Məhkəmə qərarları › İş №2(010)-1095/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1095/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1095/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “xxxxxxxxxxxxxxx” MMC) Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh “xxxxxxxxxxxxxxx” MMCnin xeyrinə 2566 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, ona 12 ay müddətinə ümumi qiyməti 2866 manat dəyərində olan Samsung paltaryuyan maşını və Samsung televizoru satılmışdır. Alınmış malların dəyərindən ilkin ödəniş 300 manat etməklə hər ay üçün 2131.83 manat ödəmək şərti ilə aldığı malın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək ödəməli olduğu əsas borcundan bu günədək 300 manat ödəniş etmiş, qalan 2566 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alğı-satqı müqaviləsinin və mülki qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: «xxxxxxxxxxxxxxx» MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsindən görünür ki, müqavilədə göstərilən Samsun markalı paltaryuyan və televizor Cavabdeh satılmış, alıcı aldıqlarının dəyəri olan 2866 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 2866 manat əsas borcundan bu günədək 300 manat ödəniş etmiş, 2566 manat əsas cərimə borcu yaranmışdır. Satılan əşyanın qiymətinin ödənilməsi üzrə ödənişlərin vaxtı və məbləğləri barədə ödəniş cədvəlindən görünür ki, cəmi 2566 manat məbləğində pulun 12 ay müddətinə, aylıq 213.83 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli, ******* nömrəli Aktdan görünür ki, Sadıqov X2 paltaryuyan və Samsung televizoru təhvil almışdır. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə borcu barədə məlumat verilmiş, öhdəlikləri tam yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh «xxxxxxxxxxxxxxx» MMC-dən cəmi dəyəri 2866 manat olan paltaryuyan maşın və televizor almış, 300 manat ilkin ödəniş etmiş, qalan 2566 manat məbləğində pulu 12 ay müddətinə hər ay 213.83 manat olmaqla ödəniş qrafikinə əsasən, hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, ilkin ödənişdən sonra borcundan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alğısatqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə əşyaları borcluya vermişdir. Borclu isə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 2566 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2566 (iki min beş yüz altmış altı) manat məbləğində pul alınaraq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-yə verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Bundan başqa, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2566 (iki min beş yüz altmış altı) manat məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar