Məhkəmə qərarları › İş №2(010)-1253/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1253/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1253/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(010)-5309/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq, xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxx 2010-cril tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuş, birgə nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü X7 və xx xxxxxx 2011-ci il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə ayrıldıqdan sonra azyaşlı uşaqları onun himayəsində qalmışlar və Suraxanı rayon məhkəməsinin 2 (010) 5309/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların saxlanılması üşün hər uşağa görə 160 manat, cəmi 320 manat aliment tutulması qət edilmişdir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşaqların saxlanılmasında heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. Onun hər ay uşağın saxlanması üçün 500 manata qədər xərci çıxır ki, bu məbləği də mən təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan əlavə kommunal ödənişlər, bir sıra əlavə xərcləri ödəmək məcburiyyətində qalır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində mənə köməklik göstərir, nə də ki, uşağın maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları, məktəb ləvazimatları tələb olunur. Halbuki cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideynlik borcunu öz üzərində hiss edərsə bu zaman uşaqlarını daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Buna görə də uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, hal-hazırda Cavabdeh Suraxanı rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi xx xxxx 2010-cu il təvəllüdlü X7 və xx xxxxxx 2011-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanılması üçün hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat aliment tutulmuşdur. Lakin həmin aliment məbləğ uşaqların saxlanmasına kifayət etmir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o, İddiaçı ilə ayrıldıqdan sonra xx xxxx 2010-cu il təvəllüdlü X7 və xx xxxxxx 2011-ci il təvəllüdlü X8 iddiaçının yanında qalmış və ondan məhkəmə qətnaməsinə əsasən uşağın saxlanılması üçün hər ay uşağa görə 160 manat məbləğində aliment tutulmuşdur. O, “Azəriqaz” İB-də çilingər işləyir və onun maaşından hər ay 320 manat aliment və digər gəlirlər tutulduqdan sonra ona cəmi 162,15 manat pul qalır. Odur ki, yuxarıda qeyd etdiklərinə əsasən İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(010)-5309/2019 saylı qətnaməsi ilə xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olan haqq-hesab vərəqəsindən görünür ki, Cavabdeh əmək haqqısı 1001 saatlıq tarif maaşı 516,23 manat və yemək xərci 54 manat olmaqla, cəmi 570,20 manat təşkil edir. Həmin əmək haqqından 2.58 manat olan işsizlik ödənişi-işçidən 2.50 manat, DSMF-ə tutulma 17,11 manat, həmkərlar ittifaqına 5.16 manat, gəlir vergisi 51.83 manat, icbari tibbi sığorta-işçi 11.40 manat və çıxma aliment- 320 manat olmaqla, cəmi 408 manat tutulur və ona cəmi 162,15 manat ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki , alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, alimentin artırılmasına dair iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Belə ki, istinad edilən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan görünür ki, həmin norma ilə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar