Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1171/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 4916.82 AZN əsas borc, 361.98 AZN faiz borc, 4.45 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5283.25 AZN və 72.83 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 14.9 faizlə 36 ay müddətinə 5700 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra elməkdən boyun qaçırır. 20 noyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 4916.82 AZN əsas borc, 361.98 AZN faiz borc, 8.89 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5287.69 AZN borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 8.89 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 4.45 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə Cavabdeh qərarı məhkəmənin mülahizəsinə buraxaraq bildirmişdir ki, analıq məzuniyyətində olduğuna görə borcu ödəyə bilməmişdir. Hazırda işə qayıtmışdır və ödəyəcəkdir. Qeyd edir ki, borcu etiraf edir və məbləği mübahisələndirmir. İş materialları. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 14.9% dərəcəsi ilə, 5700 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə onun 4916.82 manat əsas borc, 361.98 manat faiz borcu, 8.89 manat cərimə borcu olmaqla, cəmi 5287.69 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanılmış № 6-Y-1-0-3740-23, xx.xx.2023-cü il tarixli İstehlak krediti müqaviləsinin 1.1-ci bəndindən görünür ki, bu İstehlak krediti müqaviləsinə (bundan sonra Müqavilə) görə Borcverən Borcalana bu Müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə pul vəsaitini borc verməyi (bundan sonra-kredit), Borcalan isə Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komisyon haqqı və digər ödənişləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Müqaviləyə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 14.9% dərəcəsi ilə, 5700 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.1.1.-ci bəndi: Kreditin ödənilməsinin gecikdirilməsi halında gecikmiş ödəmələrə illik 19.9% gecikdirilmə faizləri hesablanacaqdır. Müqavilənin 8.1.-ci bəndi: Tərəflər razılaşır ki, Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş və bu Müqavilənin imzalandığı gün qüvvədə olan "İstehlak kreditləri üzrə Ümumi Şərtlər" bu Müqavilənin əlavəsi və ayrılmaz tərkib hissəsi hesab olunur. "İstehlak kreditləri üzrə Ümumi Şərtlər”-in 2.16-cı bəndi: Bank qanunvericiliklə qadağan edilməyən hallarda Müştəridən Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə Müqavilədə nəzərdə tutulan həcmdə, əgər Müqavilədə müəyyən edilməyibsə qanunvericiliklə müəyyən edilmiş həcmdə cərimə (dəbbə, penya) tələb edə bilər. İş materiallarına əlavə edilmiş 6-Y-1-0-3740-23 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixinədək hər ay 197.31 manat ödəniş etməlidir. Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə qoşulmaya və Bank hesabının açılmasına dair 6-Y-1-0-3740-23 saylı xx.xx.2023-cü il tarixli Müqavilənin 1-ci bəndindən görünür ki, "xxxx" ASC və Cavabdeh (bundan sonra ayrılıqda müvafiq olaraq Bank və Müştəri və ya Tərəf, birlikdə Tərəflər adlanacaq) arasında imzalanan bu Müqavilə ilə X1 Heyətinin qərarı ilə təsdiqlənmiş və rəsmi internet səhifəsində yerləşdirilmiş "Fiziki şəxslərə göstərilən bank xidmətlərinin tənzimlənməsi üzrə" Standart Şərtləri (bundan sonra- Standart Şərtlər) oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu və həmin Standart Şərtlərin gələcəkdə Müştəri ilə Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini, Bank isə Azərbaycan Respublikası qanunvericiliyinə, tərəflər arasında imzalanan Müqavilələrə və Standart Şərtlərə uyğun olaraq Müştəriyə müvafiq bank xidmətlərini göstərəcəyini təsdiq edir, o cümlədən aşağıda qeyd edilən şərtlərlə onun adına hesab açır və müvafiq kart təqdim edir. Müqavilənin 9.1-ci bəndi: Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər bu Müqavilənin əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunur. Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərin (fiziki şəxslərə göstərilən bank xidmətlərinin tənzimlənməsi üçün) 10-cu bəndi: Müştəri Müqavilə və bu Standart Şərtlərdə nəzərdə tutulmuş öhdəlikləri vaxtında icra etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı Müqavilədə nəzərdə tutulmuş həcmdə dəbbə pulunu da ödəməlidir. Bank hər zaman dəbbə pulunun Müştəridən tələb etmək hüququnu özündə saxlayır. Bank dəbbə pulunu Müştəridən tələb etmək hüququndan istifadə etmək istədikdə, dəbbə pulunu ödənişlər gecikdirilən gündən gecikdirilən məbləğin Banka tam ödənildiyi günə qədər hesablayacaqdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 5 gün müddətində "xxxx" ASC-yə olan borcun tam ödənilməsinin tələb olunduğu və ödənilməyəcəyi təqdirdə notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin məktub ona xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məxaric qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 1600 manat məbləğində pul verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məxaric qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 4100 manat məbləğində pul verilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ...465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh arasında 6-Y-1-0-3740-23 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış və ona 36 ay müddətinə, illik 14.9% dərəcəsi ilə 5700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Tərəflər arasında müqavilə üzrə dəbbə pulu razılaşdırılmışdır. Məhkəmə onu tənasübsüz surətdə yüksək hesab etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 4916.82 manat əsas borc, 361.98 manat faiz borcu, 4.45 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5283.25 manat məbləğində borc tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 72.83 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 4916.82 manat əsas borc, 361.98 manat faiz borcu, 4.45 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5283.25 manat məbləğində borc və 72.83 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1171/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1171/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver