Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-105/2025 07.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pəncərənin bağlanması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pəncərənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsindən onun həyətinə baxan pəncərənin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə fərdi yaşayış evinin tikintisi məqsədilə Suraxanı rayonu, Bülbülə Bələdiyyəsi tərəfindən ona ünvan 1 ünvanında, sahəsi 270 kv.metr olan torpaq sahəsi ayrılmışdır. Elə həmin il sözügedən torpaq sahəsində birmərtəbəli, iki otaqlı fərdi yaşayış evi inşa etdirərək ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. Cavabdeh qonşuluğundakı həyətində ikimərtəbəli ev inşa etdirərkən ikinci mərtəbədə onun həyətinə baxan divarda pəncərə qoydurmuşdur. Həmin pəncərədən onun mətbəxinin, hətta yataq otağının içərisi görünürdü. Bu səbəbdən də Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək, onun pəncərəsinin bağlanması barədə sərəncam verilməsini xahiş etmiş və İcra Hakimiyyəti başçısının sərəncamı ilə pəncərə bağlanmışdır. Lakin bu hadisədən xeyli zaman keçdikdən sonra cavabdeh yenə də həmin divardan eyni ilə həmin yerdən yenə pəncərə açdırmış və ailənin narahatlığına səbəb olan hərəkət etmişdir. Dəfələrlə cavabdehə müraciət edərək, qonşuluqda birgəyaşayış normalarını pozmamasını, qarşılıqlı münasibətlərin qorunmasını xahiş etsə də cavabdeh buna məhəl qoymamış və onlardan intiqam alırmış kimi öz bəd niyyətini həyata keçirərək sözügedən pəncərəni açdırmışdır. Bununla bağlı yenidən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etsə də heç bir tədbir görülməmişdir. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində qeyd edilənlərdən əlavə bildirdi ki, cavabdehin pəncərəsindən onun evinin içərisi və həyətdə oturmaq üçün quraşdırılmış talvarın içərisi görünməsə də darvazadan onun evinə gələn yol oradan görünür və onun həyətində səs-küy olan kimi həmin pəncərədən həyətinə baxırlar. Bu isə onu və ailəsini narahat edir. Cavabdehin ona qarşı qaldırdığı iddiaya gəldikdə isə həmin iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı düzgün danışmır. Məhkəmə tərəfindən baxış keçirilən zaman da müəyyən olundu ki, mübahisə olunan pəncərədən iddiaçının nə evinin, nə də yayda oturmaq üçün tikilmiş, evinin həyətində olan talvarın içərisi görünmür. İddiaçının məhkəməyə müracət etməsinin əsl səbəbi pəncərənin sökülməsi deyil, onun bundan əvvəl iddiaçıya qarşı məhkəmədə qaldırdığı iddiadır. Belə ki, bundan əvvəl o, öz həyətində oğlu üçün ev tikdirəndə iddiaçı həmin evdən onun həyətinə açılan pəncərəni bağlatdırmışdır. Bundan sonra o, Bakı şəhər Suraxanı Rayon Məhkəməsində bu iş üzrə iddiaçıya qarşı iddia qaldırmış, iddia təmin edilərək İddiaçı tərəfindən tikilmiş hasarın sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması barədə qətnamə qəbul edilmişdir. Məhz bundan sonra İddiaçı ona qarşı belə bir iddia qaldırmışdır. Bundan əlavə, o, 1993-cü ildən həmin evdə yaşayır və pəncərə də həmin vaxtdan yerindədir. İddiaçı ondan 10 il sonra həmin evə köçmüşdür. Hesab edir ki, iddia əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində istifadədə olan 0.00716 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.9 kv.metr yaşayış, 24 kv.metr köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 3610 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 10/8086 nömrəli məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlar və cavabdehin istifadəsində olan evin hündürlüyünün 7.3 metr, cavabdehin iddiaçı ilə həmsərhəd olan daş hasarla ara məsafəsinin 3.75 metr (7.3x0.3=2.19 metr olmalı olduğu halda) olduğu və iddiaçının istifadəsində olan evin hündürlüyünün 4.1 metr, iddiaçının cavabdehlə həmsərhəd olan daş hasarla ara məsafəsinin 5.94 metr olduğu (4.1x0.3=1.23 metr olmalı olduğu halda) nəzərə alınaraq, iddiaçı və cavabdeh tərəfindən daş hasarla istifadələrində olan fərdi yaşayış evləri arasındakı ara məsafələrinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci yarım bəndinin tələbinə uyğun olduğu müəyyən edilmişdir.
Yerində müayinə.
7. Məhkəmə tərəflərin qonşuluqda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 35 ünvanında və yanındakı evdə yerində müayinə keçirmişdir. Bu zaman müəyyən edilmişdir ki, cavabdehin evinin pəncərəsindən iddiaçı ilə sərhəd hasarına baxan pəncərədən nə iddiaçının evi, nə də həyətdə istirahət üçün tikilmiş talvar görünür. Görünən yalnız iddiaçının həyətinə giriş qapısından (darvazadan) evə qədər olan yolun bir hissəsidir.
İşin faktiki halları.
8. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşayır.
9. İddiaçı ailəsi ilə birlikdə yaşadığı ev həmin evlə qonşuluqda yerləşir. İki evi birbirindən daş hasar ayırır. Cavabdehin evinin pəncərəsi də bu hasara açılır.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 170. Qonşuluq hüququ. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.
12. İşin faktiki hallarından görünür ki, iş üzrə tərəflər qonşudurlar, onların yaşadıqları fərdi yaşayış evlərini bir-birindən daş hasar ayırır. İddiaçı iddia edir ki, cavabdeh Zülfiyyə Abdullayevanın evinin pəncərəsindən onun evi görünür ki, bu da onun və ailəsinin narahatlığına səbəb olur. Cavabdeh tərəf isə öz növbəsində iddianı qəbul etməyərək bildirir ki, iddiaçının mübahisələndirdiyi pəncərədən onun evi görünmür, həmçinin onlar iddiaçıdan illər əvvəldən həmin evdə yaşayırlar və pəncərə həmişə eyni yerdə olmuşdur. Cavabdeh tərəfə görə, iddiaçının bu iddia ilə məhz hazırda məhkəməyə müraciət etməsinin səbəbi tərəflərindən iddiaçıya qarşı qaldırılmış zəbt edilmiş torpaq sahəsinin qaytarılmasına dair iddianın təmin edilməsidir və iddiaçı həmin iddiaya cavab olaraq hazırkı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir.
13. Tərəflər arasındakı mübahisəli məsələnin həlli məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert qarşısında iki ev arasındakı məsafənin tikinti-texniki normalara uyğun olub-olmaması ilə bağlı sual qoyulmuşdur. Verilmiş ekspert rəyində hər iki evin daş hasarla arasındakı məsafənin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu müəyyə edilmişdir. Həmçinin məhkəmə ünvanda yerində müayinə keçirmiş, mübahisəli pəncərədən nə iddiaçının evinin, nə də həyətdə istirahət üçün tikilmiş talvarın göründüyü, görünənin yalnız iddiaçının həyətinə giriş qapısından (darvazadan) evə qədər olan yolun bir hissəsi olduğu müşahidə edilmişdir.
14. Məhkəmə hesab edir ki, bu vəziyyətdə cavabdehin tikinti norma və qaydalarını pozaraq qonşuluq hüququnu pozduğu müəyyən edilə bilməz. Ona görə ki, qanunvericilik tikililər arasındakı məsafələr ilə bağlı konkret göstəricilər müəyyən etmişdir ki, hazırkı işdə bu göstəricilərin pozulmadığı ekspert tərəfindən müvafiq ölçü işləri aparılaraq və rəydə ətraflı təsvir edilərək müəyyən edilmişdir. Bu baxımdan məhkəmə müvafiq rəylə razılaşmamaq üçün əsas görmür və mübahisəli pəncərənin tikinti-texniki normalar baxımından qonşuluq hüququna müdaxilə təşkil etmədiyi qənaətinə gəlir.
15. Pəncərədən iddiaçının həyətə giriş qapısından evinə gedən yolun bir hissəsinin görünməsinin şəxsi və ailə həyatına hörmət hüququna müdaxilə kimi qiymətləndirilməsinin mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən keçirilən yerində müayinə zamanı sözügedən pəncərədən nə iddiaçının evinin, nə də həyətdəki istirahət üçün talvarın görünmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, pəncərədən görünən yolun bir hissəsi şəxsi və ailə həyatı elementlərinin yaşandığı sahə hesab edilmədiyindən həmin hissənin görünməsi də şəxsi və ailə həyatına hörmət hüququnun pozulması kimi qəbul edilməməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 171.1-ci maddəsində də müəyyən edildiyi kimi, qonşu digər qonşunun ona öz sahəsindən istifadə etməkdə maneçilik yaratmayan və ya hüququnu əhəmiyyətsiz dərəcədə pozan təsirlərinə dözməlidir.
16. Məhkəmə hesab edir ki, hazırkı işdə tikinti-texniki normalara uyğun məsafədə yerləşmiş pəncərədən iddiaçının həyətinin şəxsi və ailə həyatı elementlərinin yaşanmadığı (təyinatı bu olmayan), yalnız funksional istifadə üçün nəzərdə tutulmuş yolun bir hissəsinin müşahidə edilə bilməsi yuxarıda istinad edilmiş maddənin mənası baxımından “hüququ əhəmiyyətsiz dərəcədə pozan” təsir kimi qiymətləndirilməli, iddiaçının bu təsirə dözmək vəzifəsi olduğundan pəncərənin bağlanması ilə bağlı iddia təmin edilməməlidir.
Məhkəmə xərcləri.
17. İş materiallarından görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.1.20-ci maddəsinə əsasən, məcburi köçkünlər dövlət rüsumunun ödənilməsindən azaddırlar. Buna baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
18. Hazırkı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli olsa da nəzərə alınmalıdır ki, iddiaçı məcburi köçkün olduğundan rüsumun ödənilməsindən azad olmuşdur. Belə olan halda məhkəmə iddiaçının məhkəməyə müraciət edərkən ödədiyi rüsumu artıq ödənilmiş rüsum kimi qiymətləndirir və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən hesab edir ki, artıq ödənilmiş həmin rüsum dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.
19. Ekspertiza xərcinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə xərclərinin ödənilməsindən bütövlükdə azad olmadığından və iddia təmin edilmədiyindən 100 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, artıq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalı, 100 manat məbləğində ekspertiza xərci isə iddiaçıdan tutularaq ekspertizanı keçirən orqanın hesabına ödənilməlidir.
21. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pəncərənin bağlanması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. 100 (yüz) manat məbləğində ekspertiza xərci iddiаçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.