Məhkəmə qərarları › İş №2(010)-1163/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1163/2022

09.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1163/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 17.04.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə 09.06.2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehdə birgə nikahından 17.04.2012-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5290/2019 saylı 05.11.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılmış və Cavabdeh 17.04.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmuşdur. Hazırda o işləsə də, aylıq gəliri azdır və uşağın dolanışıq xərclərini tam təmin edə bilmir. Cavabdeh tərəfindən ödənilən aliment isə azyaşlı övladının saxlanılmasına kifayət etmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o hazırda Bolt şirkətində taksi fəaliyyəti ilə məşğuldur. Gündəlik qazancı 20-30 manat təşkil edir. O rəsmi yerdə işləmir və buna görə də əlavə gəliri yoxdur. Hətta alimenti 7 aydır ki, ödəyə bilməmişdir. Belə ki, onun iki banka kredit borcu vardır. O əvvəllər 166 yük şirkətində işləmiş və aylıq 1500 manat qazancı olmuşdur. Hazırda isə məhkəmə tərəfindən tutulmuş alimenti ödəmək qabiliyyətində deyildir. Alimentin artırılacağı təqdirdə onu ödəməyə maddi imkanı olmayacaqdır. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5290/2019 saylı 05.11.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5389/2016 saylı 23.05.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 17.04.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. İşə əlavə edilmiş Bakı şəhər Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 17.04.2012-ci ildə doğulmuş, valideynləri Cavabdeh, İddiaçıdır. İşə əlavə edilmiş Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 01.08.2017-ci il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 21.12.2021-ci il tarixdə saat 14:00-14:30 saatlarında keçirilməsi nəzərdə tutulan iclasda İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mübahisə üzrə tərəflər ilkin mediasia sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunvericiliyin birmənalı və imperativ qaydada müəyyən etmişdir ki, yalnız tərəflərdən birinin 1) ailə və ya 2) maddi vəziyyətində dəyişikliyin baş verməsi alimentin miqdarının dəyişilməsi (artırılması və ya azaldılması) üçün əsas ola bilər. Hər hansı digər hallar alimentin dəyişdirilməsi üçün əsas ola bilməz. Digər əsaslarla alimentin miqdarının dəyişdirilməsi alimentlə bağlı hüquq münasibətləri ilə ziddiyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halların və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliklə isə aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)- 5290/2019 saylı, 05.11.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5389/2016 saylı 23.05.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 17.04.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160(yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Suraxanı rayon Məhkəməsinin 2(010)-5290/2019 saylı, 05.11.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq 17.04.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşağa 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin rəsmi iş yerinin olması müəyyən olunmamış və gəlirinin olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı özünün işlədiyini, lakin gəlirinin az olduğunu bildirir və cavabdehin isə rəsmi olaraq işləməsi və onun maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair iş materiallarında sübut yoxdur. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehin özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi halı da nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, alimentin artırılmasına dair iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, alimentin artırılmasına dair iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar