Məhkəmə qərarları › İş №2(010)-1220/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1220/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1220/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 426,44 manat əsas, 336,48 manat faiz, 554,42 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 65,04 manat borc, ümumilikdə 1382,38 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış xx xxx 2016-cı il tarixli KM002T05160559S01 saylı kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə 27 (iyirmi yeddi) faizlə 501.17 (beş yüz bir manat 17 qəpik) manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1382.38 (bir min üç yüz səksən iki manat 38 qəpik) manat təşkil edir. Bundan 426.44 (dörd yüz iyirmi altı manat 44 qəpik) manat əsas, 336.48 (üç yüz otuz altı manat 48 qəpik) manat faiz, 554.42 (Beş yüz əlli dörd manat 42 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 65.04 manat faiz borcu təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən imtina edir. Ona görə də, hazırkı iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi və qeyd etdi ki, İddiaçı ASC ləğv edildikdən sonra sənədlər Əmanətlərin Sığortalanması Fonduna təhvil verilmiş və təhvil verilən sənədlər arasında olanlar məhkəməyə təqdim edilmişdir. Kredit müqaviləsi təhvil verilən sənədlər arasında olmamışdır. İş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyən, məhkəməyə təqdim edilmiş iş materiallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş: - xx.xx.2020-ci il tarixli maliyyə arayışına görə Cavabdeh xx xxxxxxx 2020-ci il tarixinə Banka müqavilə üzrə 426,44 manat əsas, 336,48 manat faiz, 554,42 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 65,04 manat borc, ümumilikdə 1382,38 manat məbləğində kredit borcu vardır. Müqavilənin müddəti - xx.xx.2016 - xx.xx.2017-ci il göstərilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı ləğv prosesində olan bank cavabdehdən ümumilikdə 1382,38 manat məbləğində pulun onların xeyrinə tutulması tələbini onunla əsaslandırır ki, iddiaçı tərəflə cavabdeh tərəfin arasında xx.xx.2016-cı il tarixində kredit müqaviləsi bağlanmış, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. İddiaçının əsaslandığı kredit müqaviləsi məhkəməyə təqdim edilməmiş, bu hal onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi ola bilsin ki, itirilmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın tələbindən görünür ki, prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını müəyyən edir və mülki məhkəmə icraatının çəkişmə prinsipinə əsaslandığını müəyyən edir. MPM-nin 89.3.-cü maddəsinə əsasən lazımi sübutların (yazılı sübutlar) əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bu normanın tələbindən görünür ki, prosessual qanunvericilik yazılı sübutların mötəbərliyi üçün onların ya əslinin, ya da lazımi qaydada təsdiq edilmiş surətinin olmasını zəruri hesab etmişdir. Sənədlərin surətlərinin əsli ilə eyniliyi həmin sənədi verən müvafiq dövlət orqanının və ya hüquqi şəxsin səlahiyyətlisi tərəfindən də təsdiq edilə bilər. Hazırkı işdən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını tərəflər arasında bağlanmış kredit müqaviləsi təşkil edir. Lakin, iş materiallarından və iddiaçı tərəfin nümayəndəsinin izahatından aydın olur ki, həmin müqavilənin nüsxəsi mövcud deyildir. Məhkəmə iddiaçının bu dəlilinə MPM-nin 89.3-cü maddəsinin tələbləri baxımından qiymət verərək hesab edir ki, iddiaçının əsaslandığı dəlil sübut edilmir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfin hazırkı işdə təqdim etdiyi maliyyə arayışı tələbin əsaslı olmasına dəlalət etmir. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəfindən tələbinin əsaslılığını göstərəcək sübut təqdim edilmədiyinə görə, eləcə də təqdim edilən sübut iddianın təmin edilmsinə əsas vermədiyinə görə iddia tələbi təmin edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar