Məhkəmə qərarları › İş №2(010)-1077/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1077/2021

22.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1077/2021 22.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi ilə, iddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “xxxx” KB ASC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 269,91 AZN əsas, 67,65 AZN faiz, 0,06 AZN cərimə, cəmi 337,62 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 300 AZN məbləğində kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxx” KB ASC-yə 269,91 manat əsas, 67,65 manat faiz, 0,06 manat cərimə, cəmi 337,62 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 300 AZN məbləğində kredit limiti verilmişdir. Müqaviləyə əsasən müqavilə imzalandıqdan sonra “Borcalan”a cari hesab açılır. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” KB ASC-nə 269,91 manat əsas, 67,65 manat faiz, 0,06 manat cərimə 337,62 manat borcu vardır. xx.xx.2020-ci il tarixli bildirişindən müəyyən olunur ki, Cavabdeh banka olan borcun 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, “xxxx” KB ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Cavabdeh ilə “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 861tkBKX/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 300 AZN məbləğində kredit limiti verilmişdir. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 269,91 manat əsas, 67,65 manat faiz, 0,06 manat cərimə olmaqla, 337,62 manat məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehdan kredit borcuna görə 269,91 manat əsas, 67,65 manat faiz, 0,06 manat cərimə olmaqla, cəmi 337,62 (üç yüz otuz yeddi manat altmış iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul Cavabdeh iddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar