Məhkəmə qərarları › İş №2(010)-103/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-103/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-103/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə müraciət edərək, cavabdehdən 3300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 14 dekabr 2019-cu il tarixdə 3300 manat məbləğində pul vermişdir. Razılığa əsasən cavabdeh borcu hər ay 275 manat olmaqla 1 il müddətinə 2020-ci ilin dekabrınadək hissə-hissə qaytarmalı idi. Cavabdeh tərəfindən borc bügunə kimi ödənilməmişdir. Cavabdehə borcun qaytarılması barədə dəfələrlə xəbərdarlıq etsə də, o müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasından yayınmışdır. Cavabdehin istifadəsində olan telefona dəfələrlə borcun qaytarılması barədə sms yazmış, cavabdeh isə cavabında borcunu tezliklə qaytaracağını bildirmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən olunmuş hallarla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, Cavabdeh iddiaçı tərəfindən məhkəmə tədqiqatına təqdim olunaraq araşdırılmış telefon vasitəsilə aparılan “SMS” çıxarışlarında əks olunan yazışmalarda aşağıdakı məzmunda və orfoqram saxlanılmaqla mətnlər yerləşdirilmişdir: Cavabdeh: “Salam Yaşar necesen? Birinci gune kimi yubat.Gozlet”; İddiaçı: “Ona kimi nə olacağkı.Gecə növbəsindən gəlmişəm evə hələdə yatmamışam düşüblər üstümə”; Cavabdeh: “Yasar sadece birinci güne kimi sebr ele hel edecem. Narahat olma”; İddiaçı: “Bu birinci günə kimi demişdin məndə evdə demişdim ki borcu tam olaraq verəcəy. Dedim Fuad 1-ci günə kimi gözləyəcəylər. Amma onnan o tərəfə day yox.. Day yalvar yaxarnan saxlamışam”; İddiaçı: “Salam necəsən Fuad. Ayda niyə belə elədine Fuad.Heçolmasa aylığları ödüyərdində söhbət bu yerə gəlib çıxmazdı. 7 ay gözlədim. Anam mən sabah dəyəm brüsügün gəlicey tükana alem dəyicey bir birinə. Polisə gedib ərizə yazmaq istiyir. Qonşumuz vəkil Aliklədə danışıb..”; Cavabdeh : “salam yaşar oldu” İddiaçı: “Fuad əgər doğurdanda sənə verdiyim pulu 3000 nab ödüyəcəysənsə gedəy natarusa təsdiqləyəkki mən sənə 3000 man vermişəm vəssalam. Münasibətimizdə bərpa olsun...”; Cavabdeh : “elbetde gedek” İddiaçı: “nə vaxt..”; Cavabdeh : “sabah ya brigun. Çünki başım qarışıqdı” İddiaçı: “sabah evdəyəm. Vaxt aparan bir şey deyil..”; Cavabdeh : “oldu ela sabah söz gedək” İddiaçı: “Binədə var natarus.”; Cavabdeh : “hə var can” İş materiallarına əlavə edilmiş ABB Pirallahı şöbəsinin 08.02.2022-ci il tarixli arayışından müəyyən olunur ki, "ABB"-nin Pirallahi filialı ilə İddiaçı arasında bağlanmış 05.12.2019-cu il tarixli BPM**********90 saylı kredit müqaviləsinə əsasən verilmiş 3000 (üç min) manat və 10.12.2019-cu il tarixli BPM**********73 saylı kredit müqaviləsinə əsasən verilmiş 8100 (səkkiz min yüz) manat məbləğində kredit tam ödənilmişdir. 08.02.2022-ci il tarixə İddiaçı bank qarşısında qeyd olunan müqavilələr üzrə heç bir borc öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı iddia tələbində qeyd olunan məbləğdə borcunu etiraf etməsi öz təsdiqini tapdığına görə məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3300 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar