Məhkəmə qərarları › İş №2(009)-954/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-954/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-954/2022 27.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 25.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26% ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borclarının mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 05.04.2022-ci il tarixə "xxxx" KB ASC-yə 5288,46 manat əsas, 280,69 manat faiz, 60,3 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5629,45 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5288,46 manat əsas, 280,69 manat faiz, 60,3 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5629,45 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76,30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi İ.Şahverdiyev məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşayış yeri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların axırıncı yaşayış yerlərindən məhkəmə bildirişləri “bu ünvanda yaşamır” qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “Borcverən” qismində "xxxx" KB ASC ilə “Borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış 25.06.2020-ci il tarixli, 305micBKX/20-EM saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən bank borcalana 100.000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, 25.06.2030-cu il tarixədək, müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit vermiş və ona bank hesabı (cari, ssuda) açmışdır. İş üzrə “Borcverən” qismində "xxxx" KB ASC ilə “Borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış 25.06.2020-ci il tarixli, 305micBKX/20 saylı əlavə kredit müqaviləsinə əsasən Bank Borcalana 24 ay müddətinə qaytarmaq şərti ilə, illik 26% ödəmək şərti ilə 10.000 manat məbləğində kredit vermişdir. İş üzrə “Kreditor” qismində "xxxx" KB ASC ilə “Borclu” Cavabdeh1 və “Zamin” qismində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanılmış 25.06.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər bankla Cavabdeh1 arasında bağlanılmış 25.06.2020-ci il tarixli əlavə kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş üzrə "xxxx" KB ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 25.06.2020-ci il tarixli kredit müqaviləsi üzrə 05.04.2022-ci il tarixə 5288,46 manat əsas, 258,69 manat faiz borcu, 60,3 manat cərimə, 0 manat komisyon haqqı təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 26%-lə 10.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bank qarşısında zamin kimi çıxış etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka 5288,46 manat əsas, 280,69 manat faiz, 60,3 manat cərimə, cəmi 5629,45 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh1 kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, həmçinin digər cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə zamin durduğundan, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış 5288,46 manat əsas, 280,69 manat faiz, 60,3 manat cərimə borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. AR Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduqlarından, iddia tələbi təmin edilməli və yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 76,30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə 25.06.2020-ci il tarixli 305micBKX/20 saylı əlavə kredit müqaviləsi üzrə 05.04.2022-ci il tarixə yaranmış 5288,46 manat əsas borc, 280,69 manat faiz borcu, 60,3 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76,30 manat, cəmi 5705,75 (beş min yeddi yüz beş manat, yetmiş beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar