Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-959/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, iddiaçı Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuş və nikahları 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Cavabdehlə münasibətləri pisləşdiyi üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, qətnaməyə əsasən uşaq onun himayəsinə verilmiş, cavabdehdən uşağın 18 yaşına qədər saxlanması üçün hər ay 178 manat alimentin tutulması qət edilmişdir. 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən olunmuşdur. O, cavabdehdən həmin məbləği ödəməsini şifahi qaydada tələb etsə də, cavabdeh bunu könüllü şəkildə ödəməmiş, bu səbəbdən aliment məhkəmə qətnaməsi əsas götürülərək əvvəlki il üçün müəyyən olunan məbləğdə tutulmuşdur. xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü ildən etibarən hər ay 220 manat aliment, eləcə də 2021 və 2022-ci illərdə uşaqlar üçün müəyyən olunan yaşayış minimumları arasındakı fərqin bir illik cəmi olan 276 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyəti əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən olunmuşdur. Bu Qanun 2023-cü il yanvar ayının birindən qüvvədədir. Ailə Məcəlləsinin 55ci maddəsinə əsasən uşaq öz valideynlərindən bu Məcəllə ilə müəyyən olunan qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Aliment valideynin sərəncamına daxil olur və uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Göründüyü kimi qanunvericilik də alimenti uşağın saxlanması, tərbiyəsi və təhsili üçün lazım olan vəsait kimi qiymətləndirir. Belə olan halda, əlbəttə ki, alimentin miqdarı onun müəyyən edilməsində qarşıya qoyulan məqsədə nail olmaq üçün lazım olan miqdarda olmalıdır. Bununla bağlı olaraq bildirir ki, uşaq böyüdükcə onun saxlanması, qidalanma, təhsil, geyim və sair xərcləri də artır. Uşağın təhsili, qidalanması, geyimi, müalicələri, digər ehtiyacları əlavə xərclər tələb edir. Qətnamə ilə müəyyən olunan 170 manat aliment isə bu xərclərin qarşılığında çox azdır. Ona görə də cavabdehdən uşağın saxlanması üçün qətnamə ilə müəyyən olunan alimentin miqdarı artırılmalı, hər ay sabit pul məbləğində 220 manat pul tutulmalıdır. O, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq cavabdehlə mübahisənin mediasiya sessiyası vasitəsilə həll edilməsi üçün müraciət etmişdir. Lakin ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək mümkün olmadı. Bu mediator X3 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə verdiyi MŞB/16-00530 nömrəli xx.xx.2023-cü il tarixli arayışla da təsdiq olunur. Odur ki, alimentin miqdarının artırılması üçün məhkəmə müraciət etmək üçün zərurəti yaranmışdır və hesab edir ki, aliment cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü ildən etibarən hər ay 220 manat alimentin, eləcə də 2021 və 2022-ci illərdə uşaqlar üçün müəyyən olunan yaşayış minimumları arasındakı fərqin bir illik cəmi olan 276 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, 220 manat aliment ödəməyə razılıdr. Lakin bildiyi qədər artım məhkəmə qətnaməsindən sonra qüvvəyə minir, əvvəlki illər üzrə artıma görə birdəfəlik 276 manat pulun tutulması barədə tələbi qəbul etmir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşağı var. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-701/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə bağlanmış və 546 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X2 cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı (anası) İddiaçı yanında saxlanılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin ilkin iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia üzrə cavabdeh İddiaçı ödənilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin iddiaçı Cavabdeh tutularaq cavabdeh İddiaçı ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməsi qət edilmişdir. İş üzrə Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh alimentin artırılması mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü Ceyhun adlı uşağı var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşağın saxlanılması üçün sabit pul məbləğində 170 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən olunan aliment miqdarı, yəni 170 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 220 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği 170 manatdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır (bənd 8.13). Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsini, cavabdehin 2023-cü il üçün müəyyən edilmiş yaşayış minimum həddində alimentin artırılmasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin artırılması hissəsində iddia tələbi təmin edilməli və cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan sabit pul şəklində aliment 220 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 220 manat məbləğində pul xx.xx.2023-cü il tarixdən deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, alimentin artırılması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra artırılmış aliment məbləği tutulmalı olduğundan, həmin tutmanın xx.xx.2023-cü il tarixdən sonra tutulması barədə hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 2021 və 2022-ci illərdə uşaqlar üçün müəyyən olunan yaşayış minimumları arasındakı fərqin bir illik cəmi olan 276 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissəsində də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının alimentlə bağlı tələbi məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin olunduğundan, hər il uşaqlar üçün müəyyən edilən yaşayış minimum həddində alimentin artırılması ilə bağlı tələbin irəli sürülməsi isə aliment alan tərəfin müstəsna hüququ olduğundan, iradə ifadəsi isə irəli sürülmüş tələb zamanı yarandığından, əvvəlki illər üzrə iddiaçı alimentin artırılması barədə tələb irəli sürmədiyindən, məhkəmə hesab edir ki, həmin illər üzrə yaşayış minimumu arasında olan fərqin tutulması ilə bağlı irəli sürülən tələb əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2640 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 46,40 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-701/2020 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 220 (iki yüz iyirmi) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 46,40 (qırx altı manat, qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev