəyi alınmaqla 558 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi sığorta hadisəsindən irəli gələn münasibətlər mülki hüquq münasibətləri olmaqla, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından irəli gələn məsələlər sahəvi qanun olan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan qaydada tənzimlənir. Yəni sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortaçı özü və ya müstəqil sığorta eksperti vasitəsilə müəyyən edir. İddiaçı tələbində mübahisə predmeti olan darvazanı 2018-ci ildə 1200 manata aldığını qeyd etsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmiş, eləcə də uzun illər istismar etdiyi və aşınmış halda olan darvazaya görə 1200 manat sığorta ödənişinin ödənilməsini tələb etmişdir. Buradan da aydın olur ki, iddiaçının tələbi onun subyektiv mülahizə xarakterli dəlilləri ilə əsaslandırılıb və mövcud reallığı əks etdirmir. İddia ərizəsində qeyd olunmuş dəlillərdən belə görünür ki, iddiaçı sığorta hadisəsi hesabına özünə yeni darvaza almaq qərarına gəlib. Onu da qeyd etməlidir ki, müstəqil sığorta eksperti dəymiş zərəri yerində müayinə və araşdırma aparmaqla müəyyən etmiş, darvazanın və hasarın bərpası üçün tələb olunan vəsaiti ağlabatan məbləğdə hesablamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Quba rayon PŞ-nin rəisi polis polkovniki M.Əliyevə Quba rayon Alekseyevka kəndində yaşayan X3 tərəfindən yazılmış izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 10-30 radələrində, özünə məxsus Hunday Tukson markalı 40BU022 nömrəli avtomobil ilə Quba-Küpçal kəndi istiqamətinə hərəkətdə olarkən yolun hərəkət hissəsi buzlu olduğundan avtomobili sürüşürək yolun sol kənarındakı yaşayış evinin darvazasına və hasarına dəymişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, əmlaka dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktından görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, xx.xx.2023-cü il tarixdə İddiaçı dəymiş ziyanın məbləği 558.00 manat müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7907 nömrəli rəyindən görünür ki, Quba rayonu, Küpçal kəndi ərazisində iddiaçıya məxsus daş hasarın və darvazanın uçurulması nəticəsində dəymiş ziyanın aradan qaldırılması və həmin hasarın yenidən inşa edilməsi üçün lazım olan vəsaitin bazar qiymətlərinə uyğun dəyəri təqribən 386 manat məbləğində müəyyən olunmuşdur. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 14 fevral 2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu 16-cı maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Mülki Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 10-30 radələrində X2 məxsus Hunday Tukson markalı 40BU022 nömrəli avtomobil ilə Quba-Küpçal kəndi istiqamətinə hərəkətdə olarkən yolun hərəkət hissəsi buzlu olduğundan avtomobili sürüşürək yolun sol kənarındakı yaşayış evinin darvazasına və hasarına dəymişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7907 nömrəli rəyindən görünür ki, Quba rayonu, Küpçal kəndi ərazisində iddiaçıya məxsus daş hasarının və darvazanın uçurulması nəticəsində dəymiş ziyanın aradan qaldırılması və həmin hasarın yenidən inşa edilməsi üçün lazım olan vəsaitin bazar qiymətləri nə uyğun dəyəri təqribən 386 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dəymiş zərərin əvəzi kimi 386 (üç yüz səksən altı) manat və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dəymiş zərərin əvəzi kimi 386 (üç yüz səksən altı) manat və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğin 23 (iyirmi üç) manat İddiaçı, 77 (yetmiş yeddi) manat cavabdeh "xxxx" ASC-dən tutularaq tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-91/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-91/2024
19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver