Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1094/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşma (müqavilə) Standart Şərtlər müqaviləsi üzrə 6598,63 manat əsas borc, 333,7 manat faiz borcu, 48,54 manat cərimə borcu olmaqla, cəmi 6980,87 manat borcun və 89,81 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşma (müqavilə) Standart Şərtlər müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşma (müqavilə) Standart Şərtlər müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19,9 faizlə, 36 ay müddətinə 10250 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2023-cü ilədək Cavabdeh banka xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşma (müqavilə) (əlavə №3, 3-Y-2-0-768-2) üzrə 6598,63 manat əsas borc, 333,7 manat faiz borcu, 97.07 manat cərimə borcu olmaqla, cəmi 7029,40 manat borcu vardır. Cavabdeh müqavilə üzrə banka ümumi cərimə borcu 97,07 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği müqavilədə nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 48,54 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək təmin olunmasına etiraz etmədi. İş materialları. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşma (müqavilə) Standart Şərtlərə 1 saylı Əlavədən görünür ki, Cavabdeh bu razılaşmanı imzalamaqla təsdiq edir ki, "Yelo Bank ASC-nin İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və X2 yerləşdirilmiş Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşma (müqavilə) Standart Şərtləri oxumuş, sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu Razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtləri gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Bank xidmətlərinin göstərilməsi üzrə Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşma (müqavilə) (Bank hesabının açılmasına dair 3-C-2-00004-0621) üzrə 2 saylı Əlavədən görünür ki, Cavabdeh ilə İddiaçı ASC-nin 3 saylı Filialı arasında xx.xx.2021-ci il tarixdə AZ41NİCB**********0017A21910 nömrəli hesab açılmış və müştəri bu razılaşmanı imzalamaqla bəyan edir və təsdiq edir ki, X2 yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər oxudu, sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu Razılaşmamı imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Bank xidmətlərinin göstərilməsi üzrə Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşma (müqavilə) Əlavə №3-dən (3-Y-2-0-768-2) (nağd kredit verilməsinə dair) görünür ki, Cavabdeh ilə İddiaçı ASC-nin 3 saylı Filialı arasında xx.xx.2021-ci il tarixdə illik 19,9 faizlə, 36 ay müddətinə 10250 manat kreditlə bağlı razılaşma imzalanmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas borc üzrə 6598,63 manat, faiz borcu üzrə 333,7 manat, cərimə borcu üzrə 97,07 manat olmaqla, cəmi 7029,4 manat məbləğində borc yaranmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas borc üzrə 6498,63 manat, faiz borcu üzrə 660,3 manat, cərimə borcu üzrə 620,87 manat olmaqla, cəmi 7779,8 manat məbləğində borc yaranmışdır. xx.xx.2021-cu il tarixli məxaric orderindən görünür ki, 10250 manat məbləğində pul Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 3-Y-2-0-768- 21 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun vaxtında ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarı. 9.3. Pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, faiz borcu, zərər, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşmanın (müqavilənin) və 3-Y-2-0-768-21 saylı nağd kredit verilməsinə dair Əlavə №3 şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank cavabdehlə aralarında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Həmçinin, cavabdeh öz izahatlarında borcu etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu, eləcə də cərimə məbləğini tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, tələb edilən cərimə məbləği tərəflər arasında razılaşdırılmış şərtlərdən ikiqat azaldılmış qaydada tələb edilir və o (48,54 manat) əsas borca mütənasibdir və tənasübsüz surətdə yüksək məbləğ deyil. İddiaçı məhkəməyə müraciət edərkən iş materiallarına xx.xx.2023-cü il tarixli maliyyə arayışı təqdim etmişdir. Həmin maliyyə arayışı ilə müəyyən edilmişdir ki, Cavabdeh əsas borc üzrə 6598,63 manat, faiz borcu üzrə 333,7 manat, cərimə borcu üzrə 97,07 manat olmaqla, cəmi 7029,4 manat məbləğində borc yaranmışdır. Daha sonra isə məhkəmə baxış iclasında xx.xx.2023-cü il tarixli maliyyə arayışı təqdim etmiş, lakin bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyinə dair hər hansı bir sübut təqdim etməmiş, həmçinin iddia tələbinin həcmini artırmağa və ya azaltmağa dair heç bir ərizə (vəsatət) təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışını iş üzrə mötəbər sübut kimi qəbul edir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı Cavabdeh ilə aralarında bağlanmış Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşmanın (müqavilənin) ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Eyni zamanda, cavabdehə müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilmiş, lakin heç bir cavab alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı borc məbləğinin qaytarılması ilə əlaqədar olaraq, Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşmanın (müqavilə) ləğvini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşma (müqavilə) üzrə 6598,63 manat əsas borc, 333,7 manat faiz borcu və 48,54 manat cərimə olmaqla, cəmi 6980,87 manat məbləğində pul alınaraq iddiaçı “Yelo Bank“ ASC-nin xeyrinə ödənilməli, tərəflər arasında bağlanmış xx.xx.2021-cu il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşma (müqavilə) və onun kreditin verilməsi üzrə əlavəsi ləğv edilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 89,81 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə Razılaşma (müqavilə) üzrə 6598,63 manat əsas borc, 333,7 manat faiz borcu və 48.54 manat cərimə borcu, cəmi 6980,87 manat məbləğində pul və ödənilmiş 89,81 manat məbləğində dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdаr Cəmiyyətinə ödənilsin. Cavabdeh ilə İddiaçı Açıq Səhmdаr Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-cü il tarixli bank xidmətlərinin göstərilməsi üzrə razılaşma (müqavilə) və onun kreditin verilməsi üzrə əlavəsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1094/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1094/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver