Məhkəmə qərarları › İş №2(009)-980/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-980/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-980/2021 14.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan üçün 242 manat ödənilməmiş hissə, 88 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən LG LED markalı televizor, Samsung A30S Araree A Cover Black, X3 Samsung A30s Black markalı aksesuarlar, LG markalı kinoteatr, televizor altlığı üçün, 6043,20 manat ödənilməmiş hissə, 828 manat dəbbə pulu hesablanmışdır, ümumilikdə, 7201 manat 20 qəpik borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan və LG LED markalı televizor, Samsung A30S Araree A Cover Black, X3 Samsung A30s Black markalı aksesuarlar, LG markalı kinoteatr, televizor altlığı almış və nəticədə 7201 manat 20 qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1123 manat (19 ay x 59 manat + 2 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan üçün ümumilikdə, 330 manat olmaqla ondan, 242 manat ödənilməmiş hissə, 88 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 6043 manat 20 qəpik (24 ay x 251.8 manat +0 manat ilkin ödəniş) LG LED markalı televizor, Samsung A30S Araree A Cover Black, X3 Samsung A30s Black markalı aksesaurlar, LG markalı kinoteatr, televizor altlığı üçün ümumilikdə, 6871 manat, 20 qəpik olmaqla ondan, 6043 manat 20 qəpik ödənilməmiş hissə, 828 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 881 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan və LG LED markalı televizor, Samsung A30S Araree A Cover Black, X3 Samsung A30s Black markalı aksesuarlar, LG markalı kinoteatr, televizor altlığı almış və nəticədə 7201 manat 20 qəpik borc yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Samsung markalı paltaryuyan üçün 330 manat, LG LED markalı televizor, Samsung A30S Araree A Cover Black, X3 Samsung A30s Black markalı aksesuarlar, LG markalı kinoteatr, televizor altlığı üçün 6871.2 manat, cəmi 7201.2 manat məbləğində R.Nəsi bovanın borcu vardır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan və LG LED markalı televizor, Samsung A30S Araree A Cover Black, X3 Samsung A30s Black markalı aksesuarlar, LG markalı kinoteatr, televizor altlığı almış və nəticədə 7201 manat 20 qəpik borc yaranmışdır. Cavabdeh qeyd olunan müqavilələr üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun Samsung markalı paltaryuyan üçün 242 manat, LG LED markalı televizor, Samsung A30S Araree A Cover Black, X3 Samsung A30s Black markalı aksesuarlar, LG markalı kinoteatr, televizor altlığı üçün 6043,20 manat ödənilməmiş borc tələbi əsaslıdır və təmin edilməlidir. Lakin cavabdehdən 88 və 828 manat məbləğində cərimə məbləğlərinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğlərin müvafiq olaraq 24 və 604 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan üçün 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən LG LED markalı televizor, Samsung A30S Araree A Cover Black, X3 Samsung A30s Black markalı aksesuarlar, LG markalı kinoteatr, televizor altlığı üçün, 6043,20 (altı min qırx üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 604 (altı yüz dörd) manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar