Məhkəmə qərarları › İş №2(010)-106/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-106/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-106/2022 18.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə 18 867.55 ABŞ dolları əsas borc, 29 985.62 ABŞ dolları faiz borcu, 2001.93 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 853.15 USD məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 51 708.25 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsindəki, 4 otaqlı, 226.3 kv.m ümumi, 65.2 kv.m yaşayış, 161.1 kv.m yardımçı sahədən ibarət 42 saylı fərdi yaşayış evinə yönəldilməsi, borcun evin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsindəki, 4 otaqlı, 226.3 kv.m ümumi, 65.2 kv.m yaşayış, 161.1 kv.m yardımçı sahədən ibarət 42 saylı fərdi yaşayış evinə yönəldikdə və o satıqlıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsindəki, 4 otaqlı, 226.3 kv.m ümumi, 65.2 kv.m yaşayış, 161.1 kv.m yardımçı sahədən ibarət 42 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi. İddia tələbinin dəlilləri xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 "xxxx" İKB ASC-nin “13 saylı” filialından illik 26 faizlə 60 ay müddətinə 23.900 ABŞ dolları məbləğində kredit götürmüşdür. 23 noyabr 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 10 avqust 2021-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsindəki, 4 otaqlı, 226.3 kv.m ümumi, 65.2 kv.m yaşayış, 161.1 kv.m yardımçı sahədən ibarət 42 saylı fərdi yaşayış evi 2014-cü il 10 dekabr tarixli ipoteka müqaviləsilə və 23 noyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə Əlavəyə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablanaraq cərimə ödənilməsini borcludan tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh4 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o, İddiaçı ASC-dən illik 26 faizlə 60 ay müddətinə 23.900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, o, mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsindəki, 4 otaqlı, 42 saylı fərdi yaşayış evini ipoteka müqaviləsi bağlayaraq ipoteka ilə yüklü etmişdir. Maddi vəziyyətləri ağır olduğu üçün banka olan borcunu ödəyə bilməmişdir. Məhkəmə tərəfindən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin qiyməti çox cüzi məbləğ göstərilmişdir. Belə ki, "xxxx" MMC-nin hesabına əsasən onun mülkiyyətindəki ev 45.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin hesabla razılaşmır, evin qiyməti reallığa uygün deyil. Əslində həmin evin 130.000 manat məbləğində qiyməti vardır. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 25-G-1-0-076-14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, “Nikoyl İKB ASC-nin “13 saylı” filialından illik 26%-lə 60 ay müddətinə 23.900 ABŞ dolları məbləğində borcunun qaytarılmasını Cavabdeh4 öz üzərinə götürmüşdür. Kassa məxaric orderindən görünür ki, Cavabdeh4 iddiaçı bankın 23900 ABŞ dolları məbləğində kredit vəsaitini qəbul etmişdir. 25-G-1-0-076-14 saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 42 saylı fərdi yaşayış evini "xxxx" İKB ASC-nin 13 saylı filialının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 62.500 manat məbləğində qiymətləndirilmişdir. 25-G-1-0-076-14 saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əlavədən görünür ki, müqavilənin 1.1-ci bəndinin aşağıdakı redaksiyada oxunması razılaşdırılmışdır: "xxxx" İKB-nin 13 saylı filialı ilə Cavabdeh4 arasında xx.xx.2014 tarixli, 25-G-l-0-076-14 saylı Kredit müqaviləsinə əsasən 23900 (iyirmi üç min doqquz yüz ABŞ Dollari) məbləğdə 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin xx.xx.2015 tarixli 1 saylı əlavəsi olan Ödəniş cədvəlində göstərilmiş xx.xx.2015-ci il tarixinə olan qalıq məbləği 23341.94 USD (iyirmi X8 X7 Abş Dollari 94 Cent ABŞ Dolları) məbləğdə, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 3.3.-cü bəndinin aşağıdakı redaksiyada oxunması razılaşdırılmışdır: “İpoteka ilə təmin edilmiş öhdəlik “80 Ay 80 gün (Səksən Ay səksən gün)”, xx.xx.2014 tarixindən xx.xx.2021 tarixinədək icra edilməlidir. RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, ev 42 Cavabdeh4 adına daşınmaz əmlakfn dövlət reyestrində 89 nömrəli reyestr kitabının 8114 nömrəli vərəqində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, 42 saylı fərdi yaşayış evini «Nikoil» İKB 13 saylı filialının xeyrinə ipoteka ilə yüklü etmişdir. "xxxx" ASC-nin cavabdehlərə ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barələrində iddia qaldılmasına dair xəbərdar edilmişdir. İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanladığı ərizədən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircab qəsəbəsi, M.F.Axundov küçəsi, 42 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh4 göndərilmiş bildirişinxx.xx.2021-ci il tarixdə ünvana çatdırılmasını diqqətə çatdıraraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması istənilir. Əmircan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi 42 saylı evdə Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5801 saylı rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 25-G-1- 0-076- 14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla sual üzrə xx.xx.2021-ci il tarixinə və xx.xx.2021-ci il tarixinə Cavabdeh4 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 18867,55 ABŞ dolları, faiz borcu üzrə 27573,75 ABŞ dolları. xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 18867,55 ABŞ dolları, faiz borcu üzrə 29249,82 ABŞ dolları. Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-2987/2022 saylı qərardadı ilə Cavabdeh2 vəkili, həmçinin Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilərək, mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılaraq işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/9014 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 10 dekabr 2014-cü il tarixli, 25-G-1-0-076-14 №-li kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli “Əlavə Saziş”də qeyd olunan şərtlərə əsasən Cavabdeh4 İddiaçı ASC-yə olan borcu xx.xx.2021-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) 46.405,57 USD-dir: əsas borc üzrə 18.867,55 USD, faiz borcu üzrə 27.538,02 USD; 10 avqust 2021-ci il tarixə (müqavilə müddətinin sonuna) 48.081,64 USD: əsas borc üzrə 18.867,55 USD, faiz borcu üzrə 29.214,09 USD. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-106/2022 saylı qərardadından görünür ki, mülki iş üzrə ipoteka predmetini təşkil edən fərdi yaşayış evinin qiymətləndirilməsinin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. "xxxx" MMC-nin 363/E saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mərkəz tərəfindən hər iki tərəfə müraciət olunmasına baxmayaraq onlar əmlakla baxış keçirilməsinə şərait yaratmamış, həmçinin qiymətləndirmə xərcini ödəməkdən imtina etmişdir. Bu səbəbdən mülki iş icrasız geri qaytarılmışdır. "xxxx" MMC-nin 44 saylı xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinin müqayisəli satışlar metodundan istifadə etməklə xx.xx.2022-ci il tarixə bazar dəyəri 55.000 (əlli beş min) manat, likvid dəyəri 45.000 (qırx beş min) manat təşkil edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh4 iddiaçı banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 18.867,55 ABŞ dolları əsas, 29.985,62 ABŞ dolları faiz və 2001.93 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 51708,25 ABŞ dolları məbləğində borcu vardr. Məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh4 arasında 25-G-1-0- 076-14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə illik 26%-lə 60 ay müddətinə 23.900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi 42 saylı fərdi yaşayış evini yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ipoteka predmetinin qiymətləndirilməsi qərara alınmış və qiymətləndirilmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli hesabatı ilə Cavabdeh4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 45.000 (qırx beş min) manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının tə`min edilməsi üsuludur. 269.4 İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.9 İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33 Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1 Əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. 36.1 İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər/ 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1 İpotekasaxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq hərracda satıla bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadı: Bənd 11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Bənd 21. ...kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh4 arasında 25-G-1-0- 076-14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə illik 26%-lə 60 ay müddətinə 23.900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi 42 saylı fərdi yaşayış evini yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da o, müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli hesabatı ilə Cavabdeh4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 45.000 (qırx beş min) manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh4 tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borca görə 18.867,55 ABŞ dolları, müqavilənin bitmə tarixinə faiz borcuna görə 29 985.62 ABŞ dolları məbləğində vəsaitin ödənilməsini tələb edir. İş materiallarında olan ekspert rəyinə görə cavadbehin əsas borca görə 18.867,55 USD, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqına görə isə 29.214,09 USD borcu yaranmışdır. Sözügedən ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı hər hansı sübutu (alternativ ekspert rəyi və s.) məhkəməyə təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin müəyyən olunur ki, Cavabdeh4 birinci instansiya məhkəməsinin sonuncu iclasında cavabdeh keçirilmiş təkrar ekspertizanın rəyi ilə razı olmadığını bildirməmiş, yenidən ekspertiza keçirilməsinə dair vəsatət verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə uyğun olaraq borcalanın iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcunun məbləğinin ekspert rəyi əsasında müəyyən edilməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavadbehdən əsas borca görə 18.867,55 USD, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqına görə isə 29.214,09 USD məbləğində vəsait tutulmalıdır. Tələb olunan cərimə borcu ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 2001.93 ABŞ dolları məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözügedən normanı rəhbər tutaraq cərimə borcunun 500 ABŞ dolları miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmən hesab edir ki, müəyyən etdiyi cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur. İddia tələbinin “kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış məbləğin tutulması” hissəsində məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, Cavabdeh4 kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 853.15 USD məbləğində vəsait tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Məhkəmə tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun evin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nin xeyrinə ödənilməsi ilə bağlı da iddianı qismən əsaslı sayıb qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin yalnız qətnamə ilə təmin olunan hissəsi iddiaçının xeyrinə ödənilə bilər, qalan məbləğ isə digər xərclər çıxıldıqdan sonra ipoteka qoyana qaytarılmalıdır. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi ilə bağlı iddiaçının tələbinə dair məhkəmə qeyd edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmçinin həmin Məcəllənin 319.6-cı maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi keçirilmiş və qiymətləndirici mənzilin bazar dəyərini 55000 manat, likvid dəyərini 45.000 manat müəyyən etmişdir. Məhkəmə vurğulayır ki, Cavabdeh4 ipoteka predmetinin düzgün qiymətləndirilməməsini əsas gətirərək qiymətləndirici rəyi ilə razılaşmadığını bildirsə də, əmlakın düzgün qiymətləndirilməməsi, daha yüksək dəyərə malik olması ilə bağlı hər hansı sübutu (alternativ rəy və s.) məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) qiymətləndirici rəyinə əsasən 45.000 manat məbləğində müəyyən edilməlidir. İddianın “ipotekaya qoyulmuş yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və banka təhvil verilməsi” hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3.2-ci maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, burada söhbət yalnız tutma üzərinə yönəldilmiş ipoteka predmeti satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində boşaltmalarından gedir. Eləcə də nəzərə almaq lazımdır ki, cavabdehlər ipoteka ilə təmin edilən icrası gecikdirilmiş öhdəliyi və ya öhdəliyin hissəsini icra edərək ipoteka predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verilməsini tələb etmək hüququna malikdirlər. Ona görə də məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 həmin evi tərk etməlidir. “Evin boşaldılması” dedikdə isə cavabdehlərin həmin yaşayış evinə olan istifadə hüquqlarını itirməsi və evdən çıxarılması başa düşüldüyündən, məhkəmə hesab edir ki, onların istifadə hüquqları itirilmiş hesab edilməli və onlar həmin evdən çıxarılaraq, ev boşaldılmalıdır. Belə nəticəyə gələn məhkəmə hesab edir ki, əks yanaşma gələcəkdə ipoteka predmeti olan yaşayış evi açıq hərracdan satılacağı təqdirdə cavabdehlərin həmin evdən çıxarılması ilə bağlı yeni məhkəmə mübahisələrinin əmələ gəlməsinə şərait yarada bilər. “Evin banka təhvil verilməsi” ilə bağlı isə məhkəmə qeyd edir ki, indidən həmin evin hərraca çıxarılıb-çıxarılmaması, hərracdan konkret olaraq kim (kimlər) tərəfindən alınıbalınmaması məlum olmadığından, hazırki vəziyyətdə belə bir nəticəyə gəlmək də mümkün deyildir. Yalnız yaşayış evi açıq hərracdan məhz İddiaçı ASC tərəfindən alınacağı təqdirdə evin banka təhvil verilməsindən söhbət gedə bilər ki, bu da qeyri-müəyyəndir. Qeyrimüəyyən tələblər üzrə isə iddianın təmin olunması yolverilməzdir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir.

Məhkəmə xərcləri 2021-ci il oktyabrın 1-dək qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri 150 (bir yüz əlli) manat məbləğində vəsait Cavabdeh4 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. İpoteka predmetinin qiymətləndirilməsi ilə bağlı keçirilmiş tədqiqatın dəyəri 300 (üç yüz) manat məbləğində vəsait Cavabdeh4 alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 25-G-1-0-076-14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 18.867.55 (on səkkiz min səkkiz yüz altmış yeddi dollar əlli beş sent) ABŞ dolları, faiz borcuna görə 29.214,09 (iyirmi doqquz min iki yüz on dörd dollar doqquz sent) ABŞ dolları, cərimə borcuna görə 500 (beş yüz) ABŞ dolları, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 853,15 (səkkiz yüz əlli üç dollar on beş sent) ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) məbləğində vəsait Cavabdeh4 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsindəki, 4 otaqlı, 226.3 kv.m ümumi, 65.2 kv.m yaşayış, 161.1 kv.m yardımçı sahədən ibarət 42 saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılsın və borc Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsindəki, 4 otaqlı, 226.3 kv.m ümumi, 65.2 kv.m yaşayış, 161.1 kv.m yardımçı sahədən ibarət 42 saylı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilsin. Fərdi yaşayış evinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsindəki, 4 otaqlı, 226.3 kv.m ümumi, 65.2 kv.m yaşayış, 161.1 kv.m yardımçı sahədən ibarət 42 saylı fərdi yaşayış evi hərrac keçirildikdən və satıldıqdan sonra bir ay ərzində Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin evə istifadə hüquqları itirilmiş hesab edilməklə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin evdən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 150 (bir yüz əlli) manat məbləğində vəsait Cavabdeh4 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi ilə bağlı keçirilmiş tədqiqatın dəyəri 300 (üç yüz) manat məbləğində vəsait Cavabdeh4 alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar