Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-118/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 30 000 (otuz min) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması. İddia tələbinin dəlilləri Cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, X2 həyət evində yaşamışdır. Daha sonra iddiaçı evi həyat yoldaşının müalicəsi ilə əlaqədar satmaq qərarına gəlmiş və bu barədə Ayselə məlumat vermişdir. Lakin Aysel iddiaçının təcili pula ehtiyacının olduğunu bildiyindən evdən çıxmamaqla ona manəçilik törətməyə başladı. Bundan istifadə edən Cavabdeh ondan 30.000 manat tələb etməyə başladı və onun pulu verməyəcəyi təqdirdə evdən çıxmayacağını bildirdi. Həyat yoldaşının həyatda qalması üçün bahalı müalicəyə ehtiyacı olduğu üçün Ayselə həmin pulu vermək qərarına gəlmişdir. Aysel onun yaşlı olmağından istifadə edərək həm də həmin evdə payı olduğu üçün pulu aldığını bildirdi. Daha sonra, iddiaçı evi X1 və həmin puldan 30.000 manat Cavabdeh vermişdir. Həmin pulu verməsini Aysel öz əl yazısı ilə yazdığı müqavilə aktında qeyd etmişdir və həmin akt 4 nəfər tərəfindən imzalanmışdır. Həmçinin Ayselin həmin pulu alması ilə bağlı “Whatsapp” sosial platformasında səs yazıları və sms yazışmaları mövcuddur. Hesab edir ki, həmin pulun heç bir hüquqi təyinatı və əsası olmadığı üçün Cavabdeh əsassız varlanmasına səbəb olmuşdur və həmin pul iddiaçıya qaytarılmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh onu oğlunun intim görüntüləri olan şəkilləri yaymaqla şantaj etmişdir. O da məcbur olub həmin razılaşmaya getmişdir. Lakin sonradan oğlunun sözügedən şəkilləri yayıldığı üçün pulunu geri almağı qərara almışdır. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia izahatında göstərdi ki, o, iş üzrə verilmiş ekspert rəyi ilə razıdır. Belə ki, “müqavilə aktı” özünün əlyazması olsa da, orada imzası yoxdur. İddiaçı tərəf onun keçmiş qaynanasıdır. Aralarında razılaşma olmuşdur. İddiaçı ilə onun arasında yazılı razılaşma olmuşdur. İddiaçı onun evdən çıxmağı müqabilində 30.000 (otuz min) manat verməyi öhdəsinə götürmüşdür. Tərəfindən iddiaçını oğlunun intim həyatı ilə bağlı şəkilləri yaymaqla şantaj etməyi yalandır. Sözügedən insan onun uşağının atasıdır. İş materialları “Müqavilə aktı”ndan görünür ki, “Cavabdeh İddiaçı Qədir qızı ilə X4 ilə aralarında olan evin alqı-satqısından ona çatacaq (30.000 otuz min) manatı aldı və xx.xx.2023-cü il tarixində evi boşaltmağı öhdəsinə götürdü. Məhkəmə-xətşünaslıq ekspertizasının 4/1937 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(010)-3361/2023 nömrəli mülki işin materiallarında olan Cavabdeh adından olan xx.xx.2023-cü il tarixli müqavilə aktında olan yazılar – eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur. İşin faktiki halları İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh aralarında bağlanmış yazılı razılaşma əsasında iddiaçıya məxsus evdən çıxması müqabilində 30.000 manat məbləğində pul verməyi, cavabdeh isə həmin pulu alıb evi tərk etməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin pul vəsaitini iddiaçıdan qəbul etmiş və bunun müqabilində evi tərk etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1 Fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh aralarında bağlanmış yazılı razılaşma əsasında iddiaçıya məxsus evdən çıxması müqabilində 30.000 manat məbləğində pul verməyi, cavabdeh isə həmin pulu alıb evi tərk etməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin pul vəsaitini iddiaçıdan qəbul etmiş və bunun müqabilində evi tərk etmişdir. İddiaçı hazırki iddia tələbi ilə Cavabdeh ixtiyarına verdiyi 30.000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırki tələbə qiymət vermək üçün ilk növbədə hər bir şəxsin Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra Konstitusiya) ilə təsbit edilmiş konstitusion hüquqlarının mahiyyəti, eyni zamanda mülki qanunvericiliyin məqsədi, vəzifələri və prinsipləri, həmçinin müvafiq münasibətləri tənzimləyən normaların təyinatı, müqavilə azadlığı, əqdlərin etibarlılıq şərtləri əlaqəli şəkildə nəzərdən keçirilməlidir. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində mülki dövriyyənin sabitliyini və azadlığını təmin edən ən başlıca hüquqi vasitədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Məhkəmə müəyyən edir ki, tərəflər könüllü şəkildə, sərbəst iradələrinə uyğun olaraq öz aralarında razılığa gəlmiş və həmin razılaşma əsasında iddiaçı özünə məxsus evdən çıxması müqabilində Cavabdeh iddiaçıya məxsus evdə30.000 manat məbləğində pul verməyi, cavabdeh isə həmin pulu alıb evi tərk etməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin pul vəsaitini iddiaçıdan qəbul etmiş və bunun müqabilində evi tərk etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əqd mülki qanunvericiliyin tələblərinə zidd olmamış, üçüncü şəxslərin mənafeyinə toxunmamışdır. İddiaçı tələbini onunla əsaslandırır ki, Cavabdeh onu oğlunun intim görüntüləri olan şəkilləri yaymaqla şantaj etmişdir. O da məcbur olub həmin razılaşmaya getmişdir. Lakin sonradan oğlunun sözügedən şəkilləri yayıldığı üçün pulunu geri almağı qərara almışdır. Məhkəmə xatırladır ki, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (Mülki Məcəllə 339.4). Əvvəla məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən hədələndiyini və bunun nəticəsində tərəflə sözügedən razılığa gəlməyə məcbur olduğunu məhkəmədə sübuta yetirə bilməmişdir. Bundan başqa məhkəmə xatırladır ki, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Hazırki işdə isə tərəflər arasında imzalanmış müqavilə aktından görünür ki, cavabdeh xx.xx.2023-cü ildə evi tərk etməyi üzərinə götürmüşdür. Buradan görünür ki, hazırki razılaşma ən geci həmin tarixdə imzalanmışdır. İddiaçı isə həmin razılaşmadan 1 il 4 ay sonra məhkəməyə müraciət etmiş və özünün dəlil kimi irəli sürdüyü hədə-qorxuya son qoyulmasından (yəni, oğluna aid intim şəkillərin yayılmasından) bir ildən az vaxt keçdiyinə dair də hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü hazırki iddia tələbi əsassızdır. Məhkəmə xərcləri İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 182 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli olan dövlət rüsumuna uyğundur Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən və məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 182 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-118/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-118/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver