Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-946/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X3 və cavabdehin nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Mənzil iddiaçının ailəsinə məxsusdur və oğlu olan Cavabdeh adına reyestrdə qeydiyyata alınmışdır. Oğlu mənzili sataraq öz şəxsi məqsədləri üçün sərf edəcəyini bildirir Dəfələrlə iddiaçı ona həmin mənzildən istifadə hüququ olduğunu bildirsə də, oğlu ona hər hansı kompensasiya verməyəcəyini bildirir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdə Cavabdeh oğlunun adına qeydiyyata alınmışdır. Tərəflərin izahatından aydın olur ki, iddiaçı başqa ünvanda qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh iddiaçının oğludur və sözügedən mənzil cavabdehin xüsusi mülkiyyətindədir. Həmçinin cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1- ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İstinad edilən Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə hər hansı bir fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Tətbiq olunan hüquq normalarından göründüyü kimi, hər hansı fiziki və ya hüquqi şəxs yalnız özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia tələbi təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınsın. Ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-946/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-946/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver