Məhkəmə qərarları › İş №2(010)-1055/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1055/2025

03.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1055/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X8 və X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X8 və X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, atası X6 miras qalmış əmlakın – Bakı şəhəri, ünvan 4, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin (tikili və torpaq sahəsinin) mülkiyyət hüquqları ilə adına qeydiyyata alınması üçün ərizə üzrə müvafiq xidməti (daşınmaz əmlakın reyestrinin və kadastrının qeydiyyatının və tanınmasının aparılması) göstərən aidiyyəti orqan tərəfindən – 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən icra edilməli olan hərəkətlərə - həmin ünvanda aparılmalı olan texniki baxış, müayinə, ölçü və inventarlaşdırma işlərinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 4, ev 16 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atası X14 məxsus olmuşdur. Atası həmin əmlakı 1960-cı illərin əvvəllərində Ermənistan Respublikasından Bakı şəhərinə köçdükdən bir müddət sonra notarial təsdiqli xx.xx.1961-ci il tarixli müqavilə əsasında almışdır. Onun adına 1962-ci ilin dekabrında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasport da tərtib edilmiş və bu sənədin surəti hazırda ondadır. Atası xx.xx.1991-ci ildə vəfat etmişdir. Həmin texniki pasportun təsdiq edilmiş arxiv nüsxəsinin olub-olmaması ilə bağlı bu ilin iyul ayında 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda Qaraçuxur qəsəbəsi, Podqornaya (Dağaltı – Abbasqulubəy Şadlinski) küçəsi, 16 saylı fərdi yaşayış evinə dair X9 adına tərtib edilmiş 1962-ci il tarixli texniki pasportun idarənin arxivində mövcud olduğu qeyd edilmiş, vərəsələrin dairəsinin müəyyən olunmasına dair aidiyyəti orqanın müvafiq məktubunun təqdim olunacağı təqdirdə sənədin arxiv kökünün verilə biləcəyi bildirilmişdir. Atasından miras qalmış sözügedən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciəti əsasında Bakı şəhəri 16 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Həmin vərəsəlik işi üzrə tək o, vərəsə kimi tanınmış, digər ailə üzvləri onun xeyrinə öz miras hüquqlarından rəsmiləşmə işlərinin daha asan həyata keçirilməsi üçün qarşılıqlı razılaşma əsasında imtina etmişlər. Qeyd edilən notariat ofisinin notariusu Gülüş Abiyeva tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə 1199 nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən 16 saylı fərdi yaşayış evinə dair çıxarışın (forma 37) verilməsi xahiş olunmuşdur. Məlumdur ki, möhtərəm prezident cənab İlham Əliyev tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” xx.xx.2015-ci il tarixli, 439 saylı fərman qəbul edilmişdir. Həmin siyahının 2.4-cü bəndinə əsasən, “2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);” daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Qanunvericilik normaları ilə müəyyən edilən hüquqlarını gerçəkləşdirmək və mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün ilk öncə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı şöbəsinə müraciət (ərizə nömrəsi **********) edərək, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 16 saylı fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum atası X14 məxsus olması barədə arayışın (forma 37) verilməsini xahiş etmişdir. İlkin mühəndis baxışından və texniki müayinədən sonra idarə əməkdaşı tərəfindən onunla əlaqə saxlanılaraq torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 1165.1 kv.metr-dən azalaraq faktiki 1127.8 kv.metr olmaqla qeydiyyata alınmasına etiraz etməməsi barədə notarial ərizə verməsi təklif olunmuşdur. Qeyd olunan məzmunda xx.xx.2024-cü il tarixli notarial ərizəsini idarəyə təqdim etmişdir. Lakin müvafiq sənəd, yəni forma 37 arayışı yenə də ona təqdim edilməmişdir. Məsələni araşdırarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən kimsə qeydiyyatın aparılmaması ilə bağlı hansısa formada idarəyə müraciət etmişdir. Bununla əlaqədar olaraq, 1 saylı Bakı Ərazi İdarəsinin rəisinə yazılı ərizə ilə müraciət edərək iradlarını bildirmiş, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən, atasından miras qalmış 16 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum atası X14 məxsus olması barədə arayışın qısa müddət ərzində ona verilməsinin təmin edilməsi xahiş edilmiş, lakin həmin ərizənin icraatı zamanı yenidən texniki müayinə aparmaq, ölçmə işlərini görmək istəyən zaman mühəndislərə cavabdehlər tərəfindən maneələr yaradılmış, sifarişçi (ərizəçi) olaraq ona və eləcə də nümayəndəsi olan qardaşına, vəzifə öhdəliklərini icra etmək istəyən mühəndislərə evə və həyətə daxil olmağa imkan verilməmişdir. Belə ki, texniki müayinə məqsədilə xx.xx.2024-cü il tarixdə qeyd olunan ünvana müraciəti üzrə 32-ci Polis Bölməsinin əməkdaşları, əmlak xidmətinin mühəndisləri gəlsələr də, həmin ünvanda yaşayan Cavabdeh1 və onun bu ünvanda yaşamayan və qeydiyyatda olmayan qardaşı Natiq adlı şəxsin qanunsuz hərəkətləri üzündən ünvana baxış keçirilməsi mümkün olmamış, həmin şəxslər ətrafdakı insanları, eləcə də onları ağır formada təhqir etmiş və hədələmişlər. Bununla əlaqədar olaraq, artıq aidiyyəti hüquq mühafizə orqanlarına müraciətlər etmişdir və məsələ araşdırılmaqdadır. Bununla belə, ona tövsiyə edilmişdir ki, texniki müayinə işlərinə edilən maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etsin və müvafiq məhkəmə aktının qəbuluna nail olsun ki, müayinə və ölçmə işlərinin icraatı qaydasında aparılsın. Bundan sonra, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunu almışdır. Cavab məktubunda bildirilmişdir ki, müvafiq ünvanda yaşayan digər şəxslər tərəfindən texniki baxış keçirmək mümkün olmamışdır və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Şifahi müraciəti ilə bağlı isə bildirilmişdir ki, ərizənin icrasının təmin edilməsi məqsədilə həmin əmlakın texniki vəziyyətinin və ölçülərinin yoxlanılması ilə əlaqədar həmin idarənin mühəndis əməkdaşları qeyd olunan ünvanda olaraq texniki ölçmə işləri aparmalıdır, lakin bu, hazırkı işdəki cavabdehlər üzündən təmin oluna bilmir. Bu üzdən həmin şəxslərə qarşı müvafiq tələblə məhkəməyə müraciət edilməlidir. Göründüyü kimi, cavabdehlərin qanunazidd hərəkətləri üzündən miras əmlak üzərində müvafiq texniki müayinə və inventarlaşdırma işlərinin aparılmasını təmin etdirə, nəticə etibarı ilə də mülkiyyət hüququnu qeydiyyata aldıra və tanıtdıra bilmir. Bu üzdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmək lazımdır ki, sözügedən ev 1961-ci il tarixdə atası tərəfindən alğı-satqı qaydasında əldə edilmişdir. Həmin evi atası Ermənistan Respublikasından Bakı şəhərinə köçərək almışdır. 1962-ci ilin dekabr ayında isə hüquq sahibi kimi atasının adına evlə bağlı texniki pasport tərtib edilmişdir. Texniki pasportdan görünür ki, atası evi torpaq sahəsi və tikilisi ilə birlikdə almışdır. Belə ki, texniki pasportda evin tikililərinin 1952-1955-ci illərdə inşa olunması əks olunmuşdur. Atası daha sonra öz atasını və qardaşlarını – Məsim və Həsəni də oraya köçürmüşdür. Beləliklə, atasına məxsus mülkdə qeyd edilən ailə üzvləri yaşamışlar, lakin mülkün bütün sənədləri atasına məxsus olmuşdur. Atası 1964-cü il tarixdə anası Südabə ilə rəsmi nikah bağlamış və nikahdan 4 övladları (3 qız və 1 oğlan) olmuşdur ki, bunlardan da biri odur. Anası 2001-ci ildə vəfat etmişdir. Hal-hazırda övladlar arasında mirasla bağlı mübahisə yoxdur və əmlakın onun adına rəsmiləşdirilməsi ilə bağlı öz aralarında razılıq əldə edilmişdir. 1961-ci ildə evi aldıqdan bir xeyli müddət sonra atası başqa bir yerdə ev alaraq oraya köçsə də, digər ailə üzvlərini – atası və qardaşlarını insanlıq və doğmalıq münasibətlərinə görə sözügedən mübahisəli evdən çıxarmamışdır. X5 orada yaşamış, 1986-cı ildə vəfat etmişdir. Həsən və Məsim əmiləri isə atasının razılığı ilə orada yaşamağa davam etmişlər. Bununla belə, mülkün atasına məxsus olmasını heç vaxt mübahisələndirməmişlər. Hazırkı işdə cavabdeh olan Cavabdeh1 mərhum əmisi oğlu X10 arvadı olmuşdur. Mərhumun sağlamlığında – 5 il bundan öncə onlar rəsmi qaydada boşanmışlar. Teymur bu ilin mart ayında vəfat etmişdir. Digər cavabdehlər Teymur və Sevincin övladlarıdır. Hər üç şəxs miras əmlakda texniki müayinə (ölçmə) və inventarlaşdırma işlərinin aparılmasına mane olurlar, baxmayaraq ki, onların cavabdehlərə qarşı hal-hazırda evdən çıxarılmağa dair hər hansı iddia tələbləri və məhkəmə mübahisələri yoxdur. Bu üzdən cavabdehlərin üçü də hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmişlər. Onu da qeyd etmək lazımdır ki, həmin ünvanda onun digər əmisi – mərhum Həsən əmisinin övladları – Məsimov Zaur və Məsimova Tamara da yaşayırlar. Lakin onlarla və digər ailə üzvləri ilə münasibətləri yaxşıdır və onlar müvafiq texniki baxışın keçirilməsinə, miras əmlakın onun adına qeydiyyatının aparılmasına etiraz etmirlər. Bununla belə onları da öz tərəfindən 3-cü şəxs qismində prosesə cəlb etmək istəyir ki, vəziyyəti daha dəqiq bilə bilsinlər, məsələyə öz münasibətlərini bildirsinlər və cavabdehlərin qanunsuz hərəkətlərinə dair dövlət orqanının qəbul edəcəyi qətnamədən məlumatlı olsunlar. 1 saylı Bakı Ərazi İdarəsində sənədləşmə arxivdən əldə edilmiş evə dair texniki pasport əsasında aparılacaqdır. Həmin texniki pasportdan görünür ki, sənəd mərhum atasının adına tərtib olunmuşdur. Qarşı tərəf bildirir ki, guya onların əlində mötəbər sənəd yoxdur. Bu üzdən onlar arxivdə sənədinin kökünün olmasına dair arayış almışlar və bu arayışı hazırkı ərizəyə əlavə edirlər ki, işin faktiki hallarından xəbərdar olsunlar. Həmin texniki pasport hal-hazırda hüquqmüəyyənedici sənəd hesab edilir və prezidentin yuxarıda qeyd edilən fərmanı ilə qeydiyyat üçün əsas hesab edilən sənədlərin siyahısına daxil edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin inzibati icraat təcrübəsinə əsasən, bu sənədin sahibi mülkiyyətçi hesab olunur, mülkiyyət hüququnu qeydiyyata aldırmaqla (tanıtdırmaqla) “qanuni gözlənti” hüququna malikdir və sənəd ya kimin adına tərtib olunsa, onun adına tanına və qeydiyyatdan keçə bilər, ya da ki, vəfat etmiş hüquq sahibinin varisinin (varislərinin) adına qeydiyyata alına bilər. Göründüyü kimi, onlar – Məsimov Hüseynin varisləri qanunla atalarının vərəsələri olaraq atalarının adına vaxtı ilə verilmiş və hal-hazıradək əmlak idarəsinin arxivində saxlanılan hüquqmüəyyənedici sənəd əsasında əmlakın sənədləşdirilməsinə çalışırlar və rəsmiləşmənin onun adına aparılmasına dair razılıq əldə etmişlər. Lakin cavabdehlər qanunsuz olaraq buna mane olurlar.

İddianın dəyişdirilməsi.

3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin müvafiq maneələrin aradan qaldırılması kimi yox, müvafiq maneə və məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi kimi qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi Nümayəndə və nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər.

5. Məhkəmə iclasında Cavabdeh1 və nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfin istinad etdiyi bütün hüquqmüəyyənedici sənədlər saxtadır. Həmin sənədlər tərəflərindən inzibati qaydada mübahisələndiriləcəkdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdehlər, eləcə də üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəmə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, X18 və X7 nikahı haqqında xx.xx.1964-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində 787 nömrəli akt qeydi tərtib edilmiş, nikah bağlandıqdan sonra arvada Məsimova soyadı verilmişdir. (Qeyd: xx.xx.1991-ci ildə vəfat etmiş H.K.Məsimovun ölümü xx.xx.1991-ci il tarixdə 364 nömrəli akt qeydi ilə Sabunçu rayonu Bakıxanov qəsəbə icra nümayəndəliyi tərəfindən, xx.xx.2001-ci ildə vəfat etmiş S.Q.Məsimovnanın ölümü xx.xx.2001-ci il tarixdə 1155 nömrəli akt qeydi ilə Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır).

8. Bakı şəhəri Sabunçu rayon Bakıxanov qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 686301 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində “ürəyin dayanması” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 364 nömrə ilə qeyd edilmişdir.

9. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 196411 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində “intoksikasiya” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 1155 nömrə ilə qeyd edilmişdir.

10. Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1199 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən torpağa və üzərində yerləşən 16 saylı evə dair mərhum X9 adına çıxarışın (forma 37) verilməsi xahiş olunmuşdur.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Podqornaya küçəsi, 16 saylı fərdi yaşayış evinə dair X9 adına tərtib edilmiş 1962-ci il tarixli texniki pasport idarənin arxivində mövcuddur.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri, ünvan 8 ünvanında yaşayan digər şəxslər tərəfindən texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

13. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 4, ev 16 ünvanında yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 1165.1 kv.m-dən azalaraq faktiki 1127.8 kv.metr olaraq qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir.

14. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Podqornaya 16 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin sahibi qismində X18 qeyd edilmişdir.

15. Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nın təhqiqatçısı, polis baş leytenantı Amil Cəfərov tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

16. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 10 ünvanında Məsimovlar ailəsi yaşayır. Əvvəllər ev 1962-ci ildə verilmiş texniki pasporta əsasən, X15 məxsus olub. Texniki pasporta əsasən, ev, ümumi sahəsi 37 kv.metr olmaqla 2 yaşayış otağından ibarətdir. X11 özü bu ünvanda qeydiyyatda olmamış, 1991-ci ildə X19 vəfat etmişdir.

17. Azərbaycan SSR Nazirləri Soveti nəzdində Memarlıq işləri üzrə İdarəsi Dövlət memarlıq-tikinti nəzarəti Baş müfəttişliyi tərəfindən verilmiş 813 nömrəli işlərin görülməsinə dair icazə sənədinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Dövlət memarlıq-tikinti nəzarəti müfəttişliyi tərəfindən vətəndaş X1 Baş Müfəttişliyin memarlıq işləri şöbəsinin rəis müavininin baş planda göstərilən tikinti üzrə tikinti, sanitariya və xüsusi işlərin görülməsi üçün texniki sənədlərin təsdiqi haqqında xx.xx.1954-cü il tarixli, CO/16 nömrəli məktubuna əsasən Kaçanoviç rayonu, Kaçanoviç qəsəbəsindəki torpaq sahəsində sahənin abadlaşdırılması ilə 147-2 formada fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

18. X4 (Satıcı) və X18 (Alıcı) arasında bağlanmış xx.xx.1961-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 10 ünvanında yerləşən torpaq sahəsində daşdan tikilmiş, birmərtəbəli, 2 otaqlı yaşayış sahəsi 36 kv.metr olan və 1 mətbəx və 1 dəhlizdən ibarət yaşayış evini “Satıcı” satır, “Alıcı” isə alır. Qeyd edilən mülk Qaraçuxur qəsəbə sovetinin xx.xx.1961-ci il tarixli, 1104 saylı arayışına əsasən, “Satıcı”ya şəxsi mülkiyyət hüququ ilə məxsusdur və “Alıcı” tərəfindən “Satıcı”ya 1200 rubl ödənilmişdir. İşin faktiki halları.

19. X18 xx.xx.1961-ci il tarixli, notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evini almışdır.

20. 1962-ci ildə həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair Hüseyn Məsimov adına texniki pasport tərtib edilmişdir.

21. İddiaçı Elvira X3r. Hüseyn Məsimov 1991-ci ildə, arvadı (iddiaçının anası) Südabə Məsimova isə 2001-ci ildə vəfat etmişdir.

22. X12mış miras əmlaka dair mərhumun qızı İddiaçı müraciəti əsasında Bakı şəhəri 16 saylı notariat ofisində vərəsəlik işi açılmışdır.

23. İddiaçı evin və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların atası Hüseyn Məsimova məxsusluğunu müəyyənləşdirmək üçün ünvanda texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqana müraciət etmiş, lakin ünvanda yaşayan şəxslər tərəfindən bu işlərin görülməsinə imkan verilməməsi əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir.

24. Fərdi yaşayış evində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayırlar.

Tətbiq edilən hüquq.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.

10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: ...10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi...

28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.

Məhkəmənin mövqeyi.

31. İşin faktiki hallarından göründüyü kimi, hazırda cavabdehlərin yaşadığı Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu X9 adına tərtib edilmişdir. Lakin ev daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, Hüseyn Məsimov isə 1991-ci ildə vəfat etmişdir.

32. Məhkəmə hesab edir ki, hər nə qədər mərhum Hüseyn Məsimovun daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamış olsa da, iş materiallarında olan sənədlər onun mübahisəli evin, eləcə də evin yerləşdiyi torpaq sahəsinin “gözlənilən mülkiyyətçi”si olduğu nəticəsinə gəlməyə əsas verir. Belə ki, sözügedən evin Hüseyn Məsimov tərəfindən alındığını təsdiq edən 1961-ci il tarixli notarial alqı-satqı müqaviləsi, eləcə də Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Hüseyn Məsimov adına verilmiş 1962-ci il tarixli “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə aid” pasport iş materiallarında mövcuddur. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar (1.11) da daxil edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə görə isə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

33. Lakin nəzərə alınmalıdır ki, sözügedən əmlakın X20 miras qalmış əmlak kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsələrə keçə bilməsi üçün ilk növbədə bu əmlakın mərhumun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olması zəruridir. Elə bu səbəbdən mərhumdan miras qalmış əmlakla bağlı vərəsəlik işinin açıldığı notariat ofisinin notariusu tərəfindən müvafiq çıxarışın verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatı orqanına müraciət edilmişdir. Öz növbəsində İddiaçı da sözügedən əmlakın mərhum atasına məxsus olmasına dair arayışın verilməsi üçün müvafiq orqana müraciət etmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən bu müraciətin təmin edilməsindən imtina edilmiş, buna səbəb kimi ünvanda yaşayan şəxslər tərəfindən müvafiq orqanın mütəxəssislərinin ünvanda texniki baxış və inventarlaşdırma işləri aparmasına mane olunması göstərilmişdir.

34. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həmin ünvanda iş üzrə cavabdehlər yaşayır. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlər sözügedən texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına mane olduqlarını inkar etmir, əksinə, bunun onlara qadağan edilməsinə dair iddiaçı tərəfindən qaldırılmış hazırkı iddianın təmin edilməsinə etiraz edirlər. Digər cavabdehlərin anası olan Cavabdeh1 mövqeyinə görə, həmin ev, eləcə də evin yerləşdiyi torpaq sahəsi ilə bağlı iddiaçının mərhum atasına “qanuni gözlənti” verən bütün sənədlər saxtadır. Lakin cavabdeh tərəf istinad etdiyi bu halı təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlakın “gözlənilən mülkiyyətçisi”nin vərəsəsi olan iddiaçı həmin əmlak üzərində texniki baxış, inventarlaşdırma və digər işlərin aparılmasına cavabdehlər tərəfindən maneə törədilməsinin qadağan edilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının vərəsə kimi həmin əmlak üzərində hüquq əldə edə bilməsi torpaq sahəsi üzərində cavabdehlərin mane olduğu işlərin görülməsindən asılıdır. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü, eləcə də torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün zəruri olan sənədlərdəndir. Odur ki, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

36. İş materiallarından göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğə mütənasib olmuşdur.

37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

38. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Bakı şəhəri, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən ünvanda texniki baxış, müayinə, ölçü və inventarlaşdırma işlərinin aparılmasına mane olunması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən ünvanda texniki baxış, müayinə, ölçü və inventarlaşdırma işlərinin aparılmasına mane olunması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar