Məhkəmə qərarları › İş №2(010)-13/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-13/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-13/2021 27.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, Cavabdeh və Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh və “Sədərək” firmasına qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti (bundan sonra İddiaçı BOKT ASC) Cavabdeh qarşı “borc və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə 46991.10 ABŞ dolları əsas, 35434.79 ABŞ dolları hesablanmış faiz, 53005.96 ABŞ dolları dəbbə pulu, cəmi 135431.85 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmin məbləğin 01.06.2015ci il tarixli, 119/15/PB/YF-G nömrəli girov müqaviləsinə əsasən girova yönəldilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəlki "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC) “Yasamal” filialından 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömrəli kredit (borc) müqaviləsinə əsasən illik 19 faizlə 60 ay müddətinə evin təmiri məqsədilə 47969 ABŞ dolları borc almışdır. Bu borcun təminatı olaraq “Sədərək” firması ilə Cavabdeh arasında bağlanmış 11.04.2013-cü il tarixli, 6189a nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən sıra 12, korpus 3, 89/91 saylı, Sədərək ticarət mərkəzində yerləşən sıra 12, korpus 3, 90/92 saylı ümumi 200 m2 ibarət qeyri-yaşayış sahəsinə (dükana) olan hüquqlar və həmin dükanda olan dövriyyədəki mallar 01.06.2015-ci il tarixli, 119/15/PB/YF- G nömrəli girov müqaviləsi ilə yüklü edilmişdir. 22.08.2017-ci il tarixədək Cavabdeh İddiaçı BOKT ASC-yə 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə 46991.10 ABŞ dolları əsas, 35434.79 ABŞ dolları hesablanmış faiz, 53005.96 ABŞ dolları dəbbə pulu, cəmi 135431.85 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Daha sonra, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh və “Sədərək” firmasından müştərək qaydada 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit müqaviləsi üzrə 46991.10 ABŞ dolları əsas, 35434.79 ABŞ dolları faiz, 53005.96 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 135431.85 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, İ və İİ Qarabağ Müharibələrinin iştirakçısı olmuş, İ Qarabağ Müharibəsi qazisidir. İddiaçı ilə 2013-cü ildə kredit müqaviləsi bağlamışdır. Həmin müqavilə üzrə ona 100 min manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Lakin Bank həmin pulu 140 min ABŞ dollarına çevirmiş, ondan pulu dollarla tələb etmişdir. O, müqavilə bağlandıqdan sonra 19 ay boyunca hər ay bir gün belə gecikmədən 6900 ABŞ dolları pul ödəmişdir. Lakin, 2015-ci ildə ilk devalvasiyadan sonra Bankın nümayəndələri işlədiyi bazarın bir neçə “qoluzorlu” adamı ilə onun mağazasına gələrək yeni müqaviləyə qol çəkməsini, əgər qol çəkməzsə, mağazasının bağlanacağını demişlər. O, yeni müqavilə bağlamaq istəmədiyini bildirsə də onlar dəfələrlə gəlib müqaviləyə qol çəkməsi üçün onu hədələmişlər. Bir neçə dəfə mağazası ticarət mərkəzinin rəhbərliyi tərəfindən möhürləndikdən sonra o, məcbur qalıb 2015-ci ilin iyun ayında Bankın nümayəndələri tərəfindən ona təqdim olunan bir neçə sənədə qol çəkmişdir. Bir neçə yerdə isə onun adından saxta imza çəkilmişdir. Lakin nə həmin vaxt, nə də ondan sonra müqavilə üzrə ona heç bir kredit verilməmişdir. Müqavilə bağlandıqdan sonra ödənişləri edərkən hesab etmişdir ki, onun 2013-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcu qalmışdır və həmin borcu ödəyir. Hesab etmişdir ki, bank da onunla müqavilənin müddətini uzatmaq üçün onu həmin sənədlərə qol çəkməyə məcbur etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, iddiaçı 2015-ci ildə onun boynuna əlavə 50 min ABŞ dollarına yaxın kredit borcu qoymuşdur. Halbuki o, iddiaçıdan 2015-ci ildə heç bir kredit götürməmişdir. İddiaçının bununla bağlı təqdim etdiyi bütün sənədlər isə saxtadır. İddiaçı 2015-ci ildə ona həqiqətən iddia ərizəsində göstərilən məbləğdə kredit verdiyini sübut da edə bilmir. Çünki belə bir hadisə olmamış, o, heç bir kredit götürməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X2 iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi tam əsassızdır. Belə ki, iddia etdiklərini, yəni Bank tərəfindən cavabdehə həqiqətən 47969 ABŞ dolları məbləğində kredit verildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və iş materillarında olan xəzinə məxaric orderi isə saxta sənəddir. Elə bu səbəbdən iddiaçı bu sənədin əslini nə məhkəməyə, nə də ekspertizaya təqdim edə bilməmişdir. Məhkəmənin icraatında olan və yekunlaşmamış iş üzrə kredit sənədlərinin məhv edilməsi isə real deyil. İddiaçı 2015-ci ildə bağlanmış “kredit müqaviləsi” üzrə cavabdehə heç bir kredit verməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış yeganə kredit müqaviləsi 2013-cü ildə bağlanmış müqavilədir. Lakin iddiaçı həmin müqavilə üzrə də saxtakarlığa yol verərək 100 min manat məbləğində krediti 140 min ABŞ dollarına çevirmiş, cavabdehdən həmin pulu tələb etmişdir. Cavabdeh isə 19 ay, hər ay 6900 ABŞ dolları məbləğində ödəməklə, devalvasiyadan sonra bir qədər də ödəniş etməklə manatla aldığı krediti artıqlaması ilə qaytarmışdır. Sonradan, 2015-ci ildə bağlanmış müqavilə isə cavabdehi mağazasını bağlamaqla hədələyərək, onun razılığı olmadan bağlanılmış və bu müqavilə üzrə ona heç bir kredit verilməmişdir. Eyni zamanda, müqavilənin bəzi vərəqlərindəki imzaların saxta olduğu müvafiq ekspertiza rəyi ilə müəyyən edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh “Sədərək” firmasına lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF nömrəli kredit müqaviləsinə əsasən Bank 47969 ABŞ dolları məbləğində krediti 60 ay müddətinə, 19 %-lə Borcluya verməyi, Borclu isə bu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən etibarən kreditorun ona təqdim etdiyi ödəniş cədvəlinə əsasən hər ayın müvafiq günü əsas və faiz borclarına ödəməyi öhdəsinə götürmüşdür. “Sədərək” firmasının qanuni nümayəndəsi X5 (girov qoyan 1), Cavabdeh (girov qoyan 2 və kredit alan) və "xxxx" ASC (girov saxlayan) arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF-G nömrəli girov müqaviləsinə əsasən bu müqavilənin predmeti borclu Cavabdeh ilə girov saxlayan "xxxx" ASC arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit müqaviləsi üzrə illik 19% məzənnəsi ilə, 60 ay müddətinə aldığı 47969 ABŞ dolları kredit borc öhdəliklərinin icrasının təmin edilməsidir. Girov predmeti: “Sədərək” firması ilə Cavabdeh arasında bağlanmış 11.04.2013-cü il tarixli, 6189a nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən sıra 12, korpus 3, 89/91 saylı, Sədərək ticarət mərkəzində yerləşən sıra 11, korpus 3, 90/92 saylı ümumi 200 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükanlara) olan hüquqlar və həmin dükanda olan dövriyyədəki mallar. Cavabdeh (borclu və girov qoyan) və "xxxx" ASC (girov saxlayan) arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF-DG nömrəli girov müqaviləsinə əsasən bu müqavilənin predmeti borclu Cavabdeh ilə girov saxlayan "xxxx" ASC arasında bağlanmış 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit müqaviləsi üzrə illik 19% məzənnəsi ilə, 60 ay müddətinə aldığı 47969 ABŞ dolları kredit borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflərin qarşılıqlı razılığına əsasən 100 min manat dəyərində mal qalığını girov götürmək şərti ilə bağlanmışdır. 22.08.2017-ci il tarixli maliyyə arayışından görünür ki, 01.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 46991.10 ABŞ dolları əsas borc, 35434.79 ABŞ dolları hesablanmış faiz borcu və 53005.96 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 135431.85 ABŞ dolları məbləğində borc hesablanmışdır. 02.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 01.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 39713.10 ABŞ dolları əsas borc, 83294.06 ABŞ dolları hesablanmış faiz borcu və 62508.42 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 185515.58 ABŞ dolları məbləğində borc hesablanmışdır. İddiaçı BOKT ASC tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 11.11.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh və "xxxx" ASC arasında 2013-cü ildən bağlanmış müqavilələr üzərindən beş ildən artıq müddət keçdiyi üçün məhv edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli, 4/648 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, "xxxx" ASC və Cavabdeh adlarından olan 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit (borc) müqaviləsinin 2.3-cü vərəqələrində “Kredit (borc) alan və girov qoyan:” qrafalarındakı imzalar və 01.06.2015-ci il tarixli, 119/15/PB/DG saylı daşınar əmlakın girov müqaviləsinin 2-ci vərəqəsində “borclu və girov qoyan” qrafalarında imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş "xxxx" ASC və Cavabdeh adlarından olan 01.06.2015-ci il tarixli, 119/15/PB/YF saylı kredit (borc) müqaviləsinin 1-ci vərəqəsində “Kredit (borc) alan və girov qoyan:” qrafasındakı imza ilə həmin müqavilənin 2-3-cü vərəqələrində “Kredit (borc) alan və girov qoyan:” qrafalarındakı imzalar, 01.06.2015-ci il tarixli, 119/15/PB/DG saylı daşınar əmlakın girov müqaviləsinin 2ci vərəqəsində “Borclu və girov qoyan” qrafalarındakı imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC (İddiaçı BOKT ASC) və Cavabdeh arasında 01.06.2015-ci il tarixli kredit müqaviləsi bağlanılmış, müqavilədə Bank tərəfindən 47969 ABŞ dolları məbləğində kreditin 60 ay müddətinə, 19 %-lə Cavabdeh verilməsi, Borclunun isə bu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən etibarən ödəniş cədvəlinə əsasən onu ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. Eyni zamanda, müqavilə öhdəliklərinin icrasını təmin etmək məqsədilə tərəflər arasında həmin tarixli girov müqavilələri bağlanılmışdır. Lakin Cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etmədiyini bildirən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə iddianı qəbul etməmiş, iddiaçı tərəfindən 01.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə ona heç bir pul verilmədiyini, müqavilənin bəzi hissələrini Bankın və işlədiyi ticarət mərkəzinin nümayəndələrinin hədəsi ilə imzaladığını, lakin heç bir pul almadığını bildirmişdir. Göründüyü kimi İddiaçı BOKT ASC cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən cavabdehə 47969 ABŞ dolları məbləğində kredit verdiyini və cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini iddia edir. Cavabdeh isə bunu qəbul etməyərək iddia edir ki, o, ümumiyyətlə iddiaçıdan heç bir kredit götürməmişdir. Belə vəziyyətdə, məhkəmə ilk növbədə, müqavilədə göstərilən kredit məbləğinin həqiqətən cavabdehə verilibverilmədiyini, beləliklə müqavilənin etibarlı olub-olmadığını müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleunumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarı) Cavabdehin mübahisələndirdiyi məqamlar ona kredit müqaviləsi üzrə heç bir pul verilməməsi və müqavilələrdəki imzaların həqiqiliyi olduğundan məhkəmə həmin məsələləri araşdırmışdır. Müəyyən edilmişdir ki, iddia ərizəsinə müvafiq kredit müqaviləsinin bağlanmasından dörd gün sonra Bankın kassasından çıxarılmış 47969 ABŞ dolları məbləğində pulun cavabdehin hesabına köçürüldüyünü göstərən xəzinə məxaric orderinin surəti əlavə edilmişdir. İş üzrə həlledici əhəmiyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müvafiq məxaric orderinin əsli iddiaçıdan tələb edilmiş, lakin iddiaçı həmin sənədin əslini məhkəməyə təqdim etməmişdir. Bundan sonra, cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatı üçün zəruri olduğundan həmin sənədin əsli ekspert tərəfindən iddiaçıdan tələb edilmiş, lakin iddiaçı bu sənədi ekspertizaya da təqdim etməmişdir. Eyni qaydada, müvafiq müqavilə üzrə ödəniş cədvəlinin əsli iddiaçıdan tələb edilsə də iddiaçı bu sənədi də məhkəməyə təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasına xəzinə məxaric orderinin əsli təqdim edilmədiyindən bu sənədlə bağlı hissədə heç bir rəy verilməsə də 01.06.2015-ci il tarixli kredit müqaviləsinin birinci vərəqində olan imzanın müqavilənin digər vərəqlərində olan imzalarla, eyni zamanda həmin tarixli girov müqaviləsindəki imzalarla eynilik təşkil etmədiyi, bu imzaların müxtəlif şəxslər tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə həmin rəylə razılaşır, çünki müvafiq imzalar arasındakı fərq mütəxəssis olmayan şəxs tərəfindən belə görülə biləcək dərəcədə aşkardır. Beləliklə, cavabdehin kredit və girov müqavilələrindəki imzaların onun tərəfindən icra olunmadığı ilə bağlı qeyd etdiklərini məhkəmə inandırıcı hesab edir. Bundan başqa, nəzərə alınmalıdır ki, imzaların həqiqi olmamasının müəyyən edilməsi müqavilənin bağlanması ilə bağlı mülki qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlərin pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Bundan başqa, məhkəmə tərəfindən tələb edilməsinə və iş üçün həlledici əhəmiyyət daşımasına baxmayaraq, iddiaçı tərəfindən müvafiq xəzinə məxaric orderinin əslinin nə məhkəməyə, nə də ekspertizaya təqdim edilməməsini nəzərə alaraq, məhkəmə həmin sənədin həqiqi olmadığı, beləliklə, cavabdehə müqavilə üzrə heç bir kredit verilmədiyi nəticəsinə gəlir. Məhkəmə bu cür nəticəyə gələrkən ilk növbədə onu nəzərə alır ki, sübutetmə yükünün bölünməsi baxımından müvafiq sənədlərin əslini təqdim etmək iddiaçının vəzifəsi idi. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Lakin məhkəmə cavabdehin müqavilənin hədə təsiri altında bağlanması ilə bağlı qeyd etdiklərinə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleunumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarı) Göründüyü kimi, aldatma, zorakılıq, hədə təsiri altında bağlanılmış əqdlər mübahisə edilən əqdlərdir və məhkəmə bu barədə tələb irəli sürülmədən həmin əqdləri etibarsız hesab edə bilməz. İş üzrə cavabdehin isə hazırkı tarixə qədər bununla bağlı heç bir iddiası olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış 01.05.2015-ci il tarixli kredit və girov müqavilələri etibarsız (əhəmiyyətsiz) əqdlərdir. Belə ki, müqavilə bağlanarkən tərəflərin (cavabdehin) müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmamış, müqavilə üzrə ona heç bir kredit verilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.2-ci maddəsinə əsasən Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Hazırkı işdə isə əqd cavabdeh tərəfindən təsdiq edilməmiş, əksinə cavabdeh müqavilə üzrə ona heç bir kredit verilmədiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleunumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarı) Göründüyü kimi, iddiаçı İddiaçı BOKT ASC əhəmiyyətsiz əqdə əsaslanan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir. Son olaraq, məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni əsasla, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 140 manat məbləğində pul da iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh və “Sədərək” firmasına qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar