Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-981/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 296.2-ci maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-175/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Cavabdeh ona təyin edilmiş cəzanı çəkməkdən boyun qaçırtdığı üçün Binəqədi rayon Məhkəməsinin 7(001)-285/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə çəkilməmiş cəzası 09 ay 10 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və o, məhkəmə zalından həbs edilmişdir. xx.xx.2022-ci il tarixdə icra məmuru Mirelnur Musəvi tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələri – 01 ədəd mobil qurğu (“Attenti” markalı, 35654297 No-li) və 01 ədəd sadə elektron qolbaq (078CE21315 No-li) tətbiq edilərək ona təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 2277,40 manat dəyəri olan elektron nəzarət vasitəsi komplektini yararsız vəziyyətə salaraq onu təhvil verməməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Cavabdeh öz izahatında bu halı təsdiq etmişdir. Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh elektron nəzarət vasitəsi komplektinin dəyəri 2277,40 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin tam təmin edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, ED-M No 96-21 saylı məktubun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri nəzarət subyektindən tutulmalıdır: 1. Sadə elektron qolbaq -1 ədəd (sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası – x1) – 1930 manat, 2. ƏDV – 347,40 manat, cəmi 2277,40 manat. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-175/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 296.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 03 ay 20 gün müddətin 01 günü 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, yəni 07 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş cəzadan çıxılmaqla, üzərinə qəti olaraq 02 il 10 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23.00-dən 7.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhəri ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə zalından həbsdən azad edilməsi, Cavabdeh barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Cavabdeh narkomaniyadan məcburi müalicənin təyin edilməsi, ona təyin olunmuş narkomaniyadan məcburi müalicənin ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi, Cavabdeh verilmiş ittihamdan ümumi çəkisi 3.825 qr olan iki ədəd konvalyuta, 17 ədəd qırmızı rəngli dairəsi formalı həb travmadol hidroxlorid tərkibli dərman preparatının satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlanılması hissəsinin xaric olunması, iş üzrə maddi sübut Səbail rayon Polis İdarəsində saxlanılan sərf olunduqdan sonra qalan 0.203 qr. çəkidə psixotrop maddə metamfetamin, ümumi çəkisi 3.825 qr. olan iki ədəd konvalyuta, 15 ədəd qırmızı rəngli dairəvi formalı həb travmadol hidroxlorid tərkibli dərman preparatının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən təqsirləndirilən şəxs Cavabdeh hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 426 manat pul tutulub "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilməsi hökm edilmişdir. İş üzrə Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin böyük məsləhətçisi Fariz Şamilov, məsləhətçi Ceyhun Əkbərli və İddiaçı böyük icra məmuru Mirelnur Musəvi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, A-02/28 saylı aktın surətindən görünür ki, 35654297 nömrəli “Attenti” markalı 01 dəst elektron nəzarət vəsaitəsi Mirelnur Musəviyə təhvil verilmişdir. İş üzrə İddiaçı icra məmuru Mirelnur Musəvi tərəfindən Cavabdeh iştirakı ilə tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh 1 ədəd “Attenti” markalı elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil qurğunun enerji adaptoru, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq və yaddaş kitabçası) təhvil verilmiş və istifadə qaydaları izah edilmişdir. Məhkuma Səbail rayon Məhkəməsinin 1(009)-175/2021 saylı hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş üzrə İddiaçı icra məmuru Rövşən Ağayev tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, Cavabdeh tətbiq edilən elektron nəzarət vasitəsinə baxış keçirilmiş, elektron qolbağın məhkumun üzərində olmaması müəyyən edilmişdir. İş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-285/2024, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, təqdimat təmin edilmiş, məhkum Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-175/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 09 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Cavabdeh məhkəmə iclas zalından dərhal həbs edilmiş, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş və azadlıqdan məhrumetmə cəzasının əvvəli tutduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmış, qərarın icrası Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. İş üzrə İddiaçı böyük icra məmuru X2, idarənin böyük icra məmuru X3, idarənin icra məmuru X4 tərəfindən Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 296.2-ci maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-175/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh xx.xx.2022-ci il tarixli protokolla ona tətbiq edilmiş 01 komplekst elektron nəzarət vasitəsini təhvil verməmişdir. İş üzrə Cavabdeh tərəfindən İddiaçınə yazılmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, Azərbaycan Respublikası CM-nin 234.1 və 296.2-ci maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-175/2022 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Elektron nəzarət vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyərinin ondan tutulması barədə icra məmuru tərəfindən xəbərdar olunmuşdur. Cəzadan boyun qaçırdığı üçün Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ona 09 ay 10 gün azadlıqdan məhrumetmə cəzası verilmişdir. X1 Müəssisəsində çəkmişdir. Mobil qurğunu suyun təsirindən qeyri-işlək vəziyyətə düşmüşdür. Qurğu işləmədiyi üçün qolbağın klipsini sındırmaqla onu açıb evə qoymuşdur. Elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşdüyündən onu özü ilə gəzdirməyib zibil qutusuna almışdır. Mobil qurğunu və qolbağı zibil qutusuna atdığı üçün hal-hazırda onları geri qaytara bilmir. O, elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat pulu ödəməkdən imtina etmir. Hal-hazırda ziyandan ödəniş edə bilmir. İmkanı olan kimi bu pulu hissə-hissə də olsa ödəyəcəkdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(009)-175/2022 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh təhkim olunmuş və onun tərəfindən təhvil verilməmiş elektron nəzarət vasitəsi komplektinin dəyəri olan 2277,40 manat pulu təqdim olunmuş müvafiq hesaba ödənilməsi tələb olunur. Elektron nəzarət vasitəsinin komplekstinin dəyəri olan 2277,40 manat pul Cavabdeh tərəfindən könüllü ödənilmədiyi halda həmin qurğunun dəyərinin Cavabdeh məcburi alınması üçün məhkəməyə müraciət olunacaqdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)- 175/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CMnin 234.1-ci və 296.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icra edilməsi haqqında göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, icra məmuru məhkum Cavabdeh iştirakı ilə protokol tərtib edərək məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı məhkuma izah edilmiş, həmin tarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd “Attenti” markalı, 35654297 nömrəli elektron nəzarət vasitəsi təhvil verilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları Cavabdeh izah edilmiş və həmin avadanlıqlara görə üzərinə gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-285/2024, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-175/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikasının CM-nin 52-1.5-ci maddəsinə əsasən 09 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh xx.xx.2022-ci il tarixli protokolla ona tətbiq edilmiş 1 komplekt elektron nəzarət vasitəsini təhvil verməmişdir. Cavabdeh elektron nəzarət qurğusunun ehtiyatsızlıqdan suyun təsirindən yararsız hala düşdüyündən onu zibil qutusuna atdığını etiraf etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh elektron nəzarət vasitələrini üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 2277,40 manat dəyəri olan elektron nəzarət vasitəsini – mobil qurğunu yararsız vəziyyətə salmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Bu səbəbdən iddiaçı həmin ziyanın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cəzalarını İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:
1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.
2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Eyni zamanda zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. İş üzrə "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 1 ədəd “Attenti” markalı elektron nəzarət qurğusu komplektinin (1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun elektrik adapteri, proqram lisenziyası) dəyəri 2277,40 manat təşkil etmişdir. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, cavabdehin elektron nəzarət vasitəsi komplektini yararsız hala salması nəticəsində ziyan dəyməsi təsdiq olunduğundan, cavabdeh həmin ziyanla bağlı mülki məsuliyyət daşıyır və bu səbəbdən vurulmuş ziyanın əvəzi kimi ondan 2277,40 manat məbləğində pulun tutulması barədə iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün dövlət rüsumundan azad olunduğundan, iddia tələbi isə təmin olunduğundan, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 42,77 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi elektron nəzarət vasitəsi komplektinin dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 42,77 (qırx iki manat, yetmiş yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev