Məhkəmə qərarları › İş №2(009)-933/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-933/2022

07.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-933/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oqtay oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh MMC-yə ödədiyi 850 manat, habelə səhhətinə vurulmuş ziyana görə müalicəyə sərf etdiyi 105 manatın, cəmi 965 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildə o, X5 Style MMC-yə müraciət etdi və onunla “Xidmətlərin göstərilməsi haqqında” RBA 3579-2021 N-li müqavilə bağlanıldı. Müqaviləyə müvafiq olaraq o, X5 Style MMC-yə xx.xx.2021-ci ildə 850 AZN məbləğində pul ödədi (satış çeki N-2448). Müqaviləyə və onun tərkib hissəsi olan əlavəyə spesifikasiyaya görə onunla “Profeccional Care L” nişanlı kosmetik-müalicəvi əməliyyatlar: “jeet peel”, “canlı ilbiz”, “bio oxugen”, “glove therapy”, “mikrotok terapiyası”, “elektroporasiya”, “mikrotok-roller lift” icra edildi. Müqavilənin tərəflərin vəzifə və öhdəliklərinə aid olan 3.1.1.-ci bəndində qeyd edilmişdir ki, “xidmət göstərənin” “xidmət alana” müqavilə şərtləri əsasında göstərdiyi xidmət keyfiyyətli olmalıdır. X4 VİP Style MMCnin ona göstərdiyi xidmət nəinki keyfiyyətli olmamışdır, əksinə onun sağlamlığına və sifətinin görünüşünə ciddi zərər vurmuşdur. Belə ki, kosmetik əməliyyat proseduru zamanı şirkətin əməkdaşlarının səhlənkarlıq edərək, gigiyena-sanitariya və sterilizasiya qaydalarına riayət etməmələri nəticəsində onlar tərəfindən onun üzünün dərisinə demodeks paraziti yoluxdurulmuşdur. Buna görə də, onun sifətinin dərisində çoxsaylı sızanaqlar əmələ gəlmişdir. Bununla əlaqədar olaraq, o, X5 Style MMC-yə ödədiyi məbləğin geri qaytarılması barədə yazılı ərizə ilə müraciət etdi. Əvvəlcə ona həmin məbləği qaytaracaqlarını vəd etdilər, sonra isə bundan imtina etdilər. Müalicə üçün o, xx.xx.2021-ci ildə, Bakı şəhəri Dəri-Zöhrəvi Dispanserinə müraciət etməyə məcbur oldu. Orada aparılmış mikoloji laborator tədqiqatı onun sifətinin dərisinə demodeksin yoluxmasını təsdiq etdi. Bundan sonra bir müddət o bu xəstəlikdən müalicə olundu. 2 müalicə kursu üçün o, 105 AZN məbləğində pul ödədi. Bununla əlaqədar o, cavabdehə xx.xx.2021-ci ildə pretenziya yazmışdır, lakin bu günə kimi cavab almamışdır. Göstərilənlərə əsasən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi və izah etdi ki, iddiaçı Cavabdehnə müraciət edərkən, onun üzündə demodex paraziti olmuşdur. Həmin parazitin yox olması üçün klinika tərəfindən akne tətbiq olunmuşdur. Həmin parazit klinikada olunan müalicələrdən yox, ya heyvandan, ya da insandan keçir. Klinikada iddiaçıya lazım olan müalicələr aparılıb, lakin müalicənin tamamlanmasını gözləmədən o, Cavabdeha gəlməmişdir. İddiaçının cavabdehə qarşı heç bir sübut olmadan iddia tələbləri irəli sürməsini əsassız və qanunsuz hesab edərək, həmin iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan müqavilədən görünür ki, xx.xx.2021-ci ildə İddiaçı ilə Cavabdeh MMC arasında “Xidmətlərin göstərilməsi haqqında” RBA 3579-2021 N-li müqavilə bağlanılmışdır. Müqaviləyə müvafiq olaraq İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci ildə 850 AZN məbləğində pul ödənilmişdir. İş materiallarında olan iddiaçının pretenziya məktubunun surətindən görünür ki, cavabdehə zərərin ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı Baş Səhiyyə Mərkəzi 1 nömrəli Dəri-Zöhrəvi Dispanserinin məhkəmənin sorğusuna 160 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 1 nömrəli Dəri- Zöhrəvi Dispanserinə müraciət etməyib. X3 adına X1 Dematovenerologiya kafedrasının asistantı İsmaylova Mədinə qəbul edib. Təqdim olunmuş Cavabdeh MMC-nin məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli RBA 3579-2021 N-li “Xidmətlərin göstərilməsi haqqında” müqavilə üzrə Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi özəl tibb müəssisəsində aşağıda göstərilən kosmetoloji prosedurlardan keçmişdir: 1. Elektroparasiya+anti akne+led maska (göy rəng) (xx.xx.2021-ci il, saat 11:30);

2. Elektroparasiya+anti akne+led maska (göy rəng) (xx.xx.2021-ci il, saat 11:30); 3. Baltuşka+darsenval+iltihab əleyhinə maska+led maska (göy rəng) (xx.xx.2021-ci il, saat 11:30); 4. Elektroparasiya+anti akne+led maska (göy rəng) (xx.xx.2021-ci il, saat 11:30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış RBA 3579-2021 N-li xx.xx.2021-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, X5 Style MMC-nin ona göstərdiyi xidmət nəinki keyfiyyətli olmamışdır, əksinə onun sağlamlığına və sifətinin görünüşünə ciddi zərər vurmuşdur. Belə ki, kosmetik əməliyyat proseduru zamanı şirkətin əməkdaşlarının səhlənkarlıq edərək, gigiyena-sanitariya və sterilizasiya qaydalarına riayət etməmələri nəticəsində onlar tərəfindən onun üzünün dərisinə demodeks paraziti yoluxdurulmuşdur. Buna görə də, onun sifətinin dərisində çoxsaylı sızanaqlar əmələ gəlmişdir. İş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 411/KEŞ nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda hal-hazırda dəri xəstəliyi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə «Dəri-Zöhrəvi Dispanseri»nin laboratoriyasında üzün sızanaqlarından və kipriklərindən analiz götürülmüş, analizin nəticəsində onda «demodex»in (dəri altı gənə) olduğu aşkar edilmişdir. Bununla əlaqədar müvafiq təyinat verilmişdir. «Demodex» xəstəliyi müxtəlif şəraitlərdə, o cümlədən xarici və daxili faktorların təsiri nəticəsində meydana çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.). Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “xidmət göstərənin““xidmət alana” müqavilə şərtləri əsasında göstərdiyi xidmət keyfiyyətli olmasını cavabdeh öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş, müqavilə üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 850 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçı səhhətinə vurulmuş ziyana görə müalicəyə 105 manat sərf etdiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh MMC-dən 850 manat tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi təmin olunduğundan, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdırYuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ:

İddia qismən təmin edilsin Cavabdeh MMC -dən 850 (səkkiz yüz əlli) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar