Məhkəmə qərarları › İş №2(010)-1041/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1041/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1041/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2010-cu il təvəllüdlü X5 və 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən, İddiaçı Cavabdeh ilə xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuşuq. Birgə nikahımızdan 2003-cü il təvəllüdlü X9, 2005-ci il təvəllüdlü X7, 2010-cu il təvəllüdlü X5, 2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1850/2022 saylı qətnaməsi ilə 23 mart 2022-ci ildə 388 saylı qeydlə rəsmiləşdirilmiş nikahımız pozulmuş, qətnamə ilə övladlarımın mənimlə qalmaları, habelə mənim xeyrimə 2005-ci il təvəllüdlü X7, 2010-cu il təvəllüdlü X5, 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat olmaqla cəmi 579 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qeyd etmək istərdim ki, qətnamə qəbul olunan il ölkə üzrə yaşayış minimumu 193 manat təşkil etmişdir. 2024-cü il yanvarın 1-dən etibarən qüvvəyə minən “2023-cü il üçün yaşayış minimum haqqında” qanuna əsasən uşaqlar üçün müəyyən olunan məbləği cavabdeh bu zamana qədər heç nəzərə almamışdır. Ancaq 2005-ci il təvəllüdlü X3 2023-cü il iyun ayında 18 yaşına daxil olması ilə cavabdeh onun üçün ödədiyi aliment məbləğini dərhal dayandırmışdır. Cavabdehlə mənim birgə nikah dövründən 4 övladımız var. Övladlarımız mənimlə qalırlar. Mən 2021-ci ildən işsizəm və uşaqlarımızın xərclərini cavabdehin ödədiyi aliment məbləği ilə qarşılamağa çalışıram. Cavabdeh isə 2023-cü ilin iyun ayından sonra uşaqlarda yalnız 2-si üçün aliment ödənişi edir və bunu belə 2022-ci il üzrə müəyyən olunan yaşayış minimumuna uyğun edir. Bu məbləği indiki bazar qiymətləri ilə 4 övlad üçün bölüşdürmək həqiqətən çətindir. Nəzərə alınmalıdır ki, övladlarımız böyüyür və onların tələbatları da dəyişərək daha da çoxalmağa doğru gedir. Ölkə üzrə ərzaq və qeyri-ərzaq, habelə xidmətlərin qiymətlərinin də artımını nəzərə alsaq faktiki çətinliyi anlamaq çətin olmayacaqdır”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirdi və təqdim etdiyi iddianın etirafı barədə ərizəyə uyğun olaraq, iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1850/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 boşanmadan sonra İddiaçı yanında qalması, və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş, AZ-İİ seriyalı, 518993 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Bakıda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 2261 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 870230 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2016-cı il tarixdə Bakıda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 4077 nömrə ilə qeyd edilmişdir.

İşin faktiki halları.

8. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Birgə nikahından doğulmuş digər iki uşaq artıq yetkinlik yaşına çatmışdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

15. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

18. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddia etiraf edilmişdir. Məhkəmə hesab edir ki, bu etiraf qanuna zidd deyil, həmçinin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.

19. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi həm qanuna uyğundur, həm də heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Bu vəziyyətdə cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul edilməli və iddia təmin edilməlidir.

20. Son olaraq, məhkəmə onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 14) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərci.

21. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 76.4 manat məbləğində ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1850/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1041/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, ödənilməmiş 76.4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1850/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dört yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1041/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Ödənilməmiş 76.4 manat (yetmiş altı manat qırx qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar