Məhkəmə qərarları › İş №2(010)-1057/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1057/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1057/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 5266,5 manat məbləğində kredit borcu, 2096,58 manat məbləğində faiz borcu və 9163 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16526,08 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Zahid Əliyev küçəsi 27, qapı 2, 1-ci mərtəbəsində olan 37.3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə (60 saylı balıq mağazası) yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 16526,08 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Zahid Əliyev küçəsi 27, qapı 2, 1-ci mərtəbəsində olan 37.3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə (60 saylı balıq mağazası) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25.02.2014-cü il tarixli, 01L000005650 saylı kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 28.02.2014-cü il tarixli 01R000012708 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 04.09.2015-ci il tarixli 01R000012708S saylı və 17.12.2015-ci il tarixli 01R000012708SA saylı, 15.04.2016-cı il tarixli, 01R000012708SB saylı, 31.07.2017-ci il tarixli 01R000012708SC saylı, 15.02.2018-ci il tarixli 01R000012708SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit razılaşmasının tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.03.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4733,5 manat ödəmiş, onun 5266,5 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02.10.2020-ci il tarixə 567 gün üçün hesablanmış faiz borcu 2096.58 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 5 % məbləğində cərimə ödəməlidir. 02.10.2020-ci il tarixə 567 gün üçün hesablanmış cərimə 9163 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı 25.02.2014-cü il tarixli 01M000001664 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi Zahid Əliyev küçəsi 27, qapı 2, 1-ci mərtəbəsində olan 37.3 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsi (60 saylı balıq mağazası) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 131 nömrəli reyestr kitabının 12229 nömrəli vərəqində qeydiyyata alınmış və Seriya RX ******* №-li Çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi Zahid Əliyev küçəsi 27, qapı 2, 1-ci mərtəbəsində olan 37.3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi (60 saylı balıq mağazası) Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehipoteka verən Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 22.09.2020-ci il tarixdə göndərilmişdir. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə 25.02.2014-cü il tarixdə kredit müqaviləsi bağlayaraq 10000 manat məbləğində pul götürmüşdür. Cavabdeh1 sonradan səhhəti ilə bağlı problem yarandığından banka olan borcunu vaxtında ödəyə bilməmişdir. O, bu işdə zamin olduğunu bildirərək, əsas borclunun ödəniş etməsi üçün vaxt verilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, o zamindir və hesab edir ki, borc əsas borclu tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən borcun əsas borcludan tutulması barədə qətnamə qəbul olunmasını və həmin əmlak hərraca çıxarılarsa ona təklif olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş 01L000005650 saylı, 25.02.2014-cü il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış Kredit Xətti Müqaviləsinə əsasən Bank borcluya 120 ay müddətə 50000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İşə əlavə edilmiş 01R000012708 saylı, 28.02.2014-cü il tarixli kredit razılaşmasına əsasən İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit razılşmasına əsasən Bank borcluya 36 ay müddətə 10000 manat məbləğində kredit vermişdir. İşə əlavə edilmiş 04.09.2015-ci il tarixli 01R000012708S saylı, 17.12.2015-ci il tarixli 01R000012708SA saylı, 31.07.2017-ci il tarixli 01R000012708SC saylı və 15.02.2018-ci il tarixli 01R000012708SD saylı sazişlərlə müəyyən edilir ki, Bank 01L000005650 saylı, 25.02.2014-cü il tarixli kredt xəttinə əlavə və dəyişikliklər edərək borcluya 5806,79 AZN məbləğində kredit xətti açmışdır. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələri bağlayaraq kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş 01M000001664 saylı, 25.02.2014-cü il tarixli «İpoteka müqaviləsi»ndən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Baki şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 27 ünvanında yerləşən qeyriyaşayış sahəsi (60 saylı balıq mağazası) ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 19.11.2013-cü il tarixli seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (60 saylı balıq mağazası) İddiaçı QSC-nin xeyrinə girovla yüklü edilmişdir. İşə əlavə edilmiş “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin 31.03.2021-cı il tarixli LF 06 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (60 saylı balıq mağazası) bazar qiymətlərinə uyğun olaraq dəyəri 17000 manat, likvid dəyəri 15000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 01R000012708 saylı, 28.02.2014-cü il tarixli kredit razılaşması üzrə 5266,5 manat məbləğində əsas borcu, 966,04 manat məbləğində faiz borcu və 3227,98 manat dəbbə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarıçatan şəxsəödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 25.02.2014-cü il tarixli və 01L000005650 saylı, 28.02.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə 120 ay və 36 ay müddətə 50000 ABŞ dolları kredit xətti açmağı və 10000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında 01M000001664 saylı, 25.02.2014-cü il tarixli «İpoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 27 ünvanında yerləşən qeyriyaşayış sahəsi (60 saylı balıq mağazası) ipoteka ilə yüklü edilmişdir. İş üzrə İddiaçı QSC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələri bağlayaraq kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməyi və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Bunun nəticəsində borclunun bank qarşısında 01L000005650 saylı, 25.02.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 5266,5 manat məbləğində əsas borcu, 966,04 manat məbləğində faiz borcu və 3227,98 manat dəbbə borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı QSC-nın iddiasının gecikdirməyə görə müqavilə üzrə 9163 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq müqavilə üzrə 200 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirmədiyindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 25.02.2014-cü il tarixli 01L000005650 saylı kredit müqaviləsi üzrə 5266,50 manat məbləğində əsas, 966,04 manat məbləğində faiz borcu və 200 manat dəbbə borcu olmaqla cəmi 6432,54 manat borc və 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 27 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (60 saylı balıq mağazası) likvid dəyəri 15000 (on beş min) manat müəyyən olunmalı, tələb ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (60 saylı balıq mağazası) yönəldilməli və həmin əmlak açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Cavabdeh1 tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (60 saylı balıq mağazası) satıldıqdan sonra ən geci bir ay ərzində həmin əmlak boşaldılmalı və alıcıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 25.02.2014-cü il tarixli 01L000005650 saylı kredit müqaviləsi üzrə 5266,50 manat məbləğində əsas, 966,04 manat məbləğində faiz borcu və 200 manat dəbbə borcu olmaqla cəmi 6432,54 (altı min dörd yüz otuz iki manat, əlli dörd qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (60 saylı balıq mağazası) likvid dəyəri 15000 (on beş min) manat müəyyən olunsun. Tələb ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (60 saylı balıq mağazası) yönəldilsin və həmin əmlak açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı QSC-nin xeyrinə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh1 tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (60 saylı balıq mağazası) satıldıqdan sonra ən geci bir ay ərzində həmin əmlak boşaldılsın və alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar