Məhkəmə qərarları › İş №2(010)-1139/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1139/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1139/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh ilə faktiki nikahından doğulmuş 20 fevral 2012-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin məbləğinin artırılaraq 220 manat müəyyən edilməsi və həmin aliment məbləğinin Cavabdeh tutularaq uşaq 18 yaşına çatana qədər iddiaçıya ödənilməsi, mediasiya prosesində ödənilmiş 50 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlliləri Bərdə Rayon Məhkəməsinin 2(021)-7223/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh onunla faktiki nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Səid adlı uşağın saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə işinə baxılan zaman soyadı Rzalı olmuş, hazırda ailə qurduğu üçün yoldaşının soyadını götürmüş və soyadı Həsənovadır. Bu 5 il bundan əvvəl olmuşdur, həmin vaxt uşağın 5 yaşı var idi, indi uşağın 11 yaşı vardır, uşaq böyümüşdür, məktəbə gedir, hazırlığa getməyinə ehtiyac vardır, 80 manat sabit pul məbləğində aliment onu saxlamaq üçün kifayət etmir. Uşağa hər ay 400 manata yaxın vəsait xərclənir, 80 manat sabit pul məbləğində aliment isə uşağın saxlanılması üçün kifayət etmir, uşaq böyüdükcə xərcləri də artır. Qətnamə qəbul edilən zaman uşaq kiçik idi və qiymətlər də hal-hazırda olduğundan qat-qat aşağı idi. Uşaq məktəbə gedir, orqanizmi 2017-ci ildə olduğuna nisbətən daha çox qida tələb edir, geyim əşyaları da təbii ki, 2017-ci ildəkinə nisbətən daha çox vəsait tələb edir. Cavabdehin hazırda tələb etdiyi alimenti ödəmək imkanı da vardır, belə ki, ev təmiri, elektrik işləri ilə məşğul olur, tik-tok səhifəsində olan fotoşəkillərdən göründüyü kimi şəxsi avtomobili vardır, yəni kifayət qədər yüksək gəlirə malik olan bir şəxsdir, buna baxmayaraq uşağın layiqli səviyyədə saxlanılmasından boyun qaçırır. İddiaçının izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğlu iki yaşından onunla yaşayır və bu müddət ərzində cavabdeh uşağı ilə maraqlanmamışdır. Cavabdehlə birlikdə yaşadığı müddət ərzində onun gözü ilə bağlı heç bir problemi olmamışdır. Necə olur ki, cavabdeh birinci qrup əlil olur. Cavabdeh əvvəl elektrik işi ilə məşğul olurdu. Hətta cavabdeh maşın idarə edir. Özü ikinci dəfə ailə qurmuş və həmin nikahdan bir uşağı vardır. Özü xəstədi, 6 ay müddətində ciddi müalicə olunmalıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə ərizəsi məhkəməyə daxil olmuşdur və o, həmin ərizəsində göstərmişdir ki, o, birinci qrup gözdən əlildir. Hal-hazırda və ayda sosial müavinətlərlə birlikdə 570 (beş yüz yetmiş) manat pensiya alır. xx.xx.2017-ci il tarixdən Bərdə rayon Məhkəməsinin qərarına əsasən oğlu X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 80 (səksən) manat olmaqla ondan aliment tutulur. xx.xx.2019-cu il tarixli qərarına əsasən qızı X1 yetkinlik yaşına çatanadək hər ay 100 (yüz) manat olmaqla aliment tutulur. Hal-hazırda evlidir, bir övladı var və birlikdə yaşayırlar. Onun şəxsi mülkü olmadığı üçün kirayədə yaşayır. Ayda 200 (iki yüz) manat kirayə haqqı ödəyir. Hətta ona köməklik edəcək bir adam da yoxdur. Yalnız tək-tək tanıyanlar arada bir ərzaq köməkliyi edirlər. Bir sözlə, o, çox ağır durumda yaşayır. Məhkəmədən onun real durumunu, səhhətinin və maddi durumunun ağır olmasını nəzərə alıb məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini xahiş etmişdir. İş materialları Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(021)-7223/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2012-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 80 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X7 verilməsi qət edilmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatının mediatoru İ.Şahverdiyevin "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/11-2023-00044 saylı arayışından görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi ilə bağlı –alimentin miqdarının dəyişdirilməsi tələbi üzrə xx.xx.2023-cü il tarixində 13:15 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-1385/2019 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 100 manat məbləğində sabit pul şəklində aliment tutularaq X3 verilməlidir. Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci ildə doğulmuş X2 atası hesab edilmişdir. Əlillik haqqında arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh birinci dərəcəli gözdən əlildir. Gəncə Şəhər Oftolmoloji xəstəxanasının xx.xx.2017-ci il tarixli tibbi rəyindən görünür ki, xəstə Cavabdeh Gəncə şəhər Ə.Məmmədov 57 sakini, 1991 ci il təvəllüdlü, Gəncə şəhər 1 saylı Poliklinikanın 19.01,2017 ci il tarixli göndəriş vərəqəsi ilə xəstəxanaya müraciət edib. Şikayəti: Hər iki gözdə görmənin olmamasındandır. Özünü uşaqlıqdan xəstə hesab edir. 2011-ci ildən vəziyyətinin pisləşdiyini qeyd edir. Kontakt linza istifadə edə bilməyib. Kroslinkinq əməliyyat olunmasına baxmayaraq görməsi qənaətbəxş olmayıb. Status oculorum: Vis OD = 0,01 korr.etmir; Vis OS -• 0,01 korr.etmir. Hər iki gözü - (qapaqlar yaş aparatı normaldır. Konyunktiva solğun çəhrayıdır. Buynuz qişa konus şəkilli önə bulanma müşahidə olunur. Kamera dərindir, zəifdir. Göz dibi müayinə olunmur. Diaqnoz: Hər iki gözdə keratokonus. Cavabdeh AZEMİS məlumatlarından müəyyən olunur ki, o, ümumi xəstəlikdən 1-ci qrup əlil kimi 270 manat məbləğində və ümumi səbəblərdən 1 dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 1 qrup kimi 300 manat məbləğində pensiya alır. İşin faktiki halları İddiaçı və Cavabdeh faktiki nikahından xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(021)-7223/2017 saylı qətnaməsi ilə Qarayev Səidin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ayda 80 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Rzalı Ceyrana verilməsi qət edilmişdir. Hazırda iddiaçı oğlu Səidin yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq 220 manat müəyyən edilməsini istəyir. Cavabdeh isə iddia tələbi ilə razılaşmır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi tərəflərin faktiki nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Bununla belə uşağın saxlanılması üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz. Üstəlik, nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, cavabdeh 1-ci dərəcə gözdən əlilliyinə görə ümumilikdə 570 manat məbləğində pensiya alır. Eyni zamanda cavabdeh digər övladı xx.xx.2016-cı il təvəllüdlü Qarayeva Aysunun saxlanılması üçün həmin uşağın anasının xeyrinə 100 manat sabit pul məbləğində aliment ödəyir. Məhkəmə qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Nəzərə alınmalıdır ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Yuxarıda qeyd edilən halları nəzərə alan və hər bir halda uşağın maraqlarını üstün tutan məhkəmə hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş 20 fevral 2012-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməlidir.

Məhkəmə xərci Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (150x12=1800 manat) mütənasib olan 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mediasiya prosesində iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 20 fevral 2012-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(021)-7223/2017 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməli və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-1139/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində vəsait isə tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 20 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)-7223/2017 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)- 1139/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində vəsait alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar