Məhkəmə qərarları › İş №2(010)-100/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-100/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-100/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2306.72 manat əsas borc, 14.88 manat faiz borcu, cəmi 2321.60 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə X7 ilə arasında bağlanmış 25.10.2017-ci il tarixli 67-25.10.2017-SM101 saylı kredit müqaviləsinə əsasən bank borcluya illik 29 % olmaqla 24 ay müddətinə 2650 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 03.03.2018-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisinin 19.03.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X4 Banka ödənilməmiş 2306.72 manat əsas borc, 14.88 manat faiz borcu, cəmi 2321.60 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, X7 İddiaçı ASC ilə aralarında 25.10.2017-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank borcluya 2650 manat məbləğində kredit vermişdir. X2 03.03.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 və Cavabdeh2 onun qanun üzrə vərəsələridir. Hazırkı cavabdehlərin kreditlə bağlı məlumatları olmamışdır. Belə ki, müqavilədə olan imzalar mərhum X4 imzaları deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 25.10.2017-ci il tarixli 67-25.10.2017-SM101 saylı kredit müqaviləsindən və Kredit Müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, X6 illik 29 % olmaqla 24 ay müddətinə 2650 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 26.04.2021-ci il tarixli arayışdan görünür ki, X5 2306.72 manat əsas borc, 14.88 manat faiz borcu, cəmi 2321.60 manat borcu vardır. İş materiallarına əlavə edilmiş AZ-İ 925621 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 03.03.2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş 05.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 X4 vərəsəsi hesab olunmuşlar. Şəhadətnamə üzrə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət sığorta Kommersiya şirkətinin 07.02.23 nömrəli 03.06.2020-ci il tarixli məktubuna əsasən 32256 manat məbləğində olan sığorta ödənişindən ibarətdir. İş materiallarına əlavə edilmiş 09.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Məcəllənin 1309-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış 25.10.2017-ci il tarixli 67-25.10.2017-SM101 saylı kredit müqaviləsinə əsasən bank X6 illik 29 % olmaqla 24 ay müddətinə 2650 manat məbləğində kredit vermişdir. Bundan başqa X7 03.03.2018-ci il tarixdə ölmüş və onun vərəsələri Cavabdeh1 və Cavabdeh2 hər biri ½ hissədə miras əmlakdan pay almışlar. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, digər cavabdeh yetkinlik yaşına çatmadığından iş üzrə tələb olunan məbləğ Cavabdeh1 2306.72 manat əsas borc, 14.88 manat faiz borcu, cəmi 2321.60 manat borc və 30.40 manat dövlət rüsumu və bank xidmət xərci tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh1 25.10.2017-ci il tarixli 67-25.10.2017-SM101 saylı kredit müqaviləsi üzrə 2306.72 manat əsas borc, 14.88 manat faiz borcu, cəmi 2321.60 (iki min üç yüz iyirmi bir manat, altmış qəpik) manat borcun və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu və bank xidmət xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar