Məhkəmə qərarları › İş №2(010)-1214/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1214/2022

31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1214/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı qızının iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-6326/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, 19.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6326/2018 saylı qətnaməsi ilə 19.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırki iqtisadi çətinliklər dövründə cavabdehin hər ay ödəməli olduğu 154 manat məbləğində aliment yetərincə deyildir. Hazzırki dövrdə qiymətlərin sürətli artımı uşağa sərf olunan xərcləri artırdığı üçün alimentin artırılmasına ehtiyac vardır. İddiaçı hazırki mübahisə ilə bağlı Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-6326/2018 saylı, 31.10.2018-ci il tarixli qətnaməsi ilə 19.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 oktyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 154 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 26.01.2022-ci il tarixli mediasiya arayışından görünür ki, tərəflər arasında mediasiya prosesi cavabdehin mediasiya prosesində iştiak etməməsi səbəbindən baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 2018-ci ildə təyin edilən aliment məbləği hazırkı dolanışıq meyarlarına cavab vermir və bu baxımdan aliment məbləğinin artırılması azyaşlının mənafeyi baxımından məqsədə müvafiqdir. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən hər ay 200 manat məbləğində alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər imkanının olmasını göstərən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazır ki iş üzrə 19.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin təyin olunması qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6326/2018 nömrəli, 31.10.2018ci il tarixli qətnaməsinə əsasən cavabdeh Mı̇ rzəyev Ramı̇ l Rəşı̇ d oğlundan 19.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay 193 manat (yüz doxsan üç) sabit pul məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar