Məhkəmə qərarları › İş №2(010)-124/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-124/2022

21.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-124/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və zəbt olunmuş ümumi istifadədə olan yerin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1-də yaşayan Cavabdeh hesabına konteyner və iri dayaqlı su çəni olan maneənin aradan qaldırılması, əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qonşusu İddiaçı qanunsuz hasarlanma nəticəsində yaratdığı maneəni aradan qaldırılmaqla zəbt olunmuş ümumi istifadə üçün nəzərdə tutulmuş ərazinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 6 aydır ki, öz evinin qarşısında maneə ilə rastlaşmışdır. Belə ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh yaşadığı evin qarşısında konteyner və iri dayaqlı su çəni qoyaraq yolu qismən bağlamışdır. Bununla da onun öz yaşayış sahəsinə daxil olmasına maneə yaranmışdır. O, qonşuya dəfələrlə bu barədə müraciət etmiş, lakin heç bir faydası olmamışdır. Hazırda cavabdehə məxsus evin heç bir sənədi yoxdur, özbaşına tikilidir. Ona məxsus fərdi yaşayış evi isə xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən göstərilən maneənin aradan qaldırılması məqsədilə məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Odur ki, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, 25 noyabr 2011-ci ildən etibarnamə əsasında Bakı şəhəri, Zığ qəsəbəsinin şərq hissəsində 67 N sahə Cavabdeh istifadəsində və sahibliyindədir. Cavabdeh xarici ölkədə yaşadığı üçün qeyd etdiyi ərazidə yerləşən fərdi yaşayış evində çox az bir müddət yay aylarında yaşamışdır. 2021-ci ilin mart ayında Cavabdeh Bakı şəhərində qeyd etdiyi ünvanda yerləşən evə ailəsi ilə daimi yerləşmək qərarı vermişlər və evin təmirinə başlamışlar. Qonşu Quliyev X5 Çingiz Vəli oğlunun xaricdə yaşadığını bildiyindən ona məxsus fərdi yaşayış evinin hamamının küçəyə tərəf olan hissəsində yerləşən ümumi istifadə üçün nəzərdə tutulmuş ərazini zəbt etmiş, bununla da hamamın üzərində olan su çəninə su doldurmaq mümkünsüz olmuşdur. Həmçinin uzun müddət istifadəsiz qaldığı üçün su çəni çürümüdür. Hamamın divarının ümumi istifadə yerinə tərəf hissəsi qonşu İddiaçı tərəfindən zəbt olunduğu üçün onu təmir etmək mümkün olmamışdır. Qonşu İddiaçı cavabdehə çəni buradan götürməsini bildirmişdir. Səbəbi isə suyun axmasıdır. Həmin ərazi isə üç qonşu tərəfindən ümumi istifadə yeri olan yoldur və onun tərəfindən qanunsuz zəbt olunub. Cavabdeh qonşuluq xətrinə mübahisəni dərinləşdirmək istəməyərək çəni təmir edib qapının yanına qoymuşdur. Cavabdeh evində apardığı təmir yenidənqurma işləri ilə əlaqədar hamamda sauna avadanlıqları quraşdırmaq istəmiş və bununla bağlı mütəxəsislər bildirdilər ki, bu avadanlıqlara qulluq üçün küçədən, yəni hazırda İddiaçı zəbt etdiyi ümumi istifadə yerindən qapı qoyulmalıdır. Bunun üçün hamamın ətrafında qonşu İddiaçı tərəfindən qaldırılan hasar maneçilik törədir. Hesab edir ki, qarşılıqlı iddia ilə ilkin iddia arasında qarşılıqlı əlaqə vardır. Belə ki, mübahisə predmeti olan su çəni əvvəllər yerləşdiyi yerdən İddiaçı sonradan yaratdığı süni maneə nəticəsində Cavabdeh tərəfindən istifadəsi, təmiri və gündəlik qulluğu mümkünsüz olmuşdur. Həmçinin yaradılan maneə nəticəsində hamam üçün küçəyə qapı və pəncərənin açılması faktiki mümkünsüzdür. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi 84K saylı Fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 307 nömrəli reyestr kitabının 28619 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 25 noyabr 2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Çingiz Vəli oğluna Suraxanı RİHB tərəfindən 11 aprel 1997-ci il tarixdə 465 nömrəylə verilmiş sərəncama əsasən Bakı şəhəri, Zığ qəsəbəsinin şərq hissəsində 67N sahə ünvanda ona ayrılmış 630.0 kv.m torpaq sahəsinə dair sənədləri toplamağı, torpaq sahəsini və tikilini sənədləşdirməyi, özəlləşdirməyi, adından ərizə verməyi, əvəzindən imza etməyi, sənədləri DƏDRX-nə təqdim etməyi, çıxarış və kadastr planını almağı və gələcəkdə 1 saylı arayışı alıb sonradan sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 50 il müddətinə etibar etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli rəydən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisə predmeti olan əraziyə baxış keçirildi. Naturada iddiaçının göstərdiyi mübahisəli ərazinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrlərini əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə olunur). **********40 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.05844 ha torpaq sahəsi, naturada özü tərəfindən tanıdılmış faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir(sxemlər əlavə olunur). Naturada İddiaçı tərəfindən tanıdılmış daş hasarla bərkidilmiş torpaq sahəsinin daxilində mülkiyyətində olan torpaq sahəsindən əlavə 132 kv.m torpaq sahəsi yerləşir(sxemlər əlavə olunur). Naturada İddiaçı tərəfindən tanıdılmış daş hasarla bərkidilmiş torpaq sahəsinin daxilində mövcud olan yaşayış evi və köməkçi tikili **********40 reyestr nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir(sxemlər əlavə olunur). 1., 2., 6., 7., və 8-ci sualların cavablandırılması Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin mütəxəssisinin səlahiyyətləri xaricindədir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli 10/3243 saylı rəyindən görünür ki, baxış zamanı əldə olunmuş məlumatlara əsasən qeyd olunur ki, mübahisəli ümumi istifadədə olan yolda su çəninin quraşdırılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərini pozmasa da, konteynerin quraşdırılması 9 saylı cədvəlin tələbini pozur. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yük avtomobilləri daxil olacağı təqdirdə həmin konteyner buna maneçilik yarada bilər (norma 4.5 metr, faktiki 4.17 metr). Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, **********40 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.05854 ha torpaq sahəsinin, naturada özü tərəfindən tanıdılmış faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edildi. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən əlavə faktiki istifadəsində 132 kv.m torpaq sahəsinin olduğu müəyyən olundu. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, naturada İddiaçı tərəfindən tanıdılmış daş hasarla bərkidilmiş torpaq sahəsinin daxilində mövcud olan yaşayış evinin və köməkçi tikilinin **********40 reyestr nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edildi. Bundan əlavə qeyd olunur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsini əhatə edən daş hasarın təqribən 48 metr hissəsinin və həyətə giriş darvazasının iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edildi. ünvan 4 ünvanında yerləşən tikililərə dair tərtib olunmuş “Texniki Pasport” Mərkəzə təqdim olunmadığına görə, qərardadın bu sualını cavablandırmaq mümkün olmadı. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən Bələdiyyə avtomobil yolların şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində yerləşən və onların mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Bələdiyyə yolları bələdiyyə qurumlarının ərazisi hüdudlarında avtomobil və başqa nəqliyyat əlaqələrini təmin edir. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yolunun sahibi, onun razılığı olmadan avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək, avtomobil yollarını əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir. Bu işləri görən şəxslər avtomobil yolunun sahibinin tələbinin icrasından imtina etdikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirmədikdə, tikinti və qurğuların sökülməsi, avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsi üzrə işlər avtomobil yolunun sahibinin qüvvəsi və (və ya) vəsaiti hesabına yerinə yetirilir. Belə hallarda avtomobil yolunun sahibinin həmin işlərin yerinə yetirilməsi ilə əlaqədar çəkdiyi xərclər qanunsuz tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan şəxslər tərəfindən ödənilməlidir. Göstərilən xərclər ödənilmədikdə, avtomobil yolunun sahibi müvafiq iddia irəli sürmək hüququna malikdir. Bu qanunun 34-1-ci maddəsinə əsasən avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaratmaq qadağandır. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması dövlət şəhərsalma norma və qaydaları 8.22.-ci bəndinə əsasən Küçə və yolların işlək hissəsinin səki və yol ayırıcı zolaqlarının kənarı ilə dönmə radiusu (m-lə) aşağıda göstərilənlərdən az olmamalıdır.magistral küçə və yollar üçün: hərəkəti tənzimlənən .........8, yerli əhəmiyyətli yollar üçün ........5, nəqliyyat meydançalarında .........

12. Sıxlıq və yenidənqurma şəraitində hərəkəti tənzimlənən magistral küçə və yolların dönmə radiusları azaldıla bilər. Bu halda küçə və yolların radiusları 6 m-dən. nəqliyyat meydançalarının radiusları isə 8 m-dən az qəbul edilməməlidir. Səkikənarı daşlarla (bordyurla) hasarlanmadıqda və həmçinin minimal dönmə radiusu tətbiq edildikdə, yanayırıcı zolaqların və yaxud xarici tərəfdən genişdirilməsi hesabına küçə və yolların işlək hissəsinin enini hər hərəkət zolağı üçün 1 m artırmaq lazımdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ünvan 5 ünvanında ümumi istifadə üçün nəzərdə tutulmuş yolda konteyner və iri dayanıqlı su çəni quraşdırılmışdır, sonradan həmin konteyner qeyd olunan ərazidən götürülsə də, su çəni həmin ərazidə qalmaqdadır. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyinə əsasən mübahisəli ümumi istifadədə olan yolda su çəninin quraşdırılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərini pozmasa da, konteynerin quraşdırılması 9 saylı cədvəlin tələbini pozur. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yük avtomobilləri daxil olacağı təqdirdə həmin konteyner buna maneçilik yarada bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, konteyner qeyd olunan ərazidən götürüldüyündən iddia ərizəsi qismən təmin olunmalı və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yük avtomobilləri (yangından mühafizə və s. hallar nəzərə alınmaqla) daxil olacağı təqdirdə dayanıqlı su çəninin maneçilik törədəcəyini nəzərə alaraq ümumi istifadədə olan yolda Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən iri dayanıqlı su çəni cavabdehin öz hesabına sökülərək ərazidən götürülməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırkı qarşılıqlı iddia tələbi üzrə sübutetmə yükü, yəni, İddiaçı qanunsuz hasarlanma nəticəsində yaratdığı maneəni aradan qaldırılmaqla zəbt olunmuş ümumi istifadə üçün nəzərdə tutulmuş ərazinin boşaldılması tələbi barədə sübutların təqdim edilməsi mülki prosessual qanunvericiliyə əsasən bilavasitə qarşılıqlı iddiaçının üzərinə düşür. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov" Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün tərəfin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı fərdi yaşayış evindən istifadə hüququna yaradılmış maneənin aradan qaldırılması və zəbt olunmuş ümumi istifadə üçün nəzərdə tutulmuş ərazinin boşaldılmasını tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Beləliklə məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün sərəncam əsasında başqa şəxsə ayrılmış və qarşılıqlı iddia üzrə iddiaçı həmin evin ona məxsus olması barədə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən Cavabdeh subyektiv hüqüqu mövcud olmadığından qarşılıqlı iddia tələbi rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia qismən təmin edilsin. Cavabdeh məxsus ünvan 5 ünvanında ümumi istifadə üçün nəzərdə tutulmuş yolda iri dayanıqlı su çəni cavabdehin öz hesabına sökülərək ərazidən götürülsün. İlkin iddia qalan hissədə təmin olunmasın. İddiaçı Cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və zəbt olunmuş ümumi istifadədə olan yerin boşaldılması” tələbinə dair dair qarşılıqlı iddiası təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar