Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-114/2020 09.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı « kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri SuraxanıRayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8029,81 manat əsas borc, 1212,62 manat faiz borcu, 7713,68 manat məbləğində cərimə borcu, 1217,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 18173,55 manat məbləğində borcun və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin nümayəndəsi Azərbyacan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehdən 8029,81 manat əsas borc, 1212,62 manat faiz borcu, 7713,68 manat məbləğində cərimə borcu, 1217,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla cəmi 18173,55 manat məbləğindəborcunvə 30 manat dövlət rüsumu tutulması,tutmanın ipoteka predmeti olan, Cavabdeh məxsus 2004cü il buraxılışlı, ban WDB2110651A503229, qara metal rəngli, «Mersedes Benz E320» minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışıdır ki, Cavabdeh ilə X4 “Bank Standard” Kommersiya Bankı arasında xx xxx 2013-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/12026/13 saylı müqavilə bağlanmış, Bank tərəfindən cavabdehə illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 12750 (on iki min yeddi yüz əlli) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun banka 8029,81 manat əsas borc, 1212,62 manat faiz borcu, 7713,68 manat məbləğində cərimə borcu, 1217,44 manat məbləğində gecikdirilmiş günlər üçün 5% hesablanmış faiz borcu olmaqla, cəmi 18173,55 manat məbləğində borcu qalmışdır. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxx 2013-cü il tarixdə 1xx/xx/12026/13 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinin şərtlərinə görə mülkiyyət hüququ ilə Cavabdeh məxsus «Mersedes Benz E320» minik markalı dövlət nömrə nişanı **-OE-*** olan avtomobil Bank qarşisında ipoteka ilə yüklü edilmişdir, ipoteka müqaviləsi tərəflər arasında imzalandıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının DİN BDYPİ-də ipotekanın qeydiyyatı aparılmış və müvafiq olaraq xx xxx 2013-cü il tarixdə AB № 997293 saylı şəhadətnamə verilmişdir. Cavabdehlə aparılan danışıqlar və rəsmi xəbərdarlıqlara baxmayaraq, öhdəliklərini icra etməmiş və bu günə kimi mövcud borcunu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 442, 448.1, 465.2, 467, 445.2.1, 472.2, 501-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir . Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasına etirazı olmamasına dair iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq hesab edir ki, işə cavabdehin iştirakı olmadan baxıl bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın Cavabdeh arasında bağlanmış xx xxx 2013-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/12026/13 saylı müqavilə bağlanmış, Bank tərəfindən cavabdehə illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 12750 (on iki min yeddi yüz əlli) manat kredit verilmişdir. - QSC “Bank Standard” KB-i ilə Cavabdeh arasında bağlanmış xx xxx 2013-ci il il tarixli, 1xx/xx/12026/13 saylı ipoteka müqaviləsinə görə «Mersedes Benz E320» minik markalı dövlət nömrə nişanı **-OE-*** olan avtomobili borcun təminatı olaraq bank qarısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli maliyyə arayışından göründüyü kimi, Cavabdeh xx xxx 2019-cu il tarixə 8029,81manatəsas borc, 1212,62manatfaizborcu, gecikdirilmiş vaxt üçün hesablanmış 1217,44 manat faiz məbləği 7713.68 manat məbləğində cərimə borcu, cəmi 18173,55 manat borcu göstərilmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcunun olması ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən müddət ödənişlər etsə də, sonradan ödənişlər etməmiş, nəticədə iddiaçı cavabdehin əsas borc üzrə 8029,81 manat əsas borc, 1212,62 manat faiz borcu, 7713,68 manat məbləğində cərimə borcu, cəmi 18173,55 manat borcu yarandığını iddia edərək məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə hesab edir ki, arasında xx xxx 2013-cü il tarixində kredit verilməsi üzrə Cavabdehnın öhdəliyi icra etməməsi və nəticədə əsas borc üzrə 8029,81 manat əsas borc, 1212,62 manat faiz borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Eyni zamanda görünür ki, iddiaçı cavabdehdən Kontitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1217.44 manat faiz borcu tələb etmişdir. Məhkəmə iddianın bu hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Həmin qərarda daha sonra qeyd edilir ki, konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər. Məhkəmə hesab edir ki, cavabdehlərin öhdəliyin icrasını gecikdirməsinə görə iddiaçıya dəymiş zərərin (əldən çıxmış fayda) qiymətləndirilməsi məhkəmə tərəfindən iddiaçının verdiyi məlumatlar əsasında həyata keçirilir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Hazırkı işdən isə görünür ki, iddiaçı bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə biləcəyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün hesablanmış faizə münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/521 saylı xx xxx 2020-ci il tarixli rəyindən görünür ki, xx xxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 7978,02 manat, faiz borcu 2340,22 manat müəyyən olunur. Ona görə də əsas borc kimi 7978,02 manat tutulmalıdır. Faiz borcu ekspert rəyində 2340, 22 manat müəyyən olunsa da, iddiaçı tələbinin həcminin artırılması barədə ərizə təqdim etmədiyindən, məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, faiz məbləği iddiaçının tələb etdiyi kimi, 1212,62 manat həcmində cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -463.1-ci maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə 7713,68 manat cərimə (dəbbə) tələbi 8029,81 manat məbləğində əsas borcun ödənilməsi ilə bağlı öhdəliyin icrasının təmini baxımından tənasübsüz surətdə yüksək məbləğdir. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq cərimə məbləğinin xx xxx 2013-cü il kredit müqaviləsi üzrə 200 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7978,02 manat əsas borc, 1212,62 manat faiz borcu, 200 manat məbləğində cərimə borcu olmaqla cəmi 9390,60 (doqquz min üç yüz doxsan manat altmış qəpik) manat borc iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə tutulmalı, Tutma Cavabdeh məxsus 2004-cü il buraxılışlı, ban WDB2110651A503229, qara metal rəngli, «Mersedes Benz E320» minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobilin ilkin satış qiyməti 15800(on beş min səkiz yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçınını xeyrinə ödənilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işüzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/12026/13 saylı kredit müqaviləsinə əsasən 7978.02 manat (yeddi min doqquz yüz yetmiş səkkiz manat iki qəpik) əsas, 1212.62 manat (min iki yüz on iki manat altmış iki qəpik) faiz bоrcu və 200 manat (iki yüz) məbləğində cərimə olmaqla, cəmi 9390.64 manat (doqquz min üç yüz doxsan manat altmış dörd qəpik) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh məxsus “Mercedes benz E320” markalı, 2004-cü il buraxılışlı, qara metal rəngli, ban WDB2110651A503229 olan **-OE-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin. Avtomobilin ilkin satış qiyməti 15800 (on beş min səkkiz yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İddiа qаlаn hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-114/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-114/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver