Məhkəmə qərarları › İş №2(010)-1165/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1165/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1165/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Həsənov Elçı̇ n Mı̇ rzəaqa oğluna qarşı əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirzəağa oğluna qarşı “əsas və faiz borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirzəağa oğlundan 6234.99 manat əsas borc, 1495.15 manat faiz borcu olmaqla ümumlikdə 7730.14 manat kredit borcunun, həmçinin ödənilmiş 97.30 manat və müvəqqəti təminat tədbiri barədə ərizəyə dair ödənilmiş 50 manat məbləğində dövlə rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus **-RP-*** dövlət qeydiyyat nişanlı, “SEAT İBİZA ST” markalı minik avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması satışdan əldə olunmuş vəsait borc məbləğinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh1 tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən AZərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarəsini “X7 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı cavabdeh X2 dair sənədlər S-AVK-1685 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASCnin Nəsimi filialı ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə, 393 saylı kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən cavabdehə illik 17 faiz tətbiq edilməklə, 60 ay müddətinə 12.325 manat məbləğində pul vəsaiti verilmişdir. Eyni zamanda "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh2 Mirzəağa oğlu arasında xx.xx.2022-ci il tarixdə, 393 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus “SEAT İBİZA ST” markalı avtomobil (buraxılış ili 2012, rəngi – ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı, 136824 nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Cavabdehlər öz öhdəliklərini icra etmirlər. Həmçinin qeyd olunur ki, borclunun kredit borcu AR Prezidentinin 28 feral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın təsir dairəsinə düşmüşdür. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini müdafiə edərək yuxarıda göstərilənlərə uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək avtomobilin onda olmadığını bildirdi Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdeh tərəfin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı arasında xx.xx.2012-ci il tarixli, 393 № li kredit müqaviləsinə əsasən borcverən tərəfindən borc alana avtomobil satınalma məqsədilə 60 ay müddətinə, illik 17 % şərtilə 12.325 manat kredit verilmişdir. - Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı arasında xx.xx.2012-ci il tarixli, 393 № li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 393 № li kredit müqaviləsinə əsasən 12.325 manat məbləğində 60 ay müddətinə, illik 17 faizlə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi SEAT İBİZA markalı minik markalı, buraxılış ili 2012, Ban – VSSZZZ6JZDR057503, Mühərik- CGG-934921, ağ rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2022-ci il tarixli, 328 nömrəli arayışdan görünür ki, borclu Cavabdeh1 xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 100 manat ödəniş etmişdir. Onun xx.xx.2022-ci il tarixinə İddiaçı QSC-yə olan borcu 6234.99 manat əsas borc, 1495.15 manat faiz borcu olmaqla ümumlikdə 7730.14 manat təşkil edir. - Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı arasında xx.xx.2012-ci il tarixli, 111 № zaminlik müqaviləsinə əsasən borclu - Cavabdeh1 ilə kreditor - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı arasında bağlanmış xx.xx.2012-ci il tarixl, 393 № li kredit müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin Cavabdeh2 borclu ilə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. - 11 avqust 2015-ci il tarixli, İddiaçı QSC ilə "xxxx" ASC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" ASC problemli kreditlərlə bağlı öz tələbetmə hüququnu İddiaçı QSC-nə güzəşt etmişdir. - Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Nəqliyyat X1 əsasən 2012-ci il buraxılışlı, ağ rəngli, **- RP-*** dövlət qeydiyyat nişanlı, “SEAT İBİZA” markalı minik avtomobili Cavabdeh1 məxsusdur. - xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, Cavabdeh1 iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Beləliklə, işin hallarından məlum olur ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında avtomobilin alınması üçün kredit müqaviləsi bağlanmış, kreditin təminatı şəklində kreditə alınmış avtomobil ipoteka ilə yüklü edilmişdir. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Müqavilənin təminatı kimi, həm də Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Sonradan, Bankın qeyd edilən kredit müqaviləsi əsasında Cavabdeh1 qarşı yaranan tələb hüququ İddiaçı QSC-yə ötürülmüşdür. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırır ki, müqavilə bağlanıqdan bir müddət sonra bankın əməkdaşları avtomobili ondan almışlar. O, kredit məbləğinin vaxtı ilə restruktizasiya oluna biləcəyindən də xəbərsiz olmuşdur. Ümumiyyətlə o, bu işlərdən məlumatsızdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək tələbə iddia müddətinin tətbiq edilməsini də xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki İddiaçı QSC-nin qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 6234.99 manat əsas borc, 1495.15 manat faiz borcu olmaqla ümumlikdə 7730.14 manat tələb etməsi qanuni və əsaslıdır. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi hissəsini də əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Həmin Məcəllənin 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Ona görə də, məhkəmə hesab edir ki ,ipoteka predmeti olan avtomobil açıq hərracda satışa çıxarılmalı, satışda əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi cavabdehə ödənilməlidir. Məhkəmə Cavabdeh1 tələbə iddia müddətinin tətbiq edilməsi barədə olan, xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə münasibətdə isə qeyd edir ki, ərizə əsaslı deyildir. Belə ki, Cavabdeh1 iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etsə də, lakin iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 328 nömrəli arayışdan görünür ki, borclu Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 100 manat ödəniş etmişdir. İddia ərizəsi isə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 100 manat ödəniş etməsini və iddiaçının iddia ərizəsini xx.xx.2022ci il tarixdə məhkəməyə təqdim etməsini nəzərə alaraq, hazırki iş üzrə iddia verilməsi üçün müddətin ötürülmədiyi qənaətinə gəlir. Çünki, xx.xx.2019-cu ildə ödəniş etməklə cavabdeh borcu etiraf etməsini göstərən hərəkət etmişdir. Ona görə də, yuxarıda qeyd edilən maddənin tələbi baxımından iddia müddəti həmin tarixdən hesablanmağa başlamalıdır. xx.xx.2019-cu il tarixdən üç illik iddia müdəti hesablandıqda isə müddət ötürülmür. Belə ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh sonuncu ödənişlərlə bağlı əks sübut məhkməyə təqdim etməmiş, ümumiyyətlə həmin ödənişləri mübahisələndirməmişdir. Cavabdeh yalnız avtomobilin onda olmadığını bildirməklə kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilən prosessual normaların tələblərindən də göründüyü kimi, mülki mühakimə icraatında məhkəmə tərəflərin əvəzinə sübutlar toplaya bilməz. Bunun davamı olaraq qeyd edilməlidir ki, cavabdehin irəli sürdüyü avtomobilin ondan alınması barədə dəlil, tələbə iddia müddətinin tətbiq edilməklə və ya digər əsasla rədd edilməsi üçün hüquqi əsas yaratmır. İşdə olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, 24890/222 saylı sorğuya cavab məktubundan görünür ki, “SEAT İBİZA ST” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2012-ci il tarixldə Cavabdeh1 adına şəhadətnamə verilmişdir. Sonradan avtomobillə bağlı müxtəlif şəxslərin adına etibarnamə verilmişdir, avtomobil hazırda cavabdehin adına qeydiyyatdadır. Bu hala qarşılıq olaraq ipoteka predmeti olan avtomobilin bank əməkdaşları tərəfindən cavabdehdən alındığını təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Sübutun təqdim edilməsi təklifinə isə cavab olaraq cavabdeh bu prosedurun şifahi aparıldığını, ona hər hansı qəbz və ya bildiriş də verilmədiyini, eyni zamanda bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etmədiyini bildirmişdir. Beləliklə, ipoteka predmeti olan avtomobilin cavabdehdən onun iradəsinə zidd şəkildə alındığı və yaxud da müqavilə münasibətlərinə xitam verilməsi üçün kreditora qaytarıldığı işin halları ilə müəyyən edilmir. Məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə əsaslı saymır. İşin hallarından göründüyü kimi xx.xx.2012-ci il tarixli 393 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti xx.xx.2017-ci il , saat 18.00 olaraq müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Məhkəmə qeyd edir ki, kredit öhdəliyinin icrası vaxtı xx.xx.2017-ci ildə başa çatmış, həmin vaxtdan da bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 97.30 manat dövlət rüsumu və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 50 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı AqrarKredit QSC BOKT-un xeyrinə 6234.99 manat əsas borc və 1495.15 manat faiz borcu olmaqla ümumilikdə 7730.14 manat məbləğində pul tutulsun. Tutma Cavabdeh1 məxsus ipoteka predmeti olan "Seat İbiza ST" markalı, **-RP-*** dövlət nömrə nişanlı, (buraxılış ili - 2012, Ban - VSSZZZ6JZDR057503, rəngi - ağ) avtomobilə yönəldilsin. İpoteka predmeti olan "Seat İbiza ST" markalı, **-RP-*** dövlət nömrə nişanlı, (buraxılış ili - 2012, Ban - VSSZZZ6JZDR057503, rəngi - ağ) avtomobil açıq hərracda satılsın və kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin. İpoteka predmeti olan "Seat İbiza ST" markalı, **-RP-*** dövlət nömrə nişanlı, (buraxılış ili - 2012, Ban - VSSZZZ6JZDR057503, rəngi - ağ) avtomobilin satışından əldə edilən vəsait kredit borcunu ödəməzsə kredit müqaviləsi üzrə qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutulsun. Avtomobilin açıq hərracda satılmasından əldə olunmuş vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılsın. İş üzrə ödənilmiş 97.30 manat dövlət rüsumu və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 50 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar