Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-911/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli ilkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə sağlamlığa vurulmuş ziyana görə 10.000 manat, Cavabdeh İddiaçı xeyrinə sağlamlığa vurulmuş ziyana görə hər ay 1000 manat məbləğdə vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, alçipan ustası olmuşdur. xx.xx.2019cu ildə Cavabdeh briqadasında işləməyə başlamışdır. Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (VÖEN **********) "xxxx" MTK ilə 21 oktyabr 2019-cu il tarixində xidmətlərin göstərilməsinə dair müqavilə bağlamışdır. O, ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli binanın zirzəmisində, birinci və ikinci mərtəbələrində aparılmış hörgü, suvaq, şpaklevka, rənqsaz, alçipan və digər işlərin gedişində tikintidə təhlükəsizlik, texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini üzərinə götürmüşdür. Alçipan işlərinin icrası İddiaçı həvalə edilmişdir. İddiaçı, 15 dekabr 2019-cu il tarixində, səhər saat 10 radələrində baş vermiş hadisə nəticəsində binanın birinci mərtəbəsində sağ tərəfdə yerləşən, sıra ardıcıllığı ilə sağdan sola istiqamətdə 3-cü otaqda olan deşikdən 2 mərtəbə hündürlükdən, yəni 1 mərtəbə səviyyəsində olan 1-ci mərtəbə ilə eyni şaquli proyeksiyada yerləşən deşikdən də keçərək binanın 2 səviyyəsində yerləşən zirzəmi otağına yıxılmışdır. Həmin hadisədən sonra iddiaçının sol yuxarı və aşağı ətraflarda hissi və hərəki pozğunluqla, nitq qabiliyyətinin dayanıqlı pozulması ilə müşayiət olunan, ənsə sümüyünün xətti sınığı, travmatik subdural qansızma (hematoma) ilə nəticələnmiş qapalı kəllə-beyin travması, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti almışdır. Məlum olduğu kimi, Cavabdeh tərəfindən tikintiyə rəhbərlik edilməsi zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan İddiaçı sağlamlığına ağır zərərin vurulmasına səbəb olmuşdur. İddiaçı “X1” əməliyyat olunmuşdur. 13 mart 2020-ci il tarixdə, o, ATU-nun Tədris və Cərrahiyyə bölməsində əməliyyat olunmuşdur. Zərəçəkmişin xx.xx.2020-ci il tarixli “kəllənin nativ KT müayinəsi”nin nəticələrinə əsasən, kəllənin sağ tərəfdə alın, təpə və gicgah sümüklərində kraniotomiyaya bağlı defekt izlənilir. Sağ gicgah və alın payların tama yaxın əhatə edən, həmçinin ənsə və təpə paylarında da geniş sahələri əhatə edən ensefalomalazik dəyişikliklər izlənilir. Sağ hemisferdə ağ maddə həcmi azalmışdır, kortikal incəlmələr qeyd olunur. Həmçinin sol alın pay anterior-inferior hissədə də ensefalomalaziya sahəsi mövcuddur. Sağda bariz olmaqla yan mədəciklər və üçüncü mədəcik genişlənmişdir. Cavabdeh məhkəmə dövründə iddiaçının xərclərini qarşılamağı öhdəsinə götürmüşdür. Hətta bu barədə məhkəməyə də ərizə təqdim etmişdir. Ona görə də, iddiaçı məhkəmə gedişatında heç bir maddi tələbinin olmadığını bildirmişdir. Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(009)-129/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətində islah işləri cəzası təyin edilmişdir. Hazırda iddiaçının müalicəsi evində davam etdirilir, bədəninin sol tərəfi iflicdir, gəzə bilmir. Artıq 5 ilə yaxındır ki, o, yatağa bağlıdır, birtərəfli hemiparez qalıb. Bugünə qədər yeriyə bilmir. Cavabdeh baş vermiş hadisədən sonra əvvəllər İddiaçı müalicəsi ilə yaxından maraqlanmış, köməklik etmişdir. Lakin son 1 ildir ki, heç bir maddi yardım göstərmir. Zərəçəkmiş xx.xx.2023-cü ildə əməliyyat olmuşdur. İNOVA MMC tərəfindən qəbz təqdim edilmişdir. Əməliyyat xərci 8785 manat təşkil edib. Əmək qabiliyyətini ömürlük itirmişdir. Hər ay fizioterapiya alır. Aylıq müalicə xərcləri çəkilməlidir və gəlirindən məhrum olmuşdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, tələbi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Aynur Bahəddin qızı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, İddiaçı bacısıdır. Qardaşı İddiaçı ustalıq etməklə pul qazanıb ailəsini dolandırmışdır. Qardaşı Elnur ailəlidir, iki övladı var, həyat yoldaşı işləmir. Qardaşı İddiaçı 15 dekabr 2019-cu il tarixdə işləmək üçün getdiyi tikintidə baş vermiş hadisə nəticəsində yıxılaraq ağır xəsarət almış və yataq xəstəsi olmuşdur. Qardaşı İddiaçı 15 dekabr 2019-cu il tarixdə “X1” əməliyyat olunmuşdur. 13 mart 2020-ci il tarixdə ATU-nun Tədris və Cərrahiyyə bölməsində əməliyyat olunmuşdur. Qardaşı İddiaçı Marneuli şəhərində qeydiyyatda olsa da, hal-hazırda Tiblisi şəhərində kirayə tutduqları evdə müalicə alır. Marneuli şəhəri, X6 MMC-nin 194 saylı, xx.xx.2021-ci il tarixli arayışı ilə İddiaçı xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə ömürlük əlillik statusu verilmiş, işləmək qabiliyyətinin olmaması müəyyən olunmuşdur. İddiaçı artıq 5 ildir ki, yataq xəstəsidir, gəzə bilmir, əmək qabiliyyətini ömürlük itirmişdir. Qardaşı xx.xx.2023cü ildə İNOVA MMC-də əməliyyat olmuş, əməliyyat xərci 8785 manat təşkil etmişdir. İddiaçı hər ay fizioterapiya alır. Aylıq müalicə xərcləri çəkilməlidir. Cavabdeh məhkəmə dövründə iddiaçının xərclərini qarşılamağı öhdəsinə götürmüş, bu barədə məhkəməyə də ərizə təqdim etmişdir. Ona görə də, iddiaçı məhkəmə gedişatında heç bir maddi tələbinin olmadığını bildirmişdir. Cavabdeh baş vermiş hadisədən sonra əvvəllər İddiaçı müalicəsi ilə yaxından maraqlanmış, köməklik etmişdir. Lakin son 1 ildir ki, heç bir maddi yardım göstərmir. Ona görə də, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, onun özü urək xəstəsidir, ürəyində bir neçə stend var, hal-hazırda növbəti əməliyyat keçirməlidir, lakin buna maddi imkanı yoxdur. Belə ki, heç bir yerdə işləmir və buna səhhəti imkan vermir. Bankda ailə üzvlərinin hamısının adına kreditlər var və bu kreditləri ödəyə bilmirlər. O, əvvəllər iddiaçının müalicə xərclərinə yaxından köməklik etmişdir. Lakin onun hal-hazırda maddi durumu həddindən artıq acınacaqlı olduğu üçün iddiaçıya heç bir maddi köməklik etmək iqtidarında deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-129/2020 nömrəli xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh tərəfindən tikintiyə rəhbərlik edilməsi zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan İddiaçı sağlamlığına ağır zərərin vurulmasına səbəb olmuşdur. İş materiallarında olan Marneuli şəhəri, X5 MMC-nin ********* nömrəli, 194 saylı arayışından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.22021-ci il tarixdən ömürlük üçüncü dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan İnova MMC-nin **********7 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı üzərində “Sementdən istifadə etmədən çanaq-bud oğnağının protezlə ilkin total dəyişdirilməsi-digər posttravmatik koksartroz (M16.5 NFSB20)” əməliyyatı ilə əlaqədar olaraq 8785 lari ödəniş olunmuşdur. İş materiallarında olan X10 MMC-nin GE57BG**********905139GEL nömrəli, xx.xx.2024cü il tarixli bank hesabından görünür ki, xəstə Elnur Əbilovun reabilitaziya kursu keçməsi üçün 3.300 lari ödəniş olunmuşdur. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X2 epikrizindən görünür ki, xəstə X4, 1981-ci il təvəlüdlü, xx.xx.2020-ci il tarixində, başqa bir klinikadan köçürülmə ilə qəbul şöbəsinə daxil olmuşdur. Xəstəyə qəbul şöbəsində baxış keçirilmişdir. Keçirdiyi travma əsasında xx.xx.2019-cu il tarixində "sağ tərəfli subdural hematomanın xaric edilməsi" əməliyyatı keçirilmişdir. xx.xx.2020-ci il tarixindən xəstə reanimasiya şöbəsində dinamik müşahidədə olmuşdur. Daha sonra həmin klinikada stasionar şəraitdə müalicə olunmuşdur. Şöbəyə daxil olduğu gündən xəstədə labarator, instrumental müayinələrə və yaxınlarının anamnestik sorğularına və xəstənin durumuna əsasən aktiv fizioterapiya və reabilitasiya aparılmışdır. xx.xx.2020-ci il tarixində xəstəyə təkrari "krainoplastika" əməliyyatı icra oiunmuşdur. Xəstənin vəziyyəti keçirdiyi əməliyyatın kliniki gedişinə uyğun izlənilmişdir, iki gün fasilədən sonra xəstənin durumuna uyğun olaraq yenidən aktiv fizioterapiya və reabilitasiya prosedurları təyin edilmişir. Xəstənin durumu keçirdiyi əməliyyatlardan sonrakı vəziyyətə görə kafidir. Müsbət dinamika izlənilir. Xəstəyə lazımi məsləhətlər verilərək, ümumi vəziyyətdə kafi olmaqla yataq rejimində ambulator nəzarətə göndərildi. Məhkəmənin hazırlıq iclasında mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün məhkəmə tərəfindən məhkəmə tibb ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X8 Şəxsə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 məhkəməyə ünvanladığı 4201 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı sağlamlıq vəziyyətinin təyininə məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi ilə birliyə təqdim edilməsinin bildirilməsinə baxmayaraq, bu günə qədər gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublıkasmm Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetırirərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik oldüğu, yaxud yəqin ki, malik ola biləcəyi və itırdiyi qazancın (gəlirin) habelə, sağlamhğının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərın, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya kurort müalicəsinə, xüsusi nəqlıyyat vasitələrı əldə edılməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyən edilsin. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. Tikintiyə rəhbərlik etməsi zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan iddiaçının sağlamlığına zərər vurulmasında Cavabdeh təqsiri öz təsdiqini Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-129/2020 saylı, 28 avqust 2020-ci il tarixli hökmündə tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (AR MPM-nin 81-ci mad.). İş materiallarında olan İnova MMC-nin **********7 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı üzərində “Sementdən istifadə etmədən çanaq-bud oğnağının protezlə ilkin total dəyişdirilməsi-digər posttravmatik koksartroz (M16.5 NFSB20)” əməliyyatı ilə əlaqədar olaraq 8785 lari ödəniş olunmuşdur. Eləcə də, X10 MMC-nin GE57BG**********905139GEL nömrəli, xx.xx.2024-cü il tarixli bank hesabından görünür ki, xəstə Elnur Əbilovun reabilitaziya kursu keçməsi üçün 3.300 lari ödəniş olunmuşdur. Beləliklə, yuxarıda şərh olunmuş hallara qiymət verək, məhkəmə hesab edir ki, sağlamlığına vurulmuş ziyana görə cavabdehdən 10.000 manat məbləğin iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 12085 lari (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bununla yanaşı, iddia tələbinin iddiaçının sağlamlığına vurulmuş ziyana görə hər ay 1000 manat məbləğin cavabdehdən tələb edilməsi barədə hissəsini nəzərdən keçirərək, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə öz tələbinin əsası kimi istinad etdiyi (xəsarət almazdan qabaq orta aylıq qazancı barədə) sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sağlamlığa vurulmuş ziyana görə 12085 (on iki min səksən beş) lari (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-911/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-911/2024
30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver