Məhkəmə qərarları › İş №2(009)-924/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-924/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-924/2022 27.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi S.A.Kələşovanın, Cavabdeh iştirakları ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından çıxış edən törəmə müəssisəsi olan «X2 Edilməsi Agentliyi» MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından çıxış edən törəmə müəssisəsi olan «X2 Edilməsi Agentliyi» MMC Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkiltanın tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-119 saylı, 17.04.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında 14.11.2013-cü il tarixli, “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya No-li avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə 336/13 saylı “Vakala” borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 3110 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 1525,41 manat, faiz borcu üzrə 55,83 manat olmaqla ümumilikdə 1581,24 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı tərəfindən 31.10.2019-cu il tarixdə Səbail rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Səbail rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli 2(009)-3294/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən mülki mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı 19.11.2021-ci il tarixdə Səbail rayon Məhkəməsinə ərizə ilə müraciət edərək icraatın təzələnməsini xahiş etmiş, lakin Səbail rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2(009)- 3294/2019 saylı qərardadı ilə ərizə təmin edilməyərək iddiaçıya ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmiş, həmçinin həmin qərardadda analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası sözügedən Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş müddət iddia müddətinə daxil olmaması da qeyd edilmişdir. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. Fəziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3.Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Cəmiyyət tərəfindən cavabdehə restrukturizasiya müqaviləsi bağlanılması üçün 31.08.2020-ci il tarixli 4243 saylı bildiriş məktubu göndərilsə də, cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməmişdir. Odur ki, hesab edirlər ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh əsas borcu üzrə 1525,41 manat, faiz borcu üzrə 55,83 manat olmaqla, cəmi 1581,24 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 35,81 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, hazırki tələblə məhkəməyə müraciət etmək üçün müddət buraxılmamışdır. Belə ki, 2019-cu ildə eyni tələblə məhkəməyə müraciət olunmuş, Səbail rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən ərizələri baxılmamış saxlanılmış, onlar cavabdehə rəsmi qaydada müraciət etmişlər ki, borcu ödəsin. Ona görə onlar tərəfindən müddət ötürülməmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, kredit 14.11.2013-cü il tarixdə “X3” MMC-dən “yuyucu maşının” alınması məqsədi ilə götürülmüş, 100 manat ilkin ödəniş edilmiş, lakin 1 ay sonra 10.12.2013-cü il tarixdə həmin “yuyucu maşın” şirkətə qaytarılmış və onun tərəfindən hər hansı bir ödəniş edilməmişdir. İlkin ödəniş 100 manatı da qaytarılmışdır. Edilmiş ödənişlərdən onun xəbəri olmamışdır. Müqavilə 14.11.2013-cü il tarixdə bağlanılsa və müqavilə müddəti 2 il nəzərdə tutulsa da, ona qarşı tələb 9 ildən sonra qaldırılmışdır. Ona görə də qaldırılan iddianı əsassız hesab edir. Digər tərəfdən iddiaçı tərəfindən iddia ərizəsi müddət ötürülməklə verildiyinə görə iddia tələbi bu əsasla da rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq cavabdeh iddia ərizəsi üzrə prosessual hərəkətləri etmək hüququ keçdiyinə görə iddia müddətini tətbiq edib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə digər tərəfdən Cavabdeh arasında bağlanılmış 14.11.2013-cü il tarixli 336/13 saylı “Vakala” Borc müqaviləsinə əsasən bank tərəfindən borcalana 20%-lə 24 ay müddətinə “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya No-li avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə 3110 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 14.11.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin İslam Bankçılığı Departamentindən 3078 manat məbləğində vəsait götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, borclu Cavabdeh kredit öhdəliyi üzrə əsas kredit borcu 1525,41 manat, faiz borcu 55,83 manat təşkil edir. İş materiallarında olan “X5” MMC ilə Cavabdeh arasında bağlanılmış 10.12.2013-cü il tarixli müqavilənin ləğv edilməsi haqqında razılaşmanın surətindən görünür ki, tərəflər arasında 09.11.2013-cü il tarixdə “Kirby” markalı, “Sentria” modelli ********** seriya No-li yuyucu maşının və onun tərkib hissələrinin – hissə satılması barədə alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə uyğun olaraq alıcı 100 manat məbləğində ilkin ödəniş aparmış və hər ay 160 manat aylıq ödəniş aparmağı öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq satıcı tərəfindən əmlak onun tərkib hissələri ilə birlikdə təhvil verilmiş, onun işlək vəziyyətdə olması yoxlanılmış və bu hallar yazılı qaydada rəsmiləşdirilmişdir. Hal-hazırda alıcının müraciəti əsasında və müqavilə şərtlərinə uyğun olaraq müqavilə ləğv olunur. Alıcının ödədiyi ödənişlər müqavilə şərtlərinə uyğun olaraq geri qaytarılmır. Satılmış əmlak onun tərkib hissələri ilə birlikdə işlək vəziyyəti yoxlanılaraq satıcıya qaytarılmışdır. Əmlakın təhvil alınması barədə akt tərtib olunmuşdur. İş üzrə 10.12.2013-cü il tarixdə tərtib edilmiş təhvi-təslim aktının surətindən görünür ki, “X5” MMC və Cavabdeh arasında 09.11.2013-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi haqqında razılaşmaya uyğun olaraq “Kirby” firmasının istehsalı olan, “Sentria” modelli ********** seriya No-li avtomatik yuyucu aparatı və ona əlavə olunan aksessuarlar satıcının nümayəndəsinə alıcı tərəfindən təhvil verilmişdir. Satıcı təhvil almamışdan əvvəl əmlakın işlək vəziyyətdə olmasını alıcının iştirakı ilə yoxlamışdır. Satıcı əmlakın keyfiyyəti, komplektliliyi, saz vəziyyətdə olması barəsində heç bir pretenziyalarının olmadığını təsdiq etmişdir. Alıcı ödənilmiş və satıcı tərəfindən geri qaytarılmamış pul məbləği barəsində heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İş üzrə “X2 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh ünvanlanmış 09.10.2018-ci il tarixli, 2751 nömrəli və 25.10.2019-cu il tarixli 4937 nömrəli tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair bildirişlərindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə 14.11.2013-cü il tarixdə, 336/13 saylı “Vakala” Borc Müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya No-li avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə Cavabdeh illik 20% tətbiq edilməklə 24 ay müddətinə 3110 manat məbləğində kredit verilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə “X2 Edilməsi Agentliyi” MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 Edilməsi Agentliyi” MMC həyata keçirir. Qeyd ediləndəri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 195-ci maddəsini nəzərə alaraq bildirirlər ki, Cavabdeh ilə "xxxx" Asc-nin İslam Bankçılıq Departamenti arasında bağlanmış, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə tələb hüquqları “X2 Edilməsi Agentliyi” MMC tərəfindən idarə ediləcək. Məlumat üçün bildirirlər ki, Cavabdeh kredit müqaviləsinə əsasən gecikmədə olan borcu, əsas borcu üzrə 1525,41 manat, faiz borcu üzrə 55,83 manat, cəmi 1581,24 manat, cəmi 1581,24 manat təşkil edir. Göstərilənlərlə bağlı xəbərdar edirlər ki, 10 gün müddətinə yuxarıda qeyd olunan borcu ilə bağlı ödənişi icra ed edilməlidir. Əks təqdirdə əsas borcu üzrə 1525,41 manat, faiz borcu üzrə 55,83 manat, cəmi 1581,24 manat borcu tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət olunacaqdır. Əlavə olaraq məhkəməyə müraciət edildiyi günə qədər müqavilə üzrə hesablanmış faizlər də tələb ediləcəkdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkiltanın tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-119 saylı, 17.04.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin adından “X2 Edilməsi Agentilyi” MMC hazırki tələblə çıxış etməyə tam səlahiyyətli olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 14.11.2013-cü il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinə əsasən Cavabdeh “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya No-li avadanlığın (avtomatik yuyucu) alınması məqsədi ilə istifadə etmək üçün 24 ay müddətinə, illik 20% hesablanmaq şərti ilə 3110 manat məbləğində borc verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehin borc müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehdən 1525,41 manat əsas və 55,83 manat faiz borcunun tutulmasını tələb edir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi üzrə münasibətlər 14.11.2013-cü il tarixdə yaranmışdır və borc müqaviləsi üzrə müəyyən qədər ödəniş həyata keçirsə də, iddiaçı borc müqaviləsi üzrə öhdəliklərin icrasını həyata keçirilməsi ilə əlaqədar yalnız 01.04.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq ilk növbədə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququnun olub-olmamasına və cavabdehin borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirib-yetirməməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə öhdəliklərini tamamilə yerinə yetirmədiyindən, iddiaçı həmin öhdəliklərin yerinə yetirilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin aldığı əmlakların geri qaytarılması səbəbindən iddianın əsassız hesab edilməsi barədə dəlilləri üzrə qeyd edir ki, kredit münasibətləri məhz bank təşkilatı ilə cavabdeh təşkilatı arasında yarandığından, bu münasibətlər üzrə öhdəliklərin icrasına cavabdehlik hazırki cavabdeh üzərinə düşür. Lakin məhkəmə iddiaçı tərəfindən borc müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüququqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki. iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə borc müqaviləsinin müddətinin 14.11.2015-ci il tarixdə bitməsini və həmin müqavilə üzrə yaranmış borcun tutulması ilə bağlı iddianın 01.04.2022-ci il tarixdə məhkəməyə verilməsini nəzərə alaraq qeyd edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin hazırki tələblə 2019-cu ildə məhkəməyə müraciət olunduğunu, lakin işə mahiyyəti üzrə baxılmadığını və ərizənin baxılmamış saxlanılmasını əsas gətirərək iddia müddətinin keçməməsi barədə dəlilləri üzrə qeyd edir ki, hazırki tələblə əvvəllər məhkəməyə müraciət olunması, lakin həmin mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməməsi və iddia ərizəsinin baxılmamış saxlanılması halı iddia müddətinin ötürməməsi anlamına gələ bilməz və bu səbəbdən iddiaçının nümayəndəsinin həmin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə iddiaçı tərəfindən kredit müqavilə üzrə pozulmuş hüquqlarının bərpası ilə bağlı 3 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və həmin müddətinin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilə bilməməsini, müddətin buraxılmaması ilə bağlı dəlillərinin əsassız olmasını, eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə iclasında iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi dəlillərin üzürlü hal kimi qəbul edilə bilməməsi nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından çıxış edən törəmə müəssisəsi olan «X2 Edilməsi Agentliyi» MMC-nin Cavabdeh qarşı borc müqaviləsi üzrə 1525,41 manat əsas borcunun və 55,83 manat faiz borcunun, ümumilikdə 1581,24 (bir min beş yüz səksən bir manat, iyirmi dörd qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 35,81 (otuz beş manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar