Məhkəmə qərarları › İş №2(010)-129/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-129/2025

07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-129/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla sökülmüş hasarın bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla sökülmüş hasarın bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərər qismində 1000 (min) manat pul vəsaitinin ödənilməsi və ya bu mümkün olmadıqda, həmin hasarın bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, eyni zamanda dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Hüsey qızından müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə təqdim edərək iddia tələbini hasarın cavabdehlərin hesabına bərpasına aid hissədə müdafiət etdiyini bildirdi və tələbinin həmin hissədə təmin edilməsini xahiş etdi.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək, iddiaçının təqdim etdiyi iddia tələbi bütünlüklə əsassız olduğundan onun rədd edilməsini xahiş etmişdirlər.

İddia tələbinin dəlilləri

3. Həyat yoldaşı X6 ilə birlikdə ünvan 1 ünvanında 4 sot ərazidə inşa etdiyi evdə 2008-ci il tarixdən müvəqqəti qeydiyyatda olmaqla orada yaşayır. Cavabdeh1 onunla qonşuluqda yerləşən torpaq sahəsini 2010-cu il tarixdə almış və daha sonra həmin yerdə özü üçün ev tikdirmiş, hal-hazırda da orada oğlu Faiqlə birlikdə yaşayır. Təxminən 2018-ci il tarixdə Gülnaz ona məxsus torpaq sahəsinin də ona məxsus olduğunu iddia edərək onunla və həyat yoldaşı ilə mübahisə etməyə başlamış, müxtəlif vaxtlarda onların barəsində məhkəməyə müraciət etmişdir. Lakin heç bir məhkəmə torpaq sahəsinin ona məxsus olduğunu təsdiq etməmişdir. Gülnaz bu dəfə başqa şəxsləri işə cəlb edərək həmin şəxslərin vasitəsi ilə belə ki iddiaçı qismində Cavabdeh3 məhkəməyə müraciət etmiş və bu dəfə də məhkəmə iddianı təmin etməmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:40-da yaşadığı evdə olan zaman həyətdən yüksək şəkildə şaqqıltı, yəni söküntü səsi eşitdikdə o və eləcə də həyat yoldaşı Şüşə həyətə çıxmışdırlar. Həyətə çıxdıqda Faiqin əlində balta ilə, həmin vaxtı ilk dəfə gördüyü, özünü şəhid ailəsi kimi təqdim edən Faiq nə də Gülnazla heç bir münasibəti olmayan, məqsədli şəkildə hay-küy salıb, onları provokasiyaya cəlb etmək üçün oraya gəlmiş Tamella adlı şəxsin isə əlində kuvaltla ona məxsus şifer, dəmir parçaları və taxta parçalarından düzəltdiyi hasarı sökməyə başladıqlarını görmüşdür. Səsküyə qonşuluqda yaşayan oğlu Ələmdar və onun ailə üzvləri gəldilər. Tamella ilə Faiq onlara söyüşlər söyərək, hədə qorxu gələrək hasarı sökdülər. Hasarın sökülməsi nəticəsində ona 1000 manat dəyərində məddi ziyan dəymişdir. Əlavə olaraq bildirir ki, həmin vaxtı orada heç bir dava-dalaş baş verməmiş, Faiqə, Tamellaya və eləcə də Gülnaza nə o, nə də ailə üzvlərindən heç kim xəsarət yetirməmişdir. Cavabdeh2 ilk dəfə idi ki, görürdü, onu Faiqlə və eləcə də onun anası Gülnaz məqsədli şəkildə oraya dəvət ediblər ki, Tamella şəhid ailəsi olmasından istifadə edərək özünü Gülnazın qohumu kimi təqdim edərək hasarı sökməkdə köməklik etsin və onlar fürsətdən istifadə edib ona məxsus torpaq sahəsini zəbt etsinlər. Baş vermiş mübahisəni və hasarın necə söküldüyünü nəvəsi Quliyeva Aytən qarşı tərəfdən isə Gülnaz mobil telefonla video görüntüyə almışdır. Hər iki tərəfin çəkdiyi video görüntülər sübut edir ki, adını çəkdiyi Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Hüsey qızı ona məxsus hasarı sökür. Bununla əlaqədar Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində araşdırma aparılmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Namiq Məmmədovun 24 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə şikayət üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra isə o, cavabdeh tərəfindən ona dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh özünə məxsus olmayan hasarı sökərək ona 1000 manat məbləğində ziyan vurmuşdur. Həmin hasarın sökülməsi nəticəsində ona dəymiş 1000 manat məbləğində ziyan cavabdehlər tərəfindən müştərək qaydada ödənilməli, bu mümkün olmadıqda həmin hasarın bərpa edilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır.

Tərəflərin izahatları.

4. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək iddia tələbini hasarın cavabdehlərin hesabına bərpasına aid hissədə müdafiət etdiyini bildirdi və tələbinin həmin hissədə təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iddiaçı ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, həmin torpaq sahəsi onundur, bu yaxınlarda da inzibati məhkəmə bununla bağlı qərar qəbul etmişdir. İddiaçı isə onun torpağını zəbt edib və ona məxsus işlənmiş materiallarla özünə hasar tikmişdir.

İş materialları.

8. Bakı şəhəri X1 xx.xx.2003-cü il tarixli, 23 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində (İlovoy) yerləşən 400 m2 torpaq sahəsi vətəndaş Cavabdeh3 Eylas oğlunun istifadəsinə verilmişdir.

9. AR Bələdiyyə MMC-nin “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair xx.xx.2011-ci il tarixli Hesabat cədvəlindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu, Sol tərəf, 4-cü keçid ünvanında yerləşən yaşayış evinin mülkiyyətçisi İddiaçı Əlif oğludur.(Suraxanı bələdiyyəsi ilə bağlanmış 07 saylı, xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən)

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2848/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçılar İddiaçı və X2 Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və qanunsuz müdaxilənin qadağan edilməsi” tələbi barədə iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X4 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həyətyanı torpaq sahəsinə qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, həyətyanı torpaq sahəsinə, tikililərə qonşunun qanunsuz müdaxiləsinin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-140/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Bakı şəhəri Suraxanı rayonu X5) “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadənin aradan qaldırılması və cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

12. Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli Arxiv Çıxarışından görünür ki, 09 aprel 1990-cı il tarixli, 46 nömrəli əmrə əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində Cavabdeh1 0.10 ha torpaq sahəsi ayrılmışdır.

13. Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, araşdırma zamanı Cavabdeh1 və İddiaçı təqdim etdiyi video görüntülərə baxış keçirilən zaman X8 balta, Cavabdeh2 isə kuvaltla Quliyev Tapdığa məxsus məxsus hasarı sındıraraq hasarı sökdükləri, daha sonra isə Cavabdeh1 məxsus toraq şahəsi ilə İddiaçı məxsus toraq sahəsinin arasında hasar olmadığından Cavabdeh2 İddiaçı aid torpaq sahəsinə keçərək qarşı tərəflə mübahisə etməyə davam etdiyi görsənir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı məxsus hasarı öz başına sökərək məhv etmiş X8 və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsüliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilmişdir.

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İdarənin mütəxəssisləri tərəfindən mübahisəli ünvanda baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanmışdır. Faktiki sahəsi 400 m2 təşkil edir digər şəxsin istifadəsindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin qeydiyyatı barədə məlumat aşkar olunmamışdır. Təqdim edilmiş cizgidə dəqiq istinadlar və istinad məsafələri qeyd edilməmişdir. Eyni zamanda, yerləşməsi tamamilə uyğunsuzluq təşkil edir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13533/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən S.Əliyev adına X3 09 aprel 1990-cı il tarixli, 46 nömrəli əmrinə əsasən ayrılmış 0.10 ha torpaq sahəsinin bölgü sxemi – yerləşmə sxeminin hazırlanaraq iddiaçı Cavabdeh1 verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

İşin faktiki halları.

16. İşin faktiki halları ondan ibarətdir ki, mübahisəli ərazi dövlət mülkiyyətində olan torpaq sahəsidir, həm iddiaçı, həm də cavabdeh həmin ərazidə yaşayırlar və onların həmin torpaq sahəsinə hüquqmüəyyənedici sənədləri yoxdur. İşin faktiki hallarından o da müəyyən olunur ki, Cavabdeh1 həmin ərazidə daha əvvəl məskunlaşmışdır. O, mübahisəli torpaq sahəsinə faktiki sahibliyini, Abşeron rayonu, keçmiş X3 ona 0.10 ha torpaq sahəsi ayrılması barədə olan xx.xx.1990-cı il tarixli, 46 nömrəli əmri ilə əsaslandırır.Cavabdeh G.Quliyeva, həmçinin ona əsaslanır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə yuxarıda qeyd edilən qərar əsasında ona verilmiş torpaq sahəsinin texniki sənədlərinin hazırlanması öhdəliyi müvafiq icra hakimiyyəti orqanına həvalə edilmişdir. Cavabdeh isə həmin torpaq sahəsində yaşamağını onunla əsaslandırır ki, o, məcburi köçkün kimi orada məskunlaşmışdır. Hazırki iddia tələbində iddiaçı cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsində yerləşən hasarın söküldüyünü iddia edir və hazırki tələbində həmin sökülmüş hasarın cavabdehlərin hesabına bərpa edilməsini tələb edir. Cavabdeh tərəf iddia tələbinə etiraz edir və Cavabdeh1 etirazı onunla əsaslandırır ki, hasarın mövcud olduğu torpaq sahəsi ona məxsusdur, hasarı da iddiaçı onun həyətində olan materiallardan quraşdırmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1 Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

Maddə 4. Torpaq sahəsi 4-cü maddənin 1-ci bəndinə görə torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin maddənin 2-ci bəndinə görə torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. 65-ci maddəsinin 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Maddənin 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. M a d d ə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları: Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları:müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr;hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər;məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü;vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. M a d d ə 1 1 1 . Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

21. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.

22. Belə ki, işin hallarından müəyyən edildiyi kimi, tərəflər arasında oxşar mübahisələr uzun müddətdir ki davam edir və onların arasında əvvəllər də torpaq sahəri ilə bağlı məhkəmə mübahisələri olmuşdur. İşə əlavə edilmiş sənədlərdən o da müəyyən edilir ki, mübahisə obyekti olan torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır, iddiaçı həmin ərazidə məcburi köçkün kimi hər hansı hüquqi əsas olmadan məskunlaşmışdır. Yuxarıda istinad edilmiş maddi hüquq normaları ilə torpaq sahəsinə mütləq və ya məhdud əşya hüquqlarının əldə edilmə qaydaları müəyyən edilmişdir. İddiaçının mübahisəli torpaq sahəsinə tələbi həmin ərazidə məcburi köçkün kimi məskunlaşmasına əsaslanır, hansı ki, bu əsas maddi hüquq normaları baxımından qanuni hesab edilə bilməz. Mülki qanunvericiliyin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (maddə 4.1) Lakin, bu müdafiədən istifadə üçün ilk növbədə subyektiv hüququn olması vacibdir. Ona görə ki, qanunda fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsi deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, qanunla qorunan mənafe və maraqlardan nəzərdə tutulur. Beləliklə, iddiaçı həmin torpaq sahəsində heç bir hüquqi əsas olmadan məskunlaşdığına görə, onun hazırkı tələblə çıxış etmək üçün subyektik hüququ yoxdur. Bundan əlavə, İddiaçı mübahisəli torpaq sahəsinə faktiki sahibliyi də Cavabdeh1 Hüsey qızına münasibətdə qanuni hesab edilə bilməz. Belə ki, hazırki iddia tələbində iddiaçı ona məxsus olduğunu qeyd etdiyi torpaq sahəsində inşa edilmiş hasarın cavabdehlər tərəfindən söküldüyünü iddia etməklə həmin hasarın bərpasını tələb etsə də, Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli Arxiv Çıxarışından görünür ki, 09 aprel 1990-cı il tarixli, 46 nömrəli əmrə əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində Cavabdeh1 0.10 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13533/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddia təmin edilməklə Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən S.Əliyev adına X3 09 aprel 1990-cı il tarixli, 46 nömrəli əmrinə əsasən ayrılmış 0.10 ha torpaq sahəsinin bölgü sxemi – yerləşmə sxeminin hazırlanaraq iddiaçı Cavabdeh1 verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd edilən məhkəmə qərarı hələ qanuni qüvvəsini almamışdır, lakin bununla belə qeyd edilən hallar onu deməyə əsas verir ki, həmin torpaq sahəsində iddiaçıdan daha əvvəl məskunlaşan Cavabdeh1 faktiki sahibliyi yuxarıda qeyd edilmiş əsaslara söykənir və bu səbəbdən o İddiaçı münasibətdə qadağan edilmiş özbaşnalığa yol verməmişdir.

Məhkəmə xərcləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

24. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla vurulmuş maddi zərərin ödənilməsi və ya sökülmüş hasarın bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla sökülmüş hasarın bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar