Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1032/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 16846,19 manat əsas, 2639,52 manat faiz borcu, 310,14 manat cərimə borcu olmaqla, cəmi 19795,85 manat məbləğində borcun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı ASC-nin iddia ərizəsini onun əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank borcluya 59 ay müddətinə, illik 20% olmaqla 19000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirdikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Hazırda Cavabdeh İddiaçı ASC-yə 16846,19 manat əsas, 2639,52 manat faiz borcu, 310,14 manat cərimə borcu olmaqla, cəmi 19795,85 manat təşkil edir. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir.
Tərəflərin izahatları.
3. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank borcluya 59 ay müddətinə, illik 20% olmaqla 19000 manat məbləğində kredit vermişdir. Hal-hazırda Cavabdeh İddiaçı ASC-yə 16846,19 manat əsas, 2639,52 manat faiz borcu, 310,14 manat cərimə borcu olmaqla, cəmi 19795,85 manat borcu vardır. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Belə ki, xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən İddiaçı ASC-yə sonuncu ödəniş həyata keçirilmişdir. Belə olan halda iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli Kredit sazişinə əsasən bank tərəfindən ona 19000 manat məbləğində kredit verilmiş, lakin onun əmək haqqı azaldığı üçün krediti bir il ərzində gecikdirmiş və vaxtında ödəyə bilməmişdir. Belə ki, o hazırda “X1 Kompani S.A.” şirkətində qazmaçı vəzifəsində işləyir və cəmi 1200 manata yaxın əmək haqqı alır. O, həmin pul vəsaitini övladının böyrəyinin dəyişilməsi məqsədilə bankdan götürmüş, lakin "xxxx" ASC tərəfindən onun əmək haqqının tutulması səbəbindən o hazırkı krediti ödəyə bilmir. Qeyd olunanlara əsasən o həmin məbləğin birdəfəyə ödəmək qabiliyyətində olmadığını və yalnız hissə-hissə ödəyəcəyini bildirmişdir.
İş materialları.
5. xx.xx.2023-cü il tarixli Kredit Sazişindən müəyyən olunur ki, İddiaçı ASC Cavabdeh 59 ay müddətinə, illik 20% olmaqla 19000 manat məbləğində kredit verilmişdir.
6. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır.
7. xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 16846,19 manat əsas, 2648,88 manat faiz borcu, 310,14 manat cərimə borcu vardır.
8. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü Bildirişin məzmunundan görünür ki, cavabdehə mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir.
9. İş materialına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə vermək üçün 150 manat dövlət rüsumu ödənilmişdir.
10. İstehlak kreditinin alınması üçün xx.xx.2023-cü il tarixli Ərizə-anket-dən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-dən 59 ay müdətində, 19000 manat kreditin ayrılması üçün yazaraq müraciət etmişdir.
İşin faktiki halları.
11. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, CC/21598/91/15 saylı kredit sazişi bağlanmış və cavabdehə 59 ay müddətinə, illik 20% olmaqla 19000 manat məbləğində kredit verilmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehlərin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
16. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Həmçinin tələb edilən cərimə məbləği (310,14 manat) əsas borca mütənasibdir.
17. Odur ki, Cavabdeh 16846,19 manat əsas, 2639,52 manat faiz borcu, 310,14 manat cərimə borcu olmaqla, cəmi 19795,85 manat borc tutularaq iddiаçı İddiaçı ASC-yə ödənilməlidir.
Məhkəmə xərcləri.
18. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
19. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16846,19 manat əsas, 2639,52 manat faiz borcu, 310,14 manat cərimə borcu olmaqla, cəmi 19795,85 manat məbləğində borc və 150 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır.
21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, CC/21598/91/15 saylı kredit sazişi üzrə 16846,19 manat əsas, 2639,52 manat faiz borcu, 310,14 manat cərimə borcu olmaqla, cəmi 19795,85 (on doqquz min yeddi yüz doxsan beş manat, səksən beş qəpik) manat məbləğində borc və 150 (bir yüz əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova