Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1141/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 6000 manat pulun ondan alınıb ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ev almaq istədiyi üçün makler işləyən qaynı X10 ona zəng edərək dostu Rasim adlı şəxsin özünə məxsus Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində evi olduğunu və həmin evi 108000 manata satdığını demişdir. Bu zaman həyat yoldaşı X4 qardaşı Samir İbrahimovla birlikdə gedərək həmin evə baxmışlar və arvadı Müşgünaz evi bəyəndiyi üçün iddiaçının da evə baxmağını istəmişdir. Daha sonra onlar yenidən 05 aprel 2024- cü il tarixdə həmin ünvana getmiş və ünvanda olan zaman evin yan pəncərəsinin dəmir listlə bağlandığını görmüşlər. İddiaçı Rasimdən həmin pəncərənin niyə bağladığını soruşduqda onu aldadaraq bildirmişdir ki, guya pəncərə qonşunun həyətinə baxdığı üçün bağlayıbdır. Yəni arxa hissə tamamilə boşdur. Həmin vaxt inanmış və qiymətdə razılaşdıqdan sonra pulun bir qismini yəni 10000 manatını ailə üzvlərinin və qaynının yanında evin sənədləşməsi və evə kombi çəkdirməsi məqsədilə Rasim adlı şəxsə vermişlər. Təxminən 5 gün sonra 10 aprel 2024-cü il tarixdə kombini çəkdirib çəkdirməməsini yoxlamaq məqsədilə yenidən həmin ünvana getdikdə orada olan zaman məlum olmuşdur ki həm qaynı, həm də ev sahibi iddiaçını aldatmışlar, yəni evin qəbiristanlığa bitişik olduğunu gizlədib evi ona satmaq istəmişlər. Pəncərə qəbiristanlığa baxdığı üçün dəmir listlə bağlayıblar ki alan adam görməsin. İddiaçı həmin vaxt aldandığını başa düşmüş və verdiyi 10000 manat pulu Rasimdən geri qaytarmasını tələb etmişdir. Rasim adlı şəxs isə müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan imtina etdiyinə görə o, bu barədə Suraxanı RPİ-nin 3 1-ci PB-nə şikayət etmişdir. Bölmədə şikayəti araşdırılmış və cavabdeh izahat verərək iddiaçıdan 10 000 manat məbləğində pul almasını etiraf etmişdir. Lakin Suraxanı RPİ-nin 3 1-ci PB-nin təhqiqatçısı Akşin Vəliyevin 21 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə’' qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçını aldadaraq heç bir sənədi olmayan evi ona satmaq adı ilə iddiaçıdan 10000 manat məbləğində pul vəsaiti almış, bununla da ididiaçıya 10000 manat zərər vurmuşdur. Lakin cavabdeh sonradan həmin məbləğin 4000 manat hissəsini qaytarmış, ödənilməmiş 6000 manat məbləğində borcu qalmışdır. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, alqı satqı edərək ev almışdır. Evi alanda xəbəri olmamışdır ki, evin arxası qəbiristanlıqdır. Qayınları əlbir olaraq onu aldatmış, ondan 10000 manat məbləğində pul almışlar. 8000 manatı sənəd düzəltmək, 2000 manat isə evə kombi çəkdirmək üçün alıblar. Qaynına inandığı üçün pul vermişdir. Təxminən beş gün sonra 10 aprel 2024-cü il tarixdə kombini çəkdirib çəkdirməməsini yoxlamaq üçün evə getdikdə evin arxa hissəsində qəbiristanlıq yerləşdiyini görmüşdür. Pəncərəni də elə bu səbəbdən dəmir listlə bağladıqları məlum olmuşdur. Evə gəlib ailə üzvlərinə bildirən zaman gəlini o evə getməyəcəyini, qorxduğunu bildirmişdir. Daha sonra qaynının dostu Rasim adlı şəxsə zəng vuraraq məsələni bildirmiş, o da evi başqasına satıb pulu qaytaracağını demişdir. Daha sonra yas mərasimi ilə əlaqədar rayona gedəsi olmuş, qayıtdıqda öyrənmişdir ki, həmin ev satılıb. Pulu qaytarmağı tələb etdikdə isə Rasim qaytarmayacağını bildirmişdir. Polisə şikayət etdikdən sonra Rasim pulun 5500 manat məbləğini qaytarmışdır. Ev bələdiyyə sərəncamı ilə arvadı X2 adınadır. Cavabdehdən 6000 manat məbləğində pulun tutularaq ona verilməsini xahiş edir. Ona bu məsələ ilə bağlı çərkdiyi xərclərə görə zərər dəymişdir. Ona görə də 6000 tələb edir. Evi oğlu üçün alırdılar. Evi oğlu tapmış, cavabdehnən danışıqları o aparmış, pulu da oğlu vermiş və bir hissəsini də geri almışdır. Amma pul ona aid idi, ona görə də pulu özü geri tələb edir. İddia tələbinə baxılmasına israr edir. Məhkəmə iclasında çıxış edən Cavabdeh izahatında göstərdi ki, iddiaçının ona qarşı irəli sürdüyü tələbi əsassızdır və təmin edilməməlidir. İddia ərizəsini qəbul etmir. Təmir üçün ona 10000 manat pul vermişlər. O, alqı-satqını iddiaçının oğlu Naminlə aparmışdır. Pulu da ona oğlu vermişdir. Sonrakı mərhələdə bütün danışıqlar da elə iddiaçının oğlu ilə aparılmışdır. Pulu da təhvil-təslim aktı ilə iddiaçının oğluna qaytarmışdır. Həmin aktdan da görünür ki, pulu iddiaçının oğlu vermişdir ona. İndi isə iddiaçıınn ortaya çıxıb məndən pul istəyir. Razılaşmaqlarına baxmayaraq sonradan evi istəməmişlər. O, bildirmişdir ki, evi satdıqdan sonra pulu qaytaracaq. Bir gün ərzində 10000 manat pulu tapmağı imkansız idi. Bir müddət keçdi və iddiaçı tərəf yenidən bildirdi ki, evi istəyirlər. Suyun sayğacı yox idi. Ödəniş etmişdir ki, sayğacı gətirsinlər. Lakin iddiaçı sayğacın 1 gün ərzində sayğacı quraşdırılmasını tələb etdiyi üçün məcbur olub 1000 manat vermiş və su sayğacını 1 gün ərzində gətirib quraşdırmışlar. Sonra yenə evi istəmədiklərini bildirmişlər. Daha sonra zəng elədilər ki, rayondadırlar və gəlib evi alacaqlar. O da başqa əşyaya görə beh verməli idi. Buna görə də, bu məsələni bir neçə dəfə iddiaçının oğlu ilə dəqiqləşdirmişdir. İddiaçının oğlu da alacaqlarını bildirmişdir, lakin sonra almadılar. Belə qarışıq vəziyyət alınmışdır. Beləliklə də cavabdehə 3000 manat ziyan dəymişdir. Razılaşmışlar ki, o, 7000 manat qaytaracaq, 3000 manatı ziyan əvəzi götürəcək. İddiaçının oğluna 5500 manat pul vermişdir. 5500 manatı qaytarmağı ilə bağlı çəkiliş etmiş və bir neçə şahidin yanında iddiaçının oğluna sənədə imza çəkdirmişdir. İddiaçının oğluna 1500 manat borcu var. İş materialları xx.xx.2024-cü il tarixli müqavilə müqavilədən görünür ki, Cavabdeh X3 Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi təzə məhəllə adlanan ərazidə yerləşən 108000 manat dəyərində olan iki mərtəbəli mənzili 10000 manat ilkin ödəniş almaqla satmışdır. Müqaviləni satıcı kimi Cavabdeh, alıcı kimi X4, şahidlər olaraq isə İbrahimov A.Cavad oğlu, X12 və X14 imzalamışdır. xx.xx.2024-cü il tarixdə Suraxanı rayon Pİ-nin İstintaq Şöbəsinin təhqiqatçısı Akşin Vəliyev «cinayət işinin başlanmasının rədd edilməsi» haqqında qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixli X14 tərəfindən yazılmış iltizamda qeyd olunmuşdur ki, Mən X1 Rayonu Əmircan Qəsəbəsində yerləşən fərdi yaşayış evini almaq üçün Cavabdeh 10000 manat beh şəklində verdim və bir müddət sonra alası olmadıq. Bu zaman behin geri qaytarılması ilə bağlı aramızda razılıq olmuşdur ki, satıcı Cavabdeh dəymiş 3000 manat ziyan çıxılmaqla yerdə qalan 7000 maat qaytarılsın. Bu 3000 manatla bağlı X6nun nə indi nə də gələcəkdə heç bir tələbim iddiam olmayacaqdır. Özüm yazdım öz xəttimlə. Mən qaytarılmalı olan ümumi summa 7000 manatdan 2000 manatını X9 və X5 iştirakıyla Cavabdeh xx.xx.2024-cü il tarixdə aldım. Geridə bizim aramızda 5000 manat pul qaldı. İmza edilər. İbrahimov Alkişi, İbrhaimov Samir, Cavabdeh, Məmmədov Namin. X20 xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilən məbləğdən 3500 manatını aldım. Şahid İbrahimov S.C.oğlu mənim şahidliyimlə X11 3500 manat verildi. İş materiallarına əlavə edilmiş cd diskə əlavə edilmiş səs yazılardan məlum olur ki, Cavabdeh yas mərasimi ilə əlaqədar rayon yerində olduğunu ayın 28-i, daha sonra 40 mərasimi keçiriləndən bir iki gün sonra yəni, 14 ya da 15-i görüşəcəklərini aralarında pul borcu qalmayacağını, sizin məndə pulunuz batmadı özünüz həmin pulu ora bura xərclətdiz, tez-tez də anasının bələdiyyəyə gedərək orda məsələləri həll etməli olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11.4. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını nəzərdən keçirib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Hazırki işin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi təzə məhəllə adlanan ərazidə yerləşən özbaşına tikilinin sahibliyə və istifadəyə verilməsi ilə bağlı münasibətlər (sözügedən özbaşına tikilinin 108000 manat müqabilində sahibliyə və istifadəyə verilməsi ilə bağlı razılığa gəlinməsi, həmin məbləğdən 10000 manatın verilməsi, müəyyən hissənin geri qaytarılması və s.) iddiaçının oğlu Namin Məmmədov və Cavabdeh arasında yaranmışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, hazırkı işdə İddiaçı cavabdehdən 10000 manat məbləğində pul məbləğini geri tələb etməkdə hər hansı bir hüququnun olmadığı aşkardır. Belə olan halda məhkəmə iddianı buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əsl iddiaçı ilə əvəz edilməsi təklif edilsə də, o, bunu istəmədi və işə mahiyyəti üzrə baxılmasına israr etdi. Beləliklə, məhkəmənin başqa çıxış yolu qalmadı və işə mahiyyəti üzrə baxmağa davam etməli oldu. Məhkəmə həmçinin vurğulayır ki, məhkəmə iddianı buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış olduğu qənaətinə gəldiyindən hazırki iddianın əsaslılığı üzrə hər hansı bir hüquqi dəyərləndirmə aparmadı. Belə ki, bu gələcəkdə ortaya çıxacaq iddia üzrə zidiyyət yaranmasına səbəb ola bilər.
Məhkəmənin gəldiyi nəticə İddiaçıin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçıin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova