Məhkəmə qərarları › İş №2(010)-1050/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1050/2024

25.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1050/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X9 iclas katibliyi, iddiaçıların nümayəndəsi X15, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və Cavabdeh Sadiq oğlunun iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Sadiq oğluna qarşı (Bakı şəhəri Suraxanı Rayonu Bülbülə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrə və müdaxilələrə qadağa qoyulması, giriş-çıxışın bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı X15 Cavabdeh Sadiq oğluna qarşı (Bakı şəhəri Suraxanı Rayonu Bülbülə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrə və müdaxilələrə qadağa qoyulması, giriş-çıxışın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Sadiq oğlu və onun havadarları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əliyağa Ağayev (keçmiş oktyabrın 40 illiyi) küçəsində icarə yolu ilə istifadələrindəki torpaq sahəsinin darvazasından giriş-çıxışa süni surətdə yaradılan maneələrə və müdaxilələrə qadağa qoyulması, cavabdeh tərəfindən onun həyətinə açılmış girişin bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsl olmayan tərəfin əvəz edilməsi İddiaçı X15 xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmənin icraatında olan və üzərindən maneələrin götürülməsini xahiş etdiyi torpaq sahəsinin atası İddiaçı1 və anası İddiaçı2 məxsus olduğunu bildirmiş və məhkəmədən onun əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əliyağa Ağayev (keçmiş Oktyabrın 40 illiyi) küçəsində Bülbülə Bələdiyyəsi ilə ailə üzvləri (atası İddiaçı1 və Cəfərova Gülşən) arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 21 nömrəli və xx.xx.2005-ci il tarixli, 35 nömrəli müqavilə əsasında istifadələrində olan torpaq sahəsinə qonşuluqda yaşayan və özünü qazi kimi təqdim edən Cavabdeh Sadiq oğlu onun həyətinə giriş açaraq darvazasını arxadan bağlayır, onu nalayiq ifadələrlə təhqir edir, onun konstitusion və vətəndaşlıq hüququnu pozur. Bununla bağlı o, Ali orqanlara və ərazi üzrə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Cavabdeh istifadə etdiyi ***-***- **-** mobil nömrədən ona bir neçə dəfə zəng edərək, görüşməy istədiyini və ortaq məxrəcə gəldikdən sonra bu hallara son qoyacağını bildirmişdir. O, Çingizin sözlərinə məhəl qoymamış və müvafiq qurumlara müraciət edəcəyini bildirsə də, Çingiz nalayiq sözlərlə hər dəfə onu təhqir edir, onu ölümlə hədələyir. Hətta Cavabdeh himayədarlarından tanımadığı biri onun mobil telefonuna zəng edərək onu hədələmiş və təhqir etmişdir. Dəfələrlə belə halların təkrar olunduğunu və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq üçün o, hüquq mühafizə orqanlarına müraciət edərək qazi adından sui-istifadə edən və ona hədə-qorxu yolu ilə təzyiq göstərən Cavabdeh və onunla birgə olan şəxslərlə bağlı qanunvericilik çərçivəsində tədbir görülməsini xahiş etmişdir. O, hər dəfə istifadəsində olan torpaq sahəsinin darvazasını açanda maneələrlə rastlaşmış və arxadan qapının bağlandığını görmüşdür. Bu hal dəfələlərlə olmuşdur və hal-hazırda da arxa tərəfdən bağlanmış vəziyyətdədir. Mübahisənin mülki tərəfində gəldikdə isə maneələrə və müdaxilələrə qadağa qoyulması, giriş-çıxışın və pozulmuş hüquqlarının bərpa edilməsi üçün ədalət mühakiməsi olan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, hazırki mübahisənin digər qolu məhkəmənin digər hakiminin icraatındadır. Mübahisəli torpaq Bələdiyyə torpağıdır və 30 illik iddiaçılara icarəyə verilib. Cavabdeh tərəf iddia edir ki, onlar guya cavabdehin ümumi sahəsi 207 m2 olan torpaq sahəsinə müdaxilə edirlər, lakin bu heç də belə deyil. Cavabdeh həmin torpağın öz mülkiyyətində olduğunu iddia etsə də, əvvəlki məhkəmələrdə bununla bağlı heç bir sənəd təqdim etməyib. Eyni zamanda cavabdehin adından Cəfərov Turalın telefonuna təhdid mesajları gəlir, zənglər olunur. Amma o, əmindir ki, cavabdehin heç həmin zənglərdən və mesajlardan xəbəri də yoxdur. Məhkəmə qətnaməsi ilə Cavabdeh torpağa mülkiyyət hüququ tanınmış ola bilər. Lakin nə qədər ki, həmin torpaq dövlət reyestrində qeydiyyata alınmayıb cavabdeh mülkiyyətçi sayılmır. Göründüyü kimi cavabdehin həmin torpağa dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sadiq oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, o, heç bir maneə yaratmır. Həmin yerdə 2007-ci ilə kimi qonşuların və onu evi olmuşdur. Orada 2007-ci ilə kimi Qızbacının evi olmuşdur. Onda məhkəmənin qətnaməsi və polisdən arayış var. Cəfərov Tural polisdə verdiyi izahatında bildirib ki, o, həmin torpağa bir daha girib-çıxmayacaq. Əlavə olaraq bildirir ki, 5-ci ayda Cəfərov Tural həmin torpağa gəlib su idarəsinin traktorunu saldırıb və onların əkdiyi bütün ağacları kəsdirib və yeri hamarlatdırıb. Oradakı bütün kənd sakinlərindən soruşub maraqlanmaq olar ki, xx.xx.2003-cü ilə kimi orada Cəfərov Turalı heç kim görməyib. Hətta hazırda orada onların evlərinin yerləri də qalıb. Cəfərov Turalın 10 sot torpağın ağaclarını kəsdirib hamarlaması ilə bağlı onların şikayəti əsasında cinayət işi də açılmışdır. X27 polisə gəldi və iş bağlandı. Onlar da məlumat verdilər ki, Turalı çağırıb profilaktik söhbətlər aparıblar və o, bir daha həmin torpağa girməyəcəyini bildirib. Cəfərov Tural başqasının torpağını zəbt edib. İddiaçılarda icarə müqaviləsi var və həmin müqavilə saxtadır. Faktiki olaraq həmin torpaqda başqa adamlar yaşayıb və onlara məxsus olub. 2023-cü ilə kimi orada orada nə Cəfərov Tural, nə də onu atasıgil yaşamayıb və olmayıb. 2007-ci ilə kimi orada başqa adamlar yaşayıb və torpaq vergisi veriblər. X28 bilirsə və orada yaşayıblarsa onda desin görək 2005-ci ildə oranın darvazası nə rəngdə olub. O, deyə bilməyəcək. Çünki həmin orada nə yaşamayıb, nə də olmayıb. Cəfərov Tural barəsində cinayət işi açılıb və o hazırda axtarışdadır. Bu yaxınlarda onu həbs edəcəklər. Onun sənədi saxtadır. O, Bülbülədə qonşulardan soruşmuşdur ki, iddiaçıların icarə sənədindən onların xəbəri var ya yox? Orda Ramiz, Natiq adlı qonşular var, dedilər ki, həmin sənəddən onların xəbəri yoxdur. Düzdür, həmin torpağı rəsmi qaydada adlarına sənədləşdirməsələr də, onlarda məhkəmə qətnaməsi var. Lakin həmin qətnamə əsasında mülkiyyət hüquqlarını tanıtmamışdırlar. Buna baxmayaraq onlar orada ağaclara, torpağa qulluq etmişlər. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Bülbülə Bələdiyyəsi məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbləbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bülbülə Bələdiyyəsi (İcarəyə verən) və İddiaçı1 (İcarəçi) arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 21 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin fotosurətinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, “İcarəyə verən” icarə əsasında sahəsi 900 m2 olan bağ sahəsini “İcarəçi”yə uzun müddətli (qısa müddətli) 32 il istifadəyə verir, “İcarəçi” isə onu qəbul edir. Bülbülə Bələdiyyəsi (İcarəyə verən) və İddiaçı2 (İcarəçi) arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 35 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin fotosurətinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, “İcarəyə verən” icarə əsasında sahəsi 870 m2 olan bağ sahəsini “İcarəçi”yə uzun müddətli (qısa müddətli) 33 il istifadəyə verir, “İcarəçi” isə onu qəbul edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-304/2003 nömrəli qətnaməsindən müəyyən olunur ki, ərizəçinin tələbi təmin edilmiş, X4 Bakı şəhəri, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 35-də mülkiyyət hüququnun tanınması, X7 həmin evin mülkiyyətçisi kimi qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Mənsimov Elnur tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, vətəndaş Cavabdeh Sadiq oğlu, vətəndaş X21 və vətəndaş X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi tərəfindən Cavabdeh Sadiq oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Cavabdeh Sadiq oğlu tərəfindən verilmiş X15 barəsindəki çoxsaylı şikayət ərizələri üzrə araşdırma aparılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-16(010)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Tural Cəfərovun qeyd olunan torpaq sahəsinə daxil olmasının qadağan olunması qeyd edilmişdir. Bu səbəbdən X10 torpaq sahəsinə daxil olmaması ilə bağlı izahatı alınaraq, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədi ilə onunla profilaktiki söhbətlər aparılmışdır. X10 Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində verdiyi izahatın məzmunundan müəyyən olunur ki, ünvan 1 ünvanda ona məxsus 30 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə qonşuluqda yaşayan Çingiz adlı şəxs şahid durmaq istəyir. Ona görə də Çingiz adlı şəxslə mübahisə yaranıb. Onun həmin torpaq sahəsinə 2005-ci ildən 40 illik bələdiyyə tərəfindən icarə müqaviləsi sənədi var. Ona məxsus torpaq sahəsinə aid olan bələdiyyə verən sənədini və digər sənədi təqdim etmiyənə qədər daxil olmayacam və qarşı tərəf də daxil olmasın. Əgər bu hallar təkrar olunarsa məsuliyyət daşıyacaq. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən Bələdiyyələrlə iş mərkəzinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1076 nömrəli icarə müqavilələrinin ləğv olunması haqqında məktubun surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Bələdiyyəsinin İddiaçı2 adına 28 oktyabr 2005-ci il tarixli, 35 nömrəli icarə müqaviləsinin, Bülbülə Bələdiyyəsinin İddiaçı1 adına 12 sentyabr 2005-ci il tarixli, 21 nömrəli icarə müqaviləsinin və Bülbülə X1 adına 15 may 2007-ci il tarixli, 02 nömrəli icarə müqavilələrinin mövcud olmasının araşdırılmasını, eyni zamanda sözügedən torpaq sahəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 aprel 2003-cü il tarixli, 2- 304/2003 nömrəli qətnaməsinə əsasən X6 adına mülkiyyət hüququnun tanınmasını nəzərə alaraq, hazırda göstərilən faktla əlaqədar araşdırılmanın aparılmasına və vətəndaşın mülkiyyət hüququnun bərpa olunmasına zərurətin olmasını nəzərə alıb, icarə müqavilələrinin ləğv olunmasına göstəriş verilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(010)- 269/2023 saylı icra vərəqəsindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi ünvanında yerləşən sahəsi 207 m2 olan torpaq sahəsi ilə bağlı hər hansı hərəkətin edilməsi (torpağa dair sənədləşmə işlərinin aparılması və s.) X12 qadağan edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(010)-8/2024 saylı qərardaddan müəyyən olunur ki, ərizə təmin edilmiş, iddiaçı X3 cavabdeh X12 qarşı “mülkiyyət hüququnun müdafiəsi, mülkiyyətində olan evinə qanunsuz müdaxilələrin qarşısının alınması və maddi zərər” tələbinə dair e-2(010)-1025/2024 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi ünvanında yerləşən, 207 m2 olan torpaq sahəsi ilə bağlı hər hansı hərəkətin edilməsi (torpağa dair sənədləşmə işlərinin aparılması və s.) cavabdeh X12 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X13 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işi başlamaq və icraata götürmək barədə qərarın surətindən müəyyən olunur ki, fakta görə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilıə ********* nömrəli cinayət işi başlanılması və istintaq aparılması üçün icraata götürlüməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-20/2-969/2024 nömrəli cavab məktubundan müəyyən olunur ki, RİH-in şifahi sorğusuna cavab olaraq Bülbülə Bələdiyyəsindən alınmış xx.xx.2024-cü il tarixli, 77 nömrəli məktubuna əsasən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əliağa Ağayev küçəsində (keçmiş Oktyabrın 40 illiyi) yerləşən İddiaçı1 və İddiaçı2 istifadəsində olan torpaq sahəsi Bülbülə Bələdiyyəsinin inzibati ərazisinə daxildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş, baxış zamanı üç torpaq sahəsinin bir hasar daxilində olması, ara sərhədlərinin şərti olması və faktiki sahəsinin 2870 kv.m təşkil etməsi məlum olmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən ərazi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı bazada məlumat yoxdur. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yerində müayinə Məhkəmə tərkibi (Hakim Rzayeva Fəridə İslam qızı, məhkəmə iclas katibi X17) tərəfindən 13 mart 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əliyağa Ağayev (keçmiş oktyabrın 40 illiyi) küçəsində olan torpaq sahəsinə yerli baxış keçirilməsi zamanı mübahisə predmeti olan torpaq sahəsinin hasara alındığı və dəmir darvazasının olduğu müəyyən olunur. Darvazadan həyətə daxil olduqda tikili müəyyən olunmur və həyətdə olan bəzi ağacların kəsildiyi, torpağın bir hissəsinin qazıldığı müşahidə edilir. Darvazadan içəri daxil olduqdan sonra sağ tərəfə getdikdə hasarda kiçik ölçülü taxta qapı olduğu müəyyən olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 153. Mülkiyyət hüququnun subyektləri 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri.

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ.

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları.

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi.

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Belə ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş Bülbülə Bələdiyyəsi və İddiaçı1 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 21 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin fotosurəti ilə müəyyən olunur ki, 900 m2 olan bağ sahəsi 32 il müddətinə İddiaçı1 istifadəsinə verilmişdir. Həmçinin Bülbülə və İddiaçı2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 35 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin fotosurəti ilə müəyyən olunur ki, 870 m2 olan bağ sahəsini 33 il müddətinə İddiaçı2 istifadəsinə verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçıların mübahisəli torpaq sahələrinə olan subyektiv hüquqlarını iş mateiallarına əlavə edilmiş icarə müqavilələrinin fotosurətləri ilə (bundan əlavə həmin fotoşəkillərin notarial təsdiq olunmuş surətləri) əsaslandırmışdırlar. Lakin nəzərə alınmalıdır ki, iddiaçılar yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etsələr də, öz tələblərinin əsası kimi istinad etdikləri halları, yəni mübahisəli torpaq sahəsinin hər hansı bir hüquqla onlara məxsus olması, torpaq sahəsi üzərində hər hansı bir yolla hüquqlarının yaranması barədə mötəbər sübut təqdim etməmişdir. İddiaçıların nümayəndəsi və vəkili mübahisəli torpaq sahələrinə Bülbülə bələdiyyəsi tərəfindən verilmiş icarə müqavilələrinə əsasən iddiaçıların istifadə hüququnun olmasına istinad etsə də, məhkəmə araşdırması zamanı həmin torpaq sahələri üzərində iddiaçıların hüquqlarının qeydə alınmaması, həmçinin mübahisəli torpaq sahələrinin dövlət mülkiyyətində olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinın məhkəmə sorğusuna cavab məktubundan müəyyən olunur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş, baxış zamanı üç torpaq sahəsinin bir hasar daxilində olması, ara sərhədlərinin şərti olması və faktiki sahəsinin 2870 kv.m təşkil etməsi məlum olmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən ərazi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı bazada məlumat yoxdur. Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdirlər.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından müəyyən olunur ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Sadiq oğluna qarşı (Bakı şəhəri Suraxanı Rayonu Bülbülə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrə və müdaxilələrə qadağa qoyulması, giriş-çıxışın bərpa edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Sadiq oğluna qarşı (Bakı şəhəri Suraxanı Rayonu Bülbülə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrə və müdaxilələrə qadağa qoyulması, giriş-çıxışın bərpa edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar