Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-945/2022 19.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, onun - İddiaçı1 Cavabdeh qarşı əşyaların çıxarılması, həmçinin iddiaçı Cavabdeh ona, X3 qarşı əmlakın geri götürülməsi barədə qarşılıqlı iddia tələbinə dair verdiyi iddia ərizəsi Səbail rayon Məhkəməsində baxılmış, onun iddiası qismən təmin edilmiş, cavabdehin qarşılıqlı iddiası rədd olunmuşdur. Səbail rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli qətnaməni qət etdikdən sonra qətnamə icra icraatına yönəlmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən əşyalarını götürmək istəmirdi. 13.12.2019-cu il tarixdə onlar və Cavabdeh oğlu-nümayəndəsi Talıbov Rəşad əşyaların təhvil alınması barədə akt tərtib edərək imzalamışlar. Lakin buna baxmayaraq cavabdeh və onun oğlu-nümayəndəsi fiziki olaraq əşyaları mənzildən çıxarmamışdılar. Mənzildən kommersiya məqsədləri ilə istifadə etdikləri üçün qərara gəlmişlər ki, cavabdehlərin əşyalarını onlara məxsus Yasamal rayonunun 2-ci Alatava ərazisində yerləşən mənzilə köçürülsün, bunun üçün 25.12.2019-cu il tarixdə akt tərtib etmişlər və **-BB-*** dövlət nişanlı «Qazel” markalı avtomobil vasitəsi ilə əşyaları köçürmüşlər. Buna baxmayaraq, cavabdeh hal-hazırki dövrədək mənzildən əşyalarını çıxarmamışdır.Onlar isə həm ünvan 1 ünvanında yerləşən mənzili, həm də Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində yerləşən mənzili mütəmadi olaraq icarəyə verməklə gəlir əldə edirlər. Lakin cavabdeh və onun oğlu-nümayəndə əşyalarını mənzildən götürməməklə mənzili icarəyə verməməsinə maneçilik törədirdi. Bu səbəbdən onlara məxsus mənzildən faydanı əldə edə bilməmişlər. Cavabdeh Səbail rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli qətnaməsinin tələblərini yerinə yetirməməklə onlara maddi zərər vurmuşdur. Bu səbəbdən cavabdeh həm qətnaməni icra etmədiyinə, həm də mənzilində uzun müddət əşyalarını saxlamaqla onları mənzilini icarəyə verməklə gəlir əldə edilməsindən məhrum etmişdir. Yəni Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yerləşən evləri 4 otaqlı və 210 kv.m.-dir. Evin aylıq kirayə haqqı 500 manat civarındadır. Bir ay 500 manat x 2 il 4 ay = 14.000 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçılar evlərini kirayə verə bilmədiklərinə görə əldən çıxmış fayda kimi Cavabdeh 14000 manat pulun və 200 manat dövlət rüsumunu tutularaq iddiaçılara verilməsi, 2022-ci ilin aprel ayından əşyalar onların evlərində qalmağı davam etdiyi halda hər ay üçün 500 manat məbləğində hesablanaraq cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onun əmlakları İcərişəhərdəki obyektdə olmuş, əsassız olaraq onu Yasamal rayonunda İddiaçı2 evinə aparmışlar. İddiaçılar oğlu tərəfindən əmlakların götürülməsinə maneçilik törətmişlər, əmlaklar İçərişəhərdəki obyektdə gətirilməlidir ki, həmin əmlakları oradan götürsün. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, 22.07.2008-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50,3 kv.m. yaşayış, 20,5 kv.m. köməkçi sahədən ibarət 97d nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı2 mülkiyyətindədir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-233/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddianın tam, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1 Cavabdeh xeyrinə aşağıdakı əmlaklar - 15 ədəd stol; 30 ədəd stul; 2 ədəd qaz plitəsi, 4 ədəd divan, 1 ədəd televizor, 5 ədəd dəzgah, 2 ədəd moyka, 21 ədəd şüşə (cam balkon) və 1 ədəd şüşə qapı - natura şəklində alınaraq verilməsi və həmin əmlaklar Cavabdeh hesabına Bakı şəhəri, Səbail rayonu, Həqiqət Rzayeva küçəsi, ev 7, 11 saylı mənzilindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İş üzrə İddiaçı1, İddiaçı2 və Cavabdeh oğlu tərəfindən 13.12.2019-cu il tarixdə tərtib edilmiş aktın kserosurətindən görünür ki, ünvan 3 ünvanında yerləşən “Xanım eli” restoranında olan 15 ədəd stol, 30 ədəd stul, 1 ədəd qaz plitəsi, 4 ədəd divan, 1 ədəd televizor, 5 ədəd dəzgah, 2 ədəd “moyka”, bundan əlavə 1 ədəd qaz plitəsi X2 təhvil verilmişdir. İş üzrə İddiaçı1, X1, X5, X6 və şahid Elçin Səmədov tərəfindən 25.12.2019-cu il tarixdə tərtib edilmiş aktın kserosurətindən görünür ki, ünvan 1 ünvanında yerləşən “Hanım eli” restoranında olan 21 ədəd şüşə cam balkon və bir ədəd şüşə qapı İddiaçı1 məxsus Yasamal rayonu, 2-ci Alatavada yerləşən evə “Qazel” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla göndərilmişdir. İş üzrə Yasamal rayon icra şöbəsinin 11.11.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-233/2021 saylı, 05.02.2021-ci il tarixli icra sənədi tələbkarın hərəkətsizliyindən geri qaytarılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-233/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 Cavabdeh xeyrinə 15 ədəd stol, 30 ədəd stul, 2 ədəd qaz plitəsi, 4 ədəd divan, 1 ədəd televizor, 5 ədəd dəzgah, 2 ədəd moyka, 21 ədəd şüşə (cam balkon) və 1 ədəd şüşə qapı natura şəklində alınaraq verilməsi və həmin əmlaklar Cavabdeh hesabına Bakı şəhəri, Səbail rayonu, Həqiqət Rzayeva küçəsi, ev 7, 11 saylı mənzilindən çıxarılması qət edilmişdir. İddiaçılar tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, cavabdeh məhkəmə qətnaməsi ilə götürməli olduğu əmlakları 2019-cu ildən yerləşdiyi yerdən İddiaçı2 mülkiyyətində olan evə yerləşdirmişlər, cavabdeh hazırki vaxtadək həmin əmlakları götürməmiş, bu səbəbdən mənzil kirayə verilməmiş və onlara maddi ziyan vurulmuş, iddiaçılar cavabdehdən dəymiş maddi ziyanın tutulmasını xahiş etmişlər. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində yerləşən 97d nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı2dır. Məhkəmə hesab edir ki, mübahisəli sahənin mülkiyyətçisi İddiaçı2 olduğundan, mülkiyyətində olan daşınmaz əmlakın kirayə verilməməsi ilə bağlı dəymiş maddi ziyanla əlaqədar tələb irəli surmək yalnız mülkiyyətçi kimi ona məxsusdur. Digər İddiaçı1 isə belə tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh evini kirayə verilə bilməməsinə görə maddi ziyanın ödənilməsi barədə iddia tələbi onun belə bir tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığından təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı2 cavabdehin hərəkətində hüquqa zidd əməlin olmasını, əmlakların hazırki vaxtadək onun mülkiyyətində olan sahədən aparmaması ilə əsaslandırmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində isə əmlakların Bakı şəhəri, Səbail rayonu, Həqiqət Rzayeva küçəsi, ev 7, 11 saylı mənzildən çıxarılması qət edilmişdir. Digər tərəfdən İddiaçı2 evin aylıq kirayə haqqı 500 manat həddində olma əsası ilə 2 il 4 ay müddətində cavabdehin qanuna zidd hərəkətləri ilə bağlı 14.000 manat zərər yetirilməsini iddia etsə də, evin əvvəllər kirayə verilməsi, kirayə haqqının 500 manat təşkil etməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlimiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:
1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.
2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Beləliklə yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Məhkəmə digər tərəfdən qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf irəli sürdüyü tələblərin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona ziyan vurulmasını iddia etsə də, belə bir ziyanın ona vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Yəni iddiaçı ümumiyyətlə ona maddi ziyanın vurulmasının mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarında formalaşan hüquqi mövqeyinə görə ədalət mühakiməsi faktlar əsasında və qanuna müvafiq keçirilməli, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Göründüyü kimi Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhz həmin mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, cavabdeh vurulmuş ziyan məbləğinin sığorta təşkilatı tərəfindən ondan tələb olunan məbləğdən az olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:
İddiaçı1 Cavabdeh qarşı maddi ziyanın tutulması tələbinə dair iddiası onun belə tələblə çıxış etməyə subyektiv hüququ olmaması səbəbindən əsassız olduğu üçün təmin edilməsin. İddiaçı2 Cavabdeh qarşı evini kirayə verə bilmədiyinə görə əldən çıxmış fayda kimi Cavabdeh 14000 (on dörd min) manat pulun və 200 (iki yüz) manat dövlət rüsumunun tutulması, 2022-ci ilin aprel ayından əşyalar onun evində qalmağı davam etdiyi halda hər ay üçün 500 (beş yüz) manat məbləğində hesablanaraq cavabdehdən alınıb ona verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev