Məhkəmə qərarları › İş №2(010)-1302/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1302/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1302/2023 25.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehdən iddiaçı ‘'Unibank'' KB ASC-nin xeyrinə 500 manat əsas, 65,34 manat faiz, 24,24 manat cərimə borcu olmaqla, cəmi 565,34 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 'Unibank'' KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və onun ayrılmaz hissəsi olan ümumi oferta müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 27,60 % ödəmək şərtilə, 500 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və Banka olan borcunu tam qaytarmamışdır. Nəticədə, cavabdehin xx.xx.2023-ci il tarixə "xxxx" Kommersiya Bankı ASCyə 500 manat əsas, 65,34 manat faiz, 24,24 manat cərimə borcu olmaqla, cəmi 565,34 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Odur ki, iddianın təmin edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. "xxxx" KB ASC-nin xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas borc üzrə 500 manat əsas, 65,34 manat faiz, 24,24 manat cərimə borcu olmaqla, cəmi 565,34 manat məbləğində borc yaranmışdır. "xxxx" KB ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “kredit xəttinin təyin edilməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə ARGİD********** nömrəli kredit müqaviləsi bağlanmış və 4098****2631 nömrəli ödəniş kartına 35 ay müddətinə, illik 27,6 % dərəcəsi ilə 500 manat məbləğində kredit xətti təyin edilməklə istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən, o, "xxxx" KB ASC-nə müraciət etmiş, bankın rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə, barəsində məlumatların Asan-Finas portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada analoq imza ilə etmiş və razı olduğunu, bu şərtləri qəbul etdiyini bildirmiş və ona sahibkarlıq fəaliyyəti məqsədilə azərbaycan manatında cari və depozit hesabının açılmasını xahiş etmişdir, bank isə təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmişdir. "xxxx" KB ASC tərəfindən verilmiş çıxarışa əsasən xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdə Cavabdeh tərəfindən müxtəlif əməliyyatlar aparılmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli razılıq ərizəsinə əsasən o, haqqında toplanmış məlumatların kredit bürosundan əldə edilməsinə, təqdim edilməsinə, toplanılmasına və işlənilməsinə razılıq vermişdir. "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli (bank xidmətlərinin təqdim edilməsinə dair) ümumi ofertaya əsasən Bank tərəfindən müştəriyə cari hesab üzrə, ödəniş kartı üzrə, elektron xidmətlərin göstərilməsi haqqında, kredit xətti üzrə və əmanət müqaviləsi üzrə (həmçinin faiz dərəcəsi, cərimələr) təkliflər verilmişdir. Ümumi Ofertanın 5.7.2-ci bəndinə əsasən, kredit xəttindən istifadə edildiyi gündən sonrakı gün faizlərin hesablanması başlayır”. 5.7.4-cü bəndinə əsasən “əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180%-lə cərimə tətbiq edilir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun vaxtında ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ...465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC və Cavabdeh arasında “Kredit müqaviləsi” bağlanmış və ona 35 ay müddətinə, illik 27,60 % dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və onun ayrılmaz hissəsi olan ümumi ofertaya əsasən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Tərəflər arasında müqavilə üzrə dəbbə pulu razılaşdırılmışdır. Məhkəmə onu tənasübsüz surətdə yüksək hesab etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-cü il tarixli kredit müqaviləsi və onun ayrılmaz hissəsi olan ümumi oferta üzrə 500 manat əsas, 65,34 manat faiz, 24,24 manat cərimə borcu olmaqla, cəmi 565,34 manat məbləğində pul alınaraq iddiaçı “Unibank“ KB ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-cü il tarixli Kredit müqaviləsi və onun ayrılmaz hissəsi olan ümumi oferta üzrə 500 manat əsas, 65,34 manat faiz, 24,24 manat cərimə borcu olmaqla, cəmi 565,34 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" KB Açıq Səhmdаr Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar