Məhkəmə qərarları › İş №2(010)-1202/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1202/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1202/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 18000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun illərdir ki, tanıyır. 2021-ci ildə Yusif yaxın zamanda qaytaracağına dair söz verərək ondan borc pul istəmişdir. O da Yusifə etibar etdiyi üçün müxtəlif tarixlərdə cavabdehə ümumilikdə 18000 manat məbləğində pul vermişdir. O, dəfələrlə Yusifə borcunu qaytarmasını təklif etmiş, lakin bu danışıqlardan uzun müddət keçməsinə baxmayaraq, Yusif ona olan borcunu qaytarmamışdır. O, bu məsələ ilə bağlı Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmiş, müraciətinə cavab olaraq mübahisənin mülki xarakteri diqqətə çatdırılaraq, məhkəməyə iddia tələbi ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh ona olan borcunu etiraf edir, lakin ödəməyə imkanı olmadığını bildirir. Bu səbəbdən də, o, Yusifə qarşı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Digər sübutları da iddia ərizəsinə əlavə etmişdir. İddia tələbinin həcminin azaldılması.

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17500 manat məbləğində pul tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmənin baxış iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, 2015ci ildə cavabdehin xahişi ilə ona maşın almaq üçün pul vermişdir. Aralarında olan razılığa əsasən cavabdeh 3500 manat məbləğində pulu hissə-hissə ona ödəməli idi. Lakin o, 3-4 ay ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Belə ki, həmin ərəfədə o (iddiaçı) işini dəyişməli olmuşdur. Bundan sonra cavabdeh ondan qaçmağa başlamış, zənglərini çox vaxt açmamış, açanda isə müxtəlif bəhanələr gətirmişdir. Sonra cavabdeh ondan xahiş etmişdir ki, bankdan pul götürüb ona versin. Həmin pulun hesabına ona (iddiaçıya) olan borcunu qaytarsın, həm də özünə pul qalsın. O, cavabdehin bu təklifi ilə razılaşaraq, onunla birlikdə “Beynəlxalq Bank”ın Xətai filialına getmiş, oradan 4000 manat kredit götürmüş, bu pulu cavabdehə vermişdir. Cavabdeh həmin vaxt ona demişdir ki, hər ay ona 500 manat pul ödəyəcək, o da bununla razılaşmışdır. Krediti ona görə cavabdeh yox, o götürmüşdür ki, cavabdeh ona başqa bir banka borcu olduğunu, həmin borca görə adının “qara siyahı”da olduğunu, bu səbəbdən öz adına kredit götürə bilmədiyini demiş, ondan xahiş etmişdir ki, kredit götürüb ona versin, o da həmin banka olan borcunu qaytarsın, sonra da başqa kredit götürüb onun borcunu versin. O, insanlıq edib cavabdehin bu təklifi ilə razılaşmışdır. Bundan sonra cavabdeh haradasa 2-3 ay, 4 ay pul ödəmiş, sonra ona demişdir ki, bank ona yenə kredit vermir. Dediyinə görə, banka borcu daha çox məbləğdə imiş. Cavabdeh ona uşağının xəstə olduğunu, çatdıra bilmədiyini deyərək yenə bankdan kredit götürməsini xahiş etmişdir. Bundan sonra bir dəfə də gedib bankdan 4000 nə qədərsə pul götürmüşlər. Həmin vaxt cavabdehin ona olan borcu 8200 manat olmuşdur. Cavabdeh həmin borcdan haradasa 1000-1065 manat ödədikdən sonra yoxa çıxmış, onu “blok”a atmışdır. Danışa bildikləri vaxtlarda da uşağının xəstə olduğunu, çatdıra bilmədiyini demiş, ondan yenə pul götürməsini xahiş etmişdir. Bu dəfə cavabdehlə birlikdə mağazadan kreditə haradasa 2500 manat qiyməti olan kompüter almış, cavabdeh həmin kompüteri 1000 manata başqa şəxsə satmışdır. Həmin kompüterə görə mağazaya olan borc faizlə birlikdə haradasa 2322 manatdır. O, cavabdehə görə üç dəfə bankdan, bir dəfə isə mağazadan kredit götürmüşdür. Bu müqavilələrin hər bir onun (iddiaçının) adına bağlanmışdır. Cavabdehin ona ümumi borcu 20000 manata yaxındır. O, bu borcdan cəmi 1065 manat ödəmiş, başqa da heç nə ödəməmişdir. Cavabdehin kartlarını ona verməsinə gəldikdə isə cavabdeh həmin kartların nömrəsini başqa karta köçürərək o kartlardan özü istifadə etmiş, bu səbəbdən də o (iddiaçı), bu kartlardan heç bir pul çıxarmamışdır. Həmin kartlardan hansısa birindən nə vaxtsa pul çıxartmasına dair hansısa bankomatda çəkilmiş şəkli cavabdeh məhkəməyə təqdim edə bilməz. Çünki o, həmin kartlardan bir qəpik belə pul çıxartmamışdır. Cavabdeh özü ona demişdir ki, o, həmin kartı başqa karta yönəltmişdir. Yekunda, cavabdehin ona 17500 manat borcu var. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçıya olan borcunu tam hesablamamışdır, amma təxminən 3200- 3300 manat olmalıdır. Belə ki, iddiaçı bankdan götürdüyü pulun hamısını ona verməmişdir. Çünki iddiaçının özünün banka borcu olmuşdur və götürdüyü pulun bir hissəsi ilə borcunu bağlamışdır. “ABB”-dən təxminən üç min nə qədərsə pul götürmüşlər. Bu pulu da iddiaçıya həm əlbəəl ödəmiş, həm də iddiaçı onun kartlarından pul çıxararaq özü götürmüşdür. Belə ki, onun uşağının pensiya kartı və özünün isə əməkhaqqı kartı iddiaçıda olmuşdur. Əgər araşdırılarsa, iddiaçının bu kartlardan nə qədər pul çıxartdığı məlum olar. Mağazadan götürdükləri kompüterə gəldikdə isə həmin kompüteri 28 Mayda 800 manata satmışlar. Həmin puldan 300 manatını elə yerindəcə iddiaçı götürmüş, ona cəmi 500 manat qalmışdır. Onun uşağı xəstə olduğuna görə təcili pul lazım olmuş, ona da gecikmələrə görə heç bir yerdən pul vermədiklərinə görə belə olmuşdur. “Unibank”dan götürdükləri pulu da öz aralarında bölmüşlər. Kartları iddiaçıda olduğuna görə ona olan borcunu müəyyənləşdirmək üçün kartlardan iddiaçı tərəfindən nə qədər pul çıxarıldığı müəyyənləşdirməlidir. Belə ki, bankomatdan bir manat belə pul çıxarılsa, pulu çıxaran adamın şəkli çəkilir. Əgər məhkəmə qərar çıxarsa, həmin sübutları əldə etmək olar. Hər bir halda o, iddiaçıya olan 3200 manat borcunu boynuna alır. Həmin borcu maaşdan-maaşa hissə-hissə verə bilər. İddiaçının təqdim etdiyi səs yazılarına gəldikdə o, bu yazıların hansı tarixdə qeydə alındığını xatırlamır. Çünki o, heç vaxt iddiaçının belə bir səsyazma aparacağını ağlına gətirməmişdir. Hər bir halda həmin səsin ona aid olduğunu qəbul edir. O, iddiaçıya olan borcunu evdə öz kitabçasına yazmışdır. Həmin kitabçanı məhkəməyə təqdim edə bilər. O, cavabdehdən borcları bir il ərzində, yaxın tarixlərdə almışdır. Belə ki, 2021-ci ildə oğlunu başından əməliyyat etdirmiş, borcu da ona görə almışdır. Ümumiyyətlə, iddiaçıdan iddiaçının dediyi məbləğdə borc almamışdır. İddiaçıdan aldığı pul təxminən “7000 nə qədər” olmuş, həmin pulu da 3200-ə qədər ödəmişdir. O, bankdan nağdlaşdırma əməliyyatları ilə bağlı sənədlər alıb sabah məhkəməyə təqdim edə bilər. O, həmişə kartda pul saxlamışdır ki, iddiaçı çıxartsın. Kartlardan biri onun veteranlıq kartı, biri uşağının pensiya kartı, biri də maaş kartıdır. Onun övladlarının ikisi sağlamlıq imkanları məhduddur, baxımı da ondadır. Uşaqlarının birinin başında şiş var. Aprelin 25-i dənizə gedir, mayın 2-si qayıdacaq. Mayın 5-nə təyin edilən iclasda iştirak edəcək.

6. Məhkəmənin ikinci - sonuncu baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

İş materialları.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, müraciətdə göstərilən xüsusatlar mülki xarakterli mübahisə olduğundan həmin mübahisənin həlli üçün məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilmişdir.

8. Bir ədəd fləşkartda 2.57 və 0.59 saniyəlik iki audioyazı qeydə alındığı görünür.

9. Üç ədəd bank kartından görünür ki, kartlardan biri "xxxx" ASC tərəfindən verilmiş və üzərində “Yusıf İbrahımov. SOCAR Tİ” yazılmış; digər ikisi "xxxx" ASC tərəfindən verilmiş, bunlardan birinin üzərində “Pension 225189” yazılmış, digərinin üzərində “SHB9- **********342928” yazılmışdır.

10. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, borcalan İddiaçı ilə Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Borcalana 48 ay müddətinə illik 21 % dərəcəsi ilə 8200 manat məbləğində kredit verilmiş, bu kreditin xx.xx.2022 – xx.xx.2026-cı il tarixləri arasında hər ay 253.92 manat (sonuncu ay 253.62 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.

İşin faktiki halları.

11. İddiaçı tərəfindən Cavabdeh hissə-hissə borc pul verilmişdir. Tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

14. İşin hallarından göründüyü kimi, İddiaçı iddia etdiyi odur ki, o, cavabdeh Yusif Eldarova hissə-hissə olmaqla 20000 manata yaxın borc pul vermiş, cavabdeh həmin borcun 17500 manatını qaytarmamışdır. İddiaçının iddiasına görə, o, cavabdehə bu pulları 2021-2022-ci illərdə 3-4000 manatlıq hissələrlə vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə iddianı qismən qəbul etmiş, iddiaçıdan 2021-ci ildə hissə-hissə bir neçə dəfəyə borc aldığını, lakin həmin borcların ümumi məbləğinin iddiaçının iddia etdiyi qədər yox, “7000 nə qədər” olduğunu, bu borcun da yarısından çoxunu qaytardığını və iddiaçıya hazırda təxminən 3200 manat məbləğində borcunun qaldığını bildirmişdir.

15. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki məhkəmə icraatında sübutetmə yükünün tərəflər arasında bölünməsi prinsipi baxımından iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehdən tələb etdiyi məbləğdə borc pulu həqiqətən cavabdehə verdiyini sübut etməkdir. Cavabdehin üzərinə düşən isə iddiaçının verdiyini sübut edə bildiyi borc məbləğinin hansısa hissəsini həqiqətən qaytardığını sübut etməkdir.

16. İddiaçı tərəfindən məhkəməyə öz iddiasını təsdiq edəcək sübut kimi Cavabdehla arasında baş tutduğunu iddia etdiyi iki telefon danışığının audio yazısı təqdim edilmişdir. Bununla bağlı məhkəmə ilk növbədə bu səs yazılarının sübut kimi qəbul edilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Ona görə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilir ki, şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (maddə 10.10). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3).

17. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan edən yuxarıda qeyd edilmiş normaları hər kəsin şəxsi toxunulmazlıq hüququnun, şəxsi və ailə həyatının qorunması təminatlarından biri kimi çıxış edir və Konstitusiyanın 32-ci maddəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın şəxsi toxunulmazlıq hüququna təminat verən 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

18. Bununla belə məhkəmə hesab edir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş səs yazıları şəxsi toxunulmazlıq hüququnu pozmaqla əldə edilmiş qanunsuz sübut kimi qiymətləndirilməməlidir.

19. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

20. Hazırkı işin materiallarına əlavə edilmiş səs yazıları İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və danışığın digər tərəfinin Cavabdeh olduğu iddia edilmişdir. Cavabdeh Yusif Eldarovun da iştirak etdiyi məhkəmənin baxış iclasında hər iki audio yazısının dinlənilməsi təmin edilmiş, cavabdeh Yusif Eldarov dinlənilən danışıqların iddiaçı ilə özü arasında baş tutmuş danışıqlar olduğunu, dinlənilən səsin özünə aid olduğunu təsdiq etmişdir (video-audio yazısı aparılan xx.xx.2025-ci il tarixli baxış iclası, dəq. 16:20-16:25).

21. Belə olan halda məhkəmə iddiaçı tərəfindən audio yazısı təqdim edilmiş telefon danışıqlarının məhz hazırkı iş üzrə tərəflər arasında baş tutduğu nəticəsinə gəlir və yuxarıda qeyd edilənlərə əsasən, bu danışıqları iş üzrə sübut kimi qəbul edir.

22. Bundan sonra audio yazıları iş üzrə sübut kimi tədqiq edən məhkəmə qeyd edir ki, sözügedən danışıqların ümumi məzmunu tərəflər arasındakı borc münasibətləri ilə əlaqədardır. Belə ki, İddiaçı səs yazılarından birində (2.57) Cavabdeh bankdan nə vaxt, hansı məbləğdə kredit götürəcəyi ilə maraqlanmış, buna cavab olaraq, Cavabdeh ona gələn ayın 10-na kimi 40000 manat məbləğində kredit götürməyi gözlədiyini demişdir. Bundan sonra İddiaçı həmin pulun 7-8000 manatının ona (özünə) çatmalı olduğunu bildirmiş, Cavabdehsa “Hesablayacağıq, dayı. Hamısını hesablayıb verəcəyik. Özün də bilirsən nə qədər götürmüşük, mən də bilirəm nə qədər götürmüşük” cavabını vermişdir. Daha sonra İddiaçı qarşı tərəfin ona olan borcunun məbləğinə işarə edərək “Axırıncı üstüstə gəldi, hamısı bir yerdə 12000 nə qədərsə pul elədi” demiş, Cavabdeh cavabında “Onu bilmirəm e dayı, yazmışam e mən onları” demişdir. Digər (0.59) səs yazısında isə İddiaçı qarşı tərəfin nə qədər ödəniş edəcəyi ilə maraqlanmış, cavabında Cavabdeh krediti götürənə qədər hər ay 200-300 manat verəcəyini bildirmişdir.

23. Tədqiq edilən audio yazıların yuxarıda açıqlanmış məzmunundan aydın şəkildə görünür ki, danışıq gedişində Cavabdeh İddiaçı olan borcunun məbləği ilə bağlı hansısa etirafı olmamış, əksinə, qarşı – səs yazısını qeydə alan – tərəfin təkidlə borcun məbləğini bildirməsinə baxmayaraq, bu məbləğləri açıq şəkildə qəbul etməmiş, yekun borc məbləğinin hesablanmalı olduğunu qeyd etmişdir. Bu baxımdan məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş audio materiallar əsasında iddiaçının sübut etməyə borclu olduğu halın – cavabdehə 17500 manat məbləğində pul verməsinin – sübuta yetirilmədiyi nəticəsinə gəlir.

24. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər sübutlar "xxxx" ASC-dən 2022-ci ilin yanvar ayında 8200 manat məbləğində kredit götürməsi ilə bağlıdır ki, cavabdehin bunu etiraf etmədiyi hazırkı vəziyyətdə yalnız bu sənəd əsasında iddiaçının həmin krediti götürüb cavabdehə borc verdiyi nəticəsinə gəlmək mümkün deyil.

25. Bununla belə nəzərə alınmalıdır ki, Cavabdeh iddianın əsasını təşkil edən faktı – iddiaçının ona 17500 manat məbləğində borc pul verməsini – qismən etiraf etmişdir. Belə ki, o, məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan hissə-hissə olmaqla, ümumilikdə “7000 nə qədər” borc pul aldığını, lakin həmin borcun əhəmiyyətli hissəsini ödədiyini və hazırda 3200 manat borcu qaldığını bildirmişdir (video-audio yazısı aparılan xx.xx.2025-ci il tarixli baxış iclası, dəq. 29:50-30:30). Bununla da İddiaçı öz tələbini Cavabdeh etiraf etdiyi hissədə sübut etmək vəzifəsindən azad hesab edilir. Ona görə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

26. Bu hissədə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan hissə-hissə aldığı borcun ümumi məbləğini “7000 nə qədər” şəklində ifadə etməklə bu borcun 7000 manatdan bir qədər çox olduğunu etiraf etsə də borcun konkret məbləğini qeyd edə bilmədiyindən və bu hissədə iddianı təsdiq edəcək əlavə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə cavabdehin etirafı əsasında iddiaçının cavabdehə verdiyi sübut olunan borc məbləğini 7000 manat olaraq qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə verdiyini iddia etdiyi 20000 manata yaxın məbləğdə borcu ümumilikdə 3-4000 manatlıq hissələrlə verdiyini iddia etsə də cavabdeh iddiaçıdan aldığını etiraf etdiyi “7000 nə qədər” borcu 3000 manatdan yuxarı məbləğdə olan hissələrlə aldığını etiraf etməmişdir. Hissələrin məbləği ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən məhkəmə tərəflər arasında yazılı borc müqaviləsi bağlanmalı olduğu nəticəsinə gəlməmişdir.

27. Yuxarıda qeyd edilənlərə baxmayaraq o da nəzərə alınmalıdır ki, Cavabdeh İddiaçı hissə-hissə qeyd edilən məbləğdə borc pul aldığını qəbul etsə də həmin hissədə iddianı etiraf etməmiş, əksinə, iddiaçıdan aldığı borcun bir hissəsini ödədiyini, hazırda 3200 manat borcu qaldığını bildirmişdir. Bununla bağlı məhkəmə yuxarıdakı (§ 15) mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, mülki məhkəmə icraatında sübutetmə yükünün tərəflər arasında bölünməsi prinsipi baxımından cavabdehin üzərinə düşən iddiaçıdan aldığı borcun qaytardığını iddia etdiyi hissəsini həqiqətən qaytardığını sübut etməkdir. Məhkəmənin baxış iclasında iştirak edən cavabdeh bu halı təsdiq edən sübut kimi ona məxsus üç ədəd bank kartının (özünə məxsus əmək haqqı kartı, müharibə veteranı kimi müavinət kartı və uşağının pensiya kartı) iddiaçıda olduğunu, bu kartları iddiaçıya aybaay borcundan ödənişlər etmək üçün verdiyini, iddiaçının kartlardan nağdlaşdırma həyata keçirdiyini, bu nağdlaşdırma əməliyyatlarını təsdiq edən sənədləri məhkəməyə təqdim edə biləcəyini qeyd etmişdir. (video-audio yazısı aparılan xx.xx.2025-ci il tarixli baxış iclası, dəq. 31:25-31:50) Öz növbəsində iddiaçı da cavabdehin bu kartları ona verdiyini, lakin həmin kart hesablarını cavabdehin özünün idarə etdiyini, bunun üçün fiziki olaraq kartlara ehtiyacı olmadığını, özünün (iddiaçı) isə bu kartlardan heç vaxt pul çıxartmadığını, cavabdehin kartları “bloklaması” səbəbindən çıxartmasının da mümkün olmadığını bildirmişdir. Cavabdehin izahatında istinad etdiyi iş üçün əhəmiyyətli olan bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməsi üçün məhkəmənin baxış iclası tərəflərlə razılaşdırılaraq növbəti tarixə təyin edilmiş, lakin izahatında sözügedən sübutları bankdan hətta sabah gətirib təqdim edə biləcəyini ifadə edən cavabdeh məhkəmənin növbəti baxış iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Xüsusən nəzərə alınmalıdır ki, məhkəmənin birinci baxış iclasında iştirak edən cavabdeh aprelin 25-i dənizə gedəcəyini və yalnız mayın 2-si geri qayıdacağını bildirdiyindən baxış iclasının tarixi iddiaçı ilə də razılaşdırılaraq may ayının 5nə təyin edilmiş və cavabdeh həmin iclasda iştirak edəcəyini bildirmişdir (video-audio yazısı aparılan xx.xx.2025-ci il tarixli baxış iclası, dəq. 35:00-35:25). Buna baxmayaraq, cavabdeh nə məhkəmə iclasında iştirak etmiş, nə də növbəti məhkəmə iclasında təqdim edəcəyini əminliklə bildirdiyi sübutları məhkəməyə təqdim etmişdir.

28. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qəbul etmədiyi hissədə iddiaya etirazının əsasını təşkil edən halı – iddiaçıdan aldığı 7000 manat borcdan ödənişlər etməsi və hazırda 3200 manat borcu qalması – sübut edə bilməmişdir. Bu vəziyyətdə iddiaçının cavabdehə verdiyini sübut etdiyi, cavabdehin isə qaytardığını sübut edə bilmədiyi 7000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçı qalan hissədə iddiasını sübuta yetirə bilmədiyindən iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. İş materiallarından görünür ki, həm iddiaçı, həm də cavabdeh müharibə veteranıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, müharibə veteranları məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyindən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflərin heç birindən dövlət rüsumu tutulmamalıdır.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7000 manat məbləğində borc pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

32. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar