Məhkəmə qərarları › İş №2(009)-936/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-936/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-936/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 368.22 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə 49.35 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 53.65 ABŞ dolları borcunun, cəmi isə 538.84 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulub LPO İddiaçı X2 hesabına ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC «Səbail» filialı ilə borclu Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi bağlanaraq borcalana 18 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə, 1200 ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan kredit və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Götürülmüş kredit üzrə Cavabdeh2 ilə xx xxxxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsininin 2.2-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Hazırda borclunun 368.22 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə 49.35 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 53.65 ABŞ dolları borcu, cəmi isə 538.84 ABŞ dolları borc vardır. Ona görə də cavabdehlərdən sözügedən borc məbləği və ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ASC-nin «Səbail» filialı ilə borclu Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi bağlanaraq borcalana 18 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə, 1200 ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin cədvəlindən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx.xx.2015-ci il tarixdən başlayıb, hər ay 82.41 ABŞ dolları ödəməklə xx.xx.2017-ci il tarixdə bitməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. İş materiallarında olan götürülmüş kredit üzrə İddiaçı ASC-nin «Səbail» filialı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə 538 Abş dolları 84 sent kredit borcu vardır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı LPO İddiaçı X4 tərəfindən Cavabdeh1 kredit verilmiş, Cavabdeh1 kredit və kreditə hesablanmış faiz borclarını vaxtı-vaxtında qaytarmamış və tərəflər arasında mübahisə də məhz borc məbləginin vaxtında qaytarılmaması nəticəsində yaranmışdır. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıda sadalanan qanunvericilik normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh Əliyevа Cavabdeh1 ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq SəhmdarCəmiyyəti arasında xx.xx.2015-ci il tarixli, 01 saylı X1 faizlər hesablanmaq şərti ilə kredit müqaviləsi bağlanmış, Cavabdeh2 eyni tarixli müqavilə ilə Cavabdeh1 öhdəliyinin icrasına zamin durmaqla təminat vermişdir. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdeh və zaminə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Eyni zamanda Cavabdeh2 zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). İş materiallarında olan maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1müqavilənin bitdiyi tarixdən xx.xx.2017-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 53,65 ABŞ dolları faiz borcu yaranmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Qanunun qeyd olunan normasının məzmunundan göründüyü kimi, kredit müəyyən müddətə borc verilən pul vəsaitidir. Yəni kredit müqaviləsi müddətlidir və müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmalıdır. Əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozulması hesab olunmalıdır. Çunki hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən, bu hərəkətin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. Müqavilədə müddət öz əksini Azərbaycan Respublikası MM-nin müddətlər haqqında müddəalarına (AR Mülki Məcəlləsinin 367.2, 367.3-cü mad.) uyğun olaraq tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, qanunun mənasına görə əgər müqavilədə onun qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması barədə şərt nəzərdə tutulmamışdırsa, belə müqavilə, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə, müqavilənin qüvvədə olma müddəti 2 qaydada müəyyən oluna bilər: müqavilənin qüvvədə olduğu konkret müddət təsbit oluna bilər; belə müddət təyin olunmamışdırsa, müqavilə öhdəliyinin icrasının qurtarması müddəti müqavilənin qüvvədə olma müddəti hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri Cavabdeh1 tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 368.22 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 49.35 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 53.65 ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 67.62 ABŞ dolları cərimə borcunun, cəmi isə 538.84 ABŞ dolları borcunun bankın xeyrinə tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1‑ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 368.22 ABŞ dolları əsas borc, 49.35 ABŞ dolları faiz borcu, 67.62 ABŞ dolları cərimə borcu, cəmi 538.84 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar