Məhkəmə qərarları › İş №2(010)-123/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-123/2020

06.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-123/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə X2nın vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə ilkin, X2nın cavabdeh İddiaçı qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X7 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4, mənzilinə suyun axıdılması nəticəsində vurulmuş maddi ziyana görə 3500 manat, mənəvi zərərə görə 1500 manat, ödənilmiş dövlət rüsumu 30 manat - cəmi 5030 manat tutulması və cavabdehin qeyrihüquqi hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 cavabdeh İddiaçı qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı xx.xx.2020-ci ildə yerli baxış zamanı onu söyüb təhqir etməsi, şərəf və ləyaqətini alçatması nəticəsində ona vurduğu mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pulun və qarşılıqlı iddia ərizəsinin verildiyi zaman ödədiyi 30 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB y/s, 4 saylı evin 10 nömrəli mənzilinin mülkiyyətçisidir və həmin mənzildə yaşayır. Həmin binada 13 saylı mənzil onun mənzilinin üstündə yerləşir və sahibi X8r. Sonuncunun mənzilindən 2017-ci ildən mütəmadi olaraq onun mənzilinə su axıdılması nəticəsində 3500 manat məbləğində ziyan vurulmuşdur. Hesab edir ki, bunun səbəbi cavabdehin mənzilinin sanitariya qovşağının yararsız vəziyyətdə olmasıdır. Mənzilin dəhliz və mətbəxindəki işıq kabellərinin düymələrindən su axdığından işığı yandırmaq olmur, soyuducunu günlərlə işlədə bilmir, nəticədə ərzaqları və yeməyi xarab olur. Su axıdılması nəticəsində işıq xətləri yarasız və təhlükəli vəziyyətə düşmüşdür. Mənzilin tavanı, divarı, döşəməsi islanıb pis vəziyyətə düşüb. Cavabdehdən mənzilinin su, kanalizassiya xəttini düzəltdirməsini, mənzilinə su axıdılmasına son qoymasını dəfələrlə xahiş və tələb etmiş, lakincavabdeh buna heç bir məhəl qoymamışdır. Mənzilinin təmirinə 3500 manat pul tələb olunduğuna görə həmin pul vəsaitinin, eləcə də 1500 manat mənəvi ziyana görə cavabdeh tərəfindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X5 nümayəndəsi X3 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, izahatında göstərdi ki, həqiqiətən də X6 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən 4 saylı evin 13 saylı mənzili cavabdeh İddiaçı məxsus olan 10 saylı mənzilin üstündə yerləşir. 2017-ci ilin əvvəllərində İddiaçı onun mənzilinə suyun axması barədə müraciət etdikdən sonra X10 evinə usta dəvət etmişdir. Həmin usta mənzilə ətraflı baxış keçirmiş və onun mənzilindən aşağı mənzilə su axıdılmamasını bildirmişdir. Bu haqda İddiaçı məlumatlandırılmış, hətta sonuncu tərəfindən dəvət olunmuş usta belə X5 mənzilindən onun mənzilinə suyun axıdılmasını müəyyən edə bilməmiş, həmçinin MİS-nin əməkdaşları da bu halı təsdiq etmişlər. Lakin İddiaçı bununla sakitləşməmiş və daimi bu məsələ ilə bağlı cavabdehin ailəsini narahat etdiyinə görə X5 əri tərəfindən yüksəs səviyyədə təmir etdikləri hamam və tualeti sökərək 7000 manat pul xərcləyib yenidən təmir etmişlər. Bu zaman İddiaçı cavabdehlərin mənzilinə dəvət olunmuş və hər bir şeyin yenidən təmir edildiyinin şahidi olmuşdur. xx xxxx 2019-cu il tarixdə X10 binanın damına quraşdırdıqları su çəni dolmuş və hamamlarına gələn su təzyiqlə axmağa başlamışdır. Bu zaman Cavabdeh suyun hamamın trapından tam olaraq axıb qurtarmadığını görüb balaca vedrə ilə suyu yığaraq əl-üz uyana axıtmış, lakin su təzyiqlə gəldiyinə görə hamamdan su azca dəhlizə axmışdır. Bununla belə iddiaçının mənzilinə su axmamışdır və onun mənzilinə ziyan vurulmamışdır. Lakin iddiaçı bu fürsətdən istifadə edərək 2017-ci ildən indiyə kimi onun mənzilinə axan suyun haradan axmasını müəyyən edə bilmədiyinə görə dəymiş ziyanı cavabdehin hesabına bərpa etmək məqsədilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı ona maddi və mənəvi ziyanın vurulduğunu təsdiq edən hər hansı sübutu təqdim etmədiyinə görə ilkin iddianın təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddianı müdafiə edərək X3 izahatına bildirdi ki, hazırki iş üzrə təyin olunmuş məhkəmə-tikinti ekspertizasının keçirilməsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə saat 14:20 radələrində ekspertin və tərəflərin iştirakı ilə hər iki mənzilə baxış keçirildiyi zaman X10 onun mənzilindən İddiaçı mənzilinə heç bir ziyan vurulmadığını bildirdikdən sonra sonuncu ailəsi və ekspert Elmar Seyidovun və yanında onu nalayiq və küçə söyüşləri ilə təhqir etmiş və bunun nəticəsində onun (X5) təzyiqi və şəkəri yüksək dərəcədə qalxmış, səhhəti ciddi şəkildə pozulmuş və pisləşmişdir. Qızı Könül Özdəmirin yardımı ilə birtəhər yaşadığı mənzilə aparılmış və cavabdehə tibbi yardım göstərilmişdir. Lakin buna baxmayaraq iddiaçı yenə uzun müddət özünə gələ bilməmiş, bir neçə gün evdə xəstə yatmış və ev şəraitində müalicə almışdır. İndinin özündə də mən cavabdeh İddiaçı cavabdehə qarşı etdiyi nalayiq hərəkətlər nəticəsində keçirdiyi şokun təsiti altındadır .Hər dəfə həmin mənzərə gözləri qarşısına gələndə yenidən halı pisləşir və özünü çox pis hiss edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ən azından 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərər vurulmuşdur. Odur ki, cavabdeh İddiaçı xx.xx.2020-ci ildə yerli baxış zamanı cavabdehi söyub təhqir etməsi, şərəf və ləyaqətini alçatması nəticəsində ona vurduğu mənəvi zərərə görə 20.000 manat məbləğində pulun və qarşılıqlı iddia ərizəsinin məhkəməyə verdiyi zaman ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, ÖM seriyalı 026083 saylı xx.xx.1999-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Günəşli qəsəbəsi, “AB” y/sah. 4 saylı evin 10 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Məhkəməyə təqdim olunmuş Asan 4 xidmətnin xx.xx.2019-cu il tarixli xx.xx.2019cu il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, AB Y/s, 4 saylı evin 10 saylı mənzilində İddiaçı, X12, X15, X16 qeydiyyatdadır. Məhkəməyə təqdim olunmuş ÖM seriyalı 113499 saylı xx.xx.2002-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Günəşli qəsəbəsi, “AB” y/sah. 4 saylı evin 13 saylı mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Suraxanı rayon Pİ-nin 33-cü PB-nin tədqiqatçısı Natiq Hüseynovun xx.xx.2017-ci il tarixli qərarından görünür ki, bakı şəhəori, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaş.sah., ev 4 mənzil 13-də yaşayan Özdəmir Könül Həsən qızının xx.xx.2017-ci il tarixdə saat 22 radələrində alt qonşusu Məhəmməd onun evinə gələrək, 2 yaşlı uşağı səs saldığı üçün onu nəlayiq sözlərə söyüb təhqir etmişdir. Həmin qərarla, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərinə uyğun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti 33 PB-nə verilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarxli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texnikiəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 27074 saylı xx.xx.2020ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsində yerləşən 4 saylı evin 10 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 13 saylı mənzildən sızması, suyun sızmasının isə 13 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi və suyun sızması nəticəsində 10 saylı mənzildə əmələ gəlmiş mövcud qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin teqefet- ^əyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 131,0 manat məbləğində olduğu müəyyən edilir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh X7 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Günəşli qəsəbəsi, “AB” y/sah. 4 saylı evin 13 saylı mənzilində yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi nəticəsində İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Günəşli qəsəbəsi, “AB” y/sah. 4 saylı evin 10 saylı mənzilinə sızması, suyun sızması nəticəsində maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1098.2.-ci maddəsinə görə əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdeh X5 mülkiyyətində olan məzilinə sızması və suyun sızması nəticəsində İddiaçı mənzilinə su axması nəticəsində sonuncunun əmlakına vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə həmçinin hesab edir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən ekspert rəyinin nəticələri əsas götürülməli və son nəticədə cavabdeh X4 131,0 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, cavabdeh X4 İddiaçı xeyrinə 131.0 (bir yüz otuz bir) manat məbləğində maddi zərər tutulmalı və gələcəkdə zərər vurulmamasına səbəb olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməli, qalan hissədə isə ilkin iddia təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi rədd edilməlidir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış məhkəmə-texniki-tikinti ekspertizasının dəyəri 100 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edildiyinə görə ekspertizasının dəyəri 100 manat məbbləğində xərc cavabdeh X4 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013601**********3944, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh X4 ilkin iddia üzrə İddiaçı xeyrinə 131,0 (yüz otuz bir) manat məbləğində maddi zərər və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İlkin iddia üzrə cavabdeh X7 binada sudan nəzarətsiz istifadəsi nəticəsində ilkin İddiaçı mənzilinə zərər vurulmasına səbəb olan hərəkətlərin edilməsi qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatınındəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdeh X4 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013601**********3944, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar