Məhkəmə qərarları › İş №2(010)-1232/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1232/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1232/2022 15.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3333.55 manat məbləğində əsas borc və 53.34 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 21.04.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə ümumi dəyəri 3333.55 manat olan Skuter Kuba X-Boss Black satılmışdır. Cavabdeh həmin müqavilə üzrə 344.85 manat ilkin ödəniş edərək hər ay 166.04 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və bu günədək 539.85 manat ödəniş etmiş və qalan 2793.7 manat əsas borcu ödəməyərək müqavilə şərtlərini pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci maddəsinə görə, alıcı və satıcı öz öhdəlikərini lazımi qaydada yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliyini yerinə yetirməmiş və iddiaçının biznes fəaliyyətinə ziyan vurmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək ərizədə qeyd olunan miqdarda borcu olduğunu və hal hazırda keçirdiyi qəza ilə əlaqədar səhhətində yaranmış problemlərə görə işləyə bilmədiyindən qeyd olunan borc məbləğini ödəyə bilmədiyini bildirdi. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.04.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 3333.55 manat olan Skuter Kuba X-Boss Black satılmış və cavabdeh həmin məbləği ilkin ödəniş 344.85 manat, hər ay 166.04 manat olmaqla 18 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.04.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Skuter Kuba X-Boss Black alıcı Cavabdeh təhvil verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh 21.04.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3333.55 manat əsas borcdan 539.85 manat ödəniş etmiş və hazırda ödənilməmiş 2793.7 manat borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, iddiaçı cavabdeh tərəfindən borc məbləği ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı MMC iddia tələbində cavabdehdən 3333.55 manat borc məbləğini tələb etsə də, iş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh 21.04.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2793.7 manat ödənilməmiş borcu vardır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən maliyyə arayışında qeyd olunan məbləğində borc pul tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 53.34 manat dövlət rüsumunun 47.93 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21.04.2021-ci il tarixli müqavilə üzrə 2793.7 manat borc və 53.34 manat dövlət rüsumunun 47.93 manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 2793.7 manat məbləğində pul tutulsun. İş üzrə ödənilmiş 53.34 manat dövlət rüsumunun 47.93 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar