Məhkəmə qərarları › İş №2(010)-1011/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1011/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1011/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 11.05.2020-ci il tarixli müqaviləyə əsasən, Sony KD markalı televizor, HP Pavilion markalı komputer üçün 4226 manat ödənilməmiş hissə, 1302 manat dəbbə; 05 iyun 2020-ci il tarixli müqaviləyə əsasən, Apple AirPods Pro markalı qulaqlıq üçün 347 manat ödənilməmiş hissə, 99 manat dəbbə, cəmi 5974 manat borc və 79.74 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11.05.2020-ci il və 05.06.2020-ci il tarixli müqavilələrə əsasən, Sony KD markalı televizor, HP Pavilion markalı komputer və Apple AirPods Pro markalı qulaqlıq almış və nəticədə 5974 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.05.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 900 manat (12 ay x 75 manat + 0 ilkin ödəniş) Sony KD markalı televizor, HP Pavilion markalı komputer üçün cəmi 5528 manat olmaqla ondan, 4226 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1302 manat dəbbə; 05.06.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 666 manat (12 ay x 55.5 manat + 0 ilkin ödəniş) Apple AirPods Pro markalı qulaqlıq üçün cəmi 446 manat olmaqla, ondan 347 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 99 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2292 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən işə nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirdi ki, o, kreditə mal götürən vaxt “Atef” Şirkətlər qrupunda işləmiş, 1000-1500 manat aylıq gəliri olmuşdur. Həmin vaxt əmək haqqı yaxşı olduğundan hesab etmişdir ki, aylıq 310 manat kredit ödənişini aybaay ödəyə bilər. Lakin o, bu krediti götürdükdən təxminən 1 ay sonra sonra işdə müəyyən problemlər olmuş və onu işdən çıxarmışlar. Daha sonra da əməliyyat olunmuş, bu il fevral ayının birinə kimi işləyə bilməmişdir. Bu müddətdə atası da işdən çıxmalı olduğundan aylıq ödənişləri ödəyə bilməmişdir. Fevral ayının birindən işə başlasa da səhhəti ilə əlaqədar iki aydır ki, öz hesabına məzuniyyətdədir. Bütün bu problemlərə görə vaxtında ödəniş edə bilməmişdir. Yəni, müqavilə üzrə öhdəliklərini üzrlü səbəbdən lazımınca icra edə bilməmişdir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 11.05.2020-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 11.05.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 24.06.2020- 24.11.2021-ci il tarixləri arasında hər ay 310.5 manat məbləğində ödəniş edilməsi təsdiq edilmişdir. 11.05.2020-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 05.06.2020-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 05.06.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 18.07.2020- 18.06.2021-ci il tarixləri arasında hər ay 55.5 manat məbləğində ödəniş edilməsi təsdiq edilmişdir. 05.06.2020-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. 05.01.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh borcundan cəmi 2292 manat ödəmiş, 4573 manat əsas borca görə ödənilməmiş məbləğ, 1401 manat cərimə olmaqla, cəmi 5974 manat məbləğində borcu qalmışdır. 06.11.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu və borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh X2 "xxxx" MMCdən 11.05.2020 və 05.06.2020-ci il tarixli müqavilələr əsasında müxtəlif dəyərli malları almış, pulu hissə-hissə qaytarmağı öhdəsinə götürmüş, buna baxmayaraq müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı "xxxx" MMC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alğısatqı müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilələr üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə göstərilən əşyaları borcluya vermişdir. Borclu isə alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alğı-satqı müqavilələrin hər biri üzrə ödənilməmiş əsas borc tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas borca münasibətdə qanuni və əsaslı olsa da, iddia tələbi dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən iki müqavilə üzrə cəmi 1401 (1302+99) manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq birinci müqavilə üzrə 50 manat, ikinci müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11.05.2020-ci il tarixli müqavilə üzrə 4226 manat əsas borc, 50 manat cərimə borcu, cəmi 4276 manat pul, 05.06.2020-ci il tarixli müqavilə üzrə 347 manat əsas borc, 10 manat cərimə borcu, cəmi 357 manat pul, ümumilikdə 4633 (dörd min altı yüz otuz üç) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 79.74 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 66.33 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4573 manat məbləğində əsas borc və 60 manat məbləğində cərimə olmaqla, cəmi 4633 (dörd min altı yüz otuz üç) manat məbləğində pul və 66.33 manat (altmış altı manat otuz üç qəpik) məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar