Məhkəmə qərarları › İş №2(009)-92/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-92/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-92/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru X2, iddiaçının nümayəndəsi-vəkili X3 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-yə məxsus Tayota Hilux markalı 90AL304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılması nəticəsində əldə edilmiş 30,000 (otuz min) manatın, xx.xx.2008-ci il tarixli RBB 324A saylı Kredit müqaviləsi üzrə ödənilmiş 52,771(əlli iki min yeddi yüz yetmiş bir) ABŞ dollarının, pul öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə 30,000(otuz min) manatın illik 7,25% olmaqla altı il üçün 13,050(on üç min əlli) manat məbləğində və 52,771 (əlli iki min yeddi yüz yetmiş bir) ABŞ dollarının illik 7,25% olmaqla altı il üçün 22,955 (iyirmi iki min doqquz yüz əlli beş) ABŞ dolları məbləğində faiz məbləğinin, altı il üçün 100,800 (bir yüz min səkkiz yüz) manat məbləğində əldən çıxmış faydanın və İddiaçı MMC-yə məxsus Tayota Hilux markalı 90AL304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2014-cü ildə satılması nətricəsində əldə edilmiş pul vəsaitinin vaxtında ödənilməməsinə görə dəyər itkisinin əvəzi olaraq 35,382 (otuz beş min üç yüz səksən iki) manat məbləğində vəsaitin müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Toyota Hilux markalı 90AL304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2008-ci ildən İddiaçı MMC-nin mülkiyyətində olub. Qeyd edilən avtomobilin idarə edilməsi üçün İddiaçı MMC tərəfindən 2014-cü ilə kimi, Cavabdeh1 adına yol vərəqələri verilib. İddiaçı MMC xx xxxxxx 2014-cü il tarixli, 14A01 saylı əmri ilə Toyota Hilux markalı 90AL304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün verilən bütün yol vərəqələri etibarsız hesab edilib və bu barədə Cavabdeh1 məlumat verilərək, avtomobilin şirkətə qaytarılması tələb edilib. Lakin Cavabdeh1 qeyd edilən nəqliyyat vasitəsini şirkətə qaytarmaqdan imtina etdiyi üçün İddiaçı MMC tərəfindən xx.xx.2014-cü il tarixdə ərizə ilə AR Baş Dövlət X4 rəisi Ramiz Zeynalova ərizə ilə müraciət edilərək, İddiaçı MMC xx xxxxxx 2014-cü il tarixli, 14A01 saylı əmri ilə Toyota Hilux markalı 90AL304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün verilən bütün yol vərəqələrinin etibarsız hesab edilməsi ilə bağlı məlumat verilərək, avtomobilin saxta sənəd əsasında idarə edildiyi üçün avtomobilin axtarışa verilərək, şirkətə qaytarılmasına köməklik göstərilməsi xahiş edilib. İddiaçı MMC ona məxsus Toyota Hilux markalı 90AL304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı MMC-nin adından çıxarılaraq, alqı-satqısının etibarsız hesab edilməsinə dair iddia ərizəsi iə Yasamal Rayon Məhkəməsinə müracət edib. Yasamal Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələblərini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC nin apellyasiya şikayətini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi də hesab edib ki, avtomobilin Cavabdeh1 tərəfindən satılması etibarlıdır. İddiaçı MMC-nin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini Ali Məhkəmə xx xxxx 2019-cu il tarixli qərarı ilə təmin etməyib. Beləliklə, Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarından sonra Cavabdeh1 tərəfindən İddiaçı MMC-yə məxsus Tayota Hilix markalı avtomobilin satılmasının etibarlı olduğuna dair məhkəmə qərarları qüvvəyə minib. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin direktoru iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili iddiaya etiraz edərək, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərdən nəqliyyat vasitəsinin xx.xx.2014-cü il tarixdə satılması nəticəsində əldə edilmiş vəsaitin, xx.xx.2008-ci il tarixli Kredit müqaviləsinə əsasən ödənilmiş vəsaitin, pul öhdəliyinin vaxtında yerinə yetirilmədiyinə görə 6 il üçün faiz vəsaitin, habelə nəqliyyat vasitəsinin xx.xx.2014-cü il tarixdə satılması nəticəsində əldə edilmiş pul vəsaitinin vaxtında ödənilməməsinə görə dəyər itkisinin əvəzini tələb edir. Bundan başqa tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallardan göründüyü kimi, Dadaş Məmmədov pul tələbinə dair qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, həqiqətən də cavabdehlər “xxxx” ASC, “xxxx” ASC, “xxxx” ASC və “TBC Kredit” BOKT-la 2006-2011-ci illər ərzində kredit müqavilələri bağlamışlar. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış mübahisənin hansı dövrü əhatə etməsinin müəyyən edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli X1 Cavabdeh1 və Cavabdeh2 qarşı “borc və zərər” tələbinə dair mülki iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki,hətta tərəflərin münasibətlərinin pozulmasının ən son tarixi kimi Cavabdeh2 Dadaş Məmmədova xx.xx.2011-ci il tarixdə verdiyi etibarnamənin xx.xx.2014-cü ildə ləğv edilməsi əsas götürülsə belə, D.Məmmədovun 2012-ci ilədək apardığını iddia etdiyi ödənişlərlə bağlı hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu an ən uzağı 2014-cü ilin fevral ayının 21-dən hesablanmalıdır. Bundan başqa eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, kredit müqavilələri üzrə son ödənişlər 2012-ci il tarixdə aparılmışdır. Cavabdeh eyni zamanda etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə cavabdehlər arasında münasibətlər 2013-cü ildə pozulmuşdur. Bu səbəbdən cavabdehlər iddiaçının hazırki tələbi üzrə pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar iddia müddətinin axımının 2013-cü ildən başlanmasını iddia etmişdirlər. Eyni zamanda iddiaçı cavabdehlər ilə aralarında olan münasibətlərin 2017-ci ildə pozulduğunu iddia etsə də, işin bu halları öz təsdiqini tapmamışdır. Bunun əksinə olaraq müəyyən edilmişdir ki, tərəflərin arasındakı münasibətlərin pozulması tərəflərin bir-birinə verdikləri etibarnamələri ləğv etdirməkləri ilə bağlı olmuş və bu hadisə 2013-cü ildə baş vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birincisi, o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə cavabdehlər tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizələrini nəzərə alaraq hesab edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqların müdafiəsi üçün iddia müddətini ötürmüşdür. Məhkəmə eyni zamanda qeyd edir ki, əsas iddia tələbləri üzrə iddia müddəti ötürüldüyündən pul öhdəliyinin vaxtında yerinə yetirilmədiyinə görə faiz məbləğinin cavabdehlərdən tutulması hissəsində də iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçılar tələb irəli sürmələri üçün iddia müddətini ötürdüklərindən iddia tələbləri rədd edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar