Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1303/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İlkin İddiaçı nümayəndələri X1, X7, nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi X15 və X2, nümayəndəsi və vəkili X4 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-dən (Xətai filialı) BPM **********60 saylı, 15- 11-2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc 7000 manat, faiz borcu 2110,01 manat, cəmi 9110.01 manat kredit öhdəliyinin tərəfindən icrasını nəzərə alıb, həmin pulun 1/2 hissəsinin yəni 4555.005 manat pulun cavabdeh X6 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, ona dəymiş mənəvi zərəin əvəzi olaraq 5000 manat, maddi zərərin əvəzi olaraq 2500 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X12 ilə aralarında xx.xx.2019-cu il tarixdə 4 saylı “ASAN” Xidmət Mərkəzində nikahları bağlanmışdır. Birgə nikahlarından uşaqları olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2878/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə onunla “xxxx” ASC (Xətai filialı) arasında BPM **********60 saylı, xx-xx-2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bankdan 7000 manat kredit borcu götürülmüşdür. Götürülmüş 7000 manat əsas borca görə 2110,01 manat faiz borcu hesablanmış və cəmi banka 9110.01 manat kredit borcu yaranmışdır. Kredit götürməkdə əsas məqsədi ailə üçün minik avtomobilinin əldə edilməsi olmuş və təxminən 1 aydan sonra xx.xx.2019-cu il tarixdə **-UN-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 200” markalı avtomobil əldə edilmişdir. Bankdan götürülmüş kredit borcu əsas borc və ona hesablanmış faizlərin ödəniş cədvəlinə uyğun olaraq tərəfindən mütamadi olaraq ödənilir. Kredit birgə nikah dövründə götürüldüyündən ər-arvadın birgə mülkiyyəti sayılır. O, xx.xx.2019-cu il tarixdə əldə edilmiş **-UN-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 200” markalı avtomobilin birgə nikah dövründə iddiaçı ilə “xxxx” ASC (Xətai filialı) arasında BPM **********60 saylı, xx-xx-2019-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü pul vəsaiti hesabına əldə edildiyini cavabdehin nəzərinə çatdırsa da sonuncu bildirmişdir ki, həmin avtomobil birgə nikah dövründə əldə edildiyindən tərəflər arasında bölünməlidir. Bu əsasla da cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3890/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı **-UN-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 200” markalı avtomobilin dəyərinin yarısı 3500 manat məbləğində pul tutularaq, iddiaçı Veysəlova (Şükürova) Şəhanə Mirzə qızına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, **-UN-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 200” markalı avtomobil birgə nikah dövründə bankdan götürdüyü kredit hesabına əldə edildiyindən əsas kredit borcu 7000 manat, faiz borcu 2110,01 manat, cəmi 9110,01 manat kredit borcu cavabdehlə aralarında 1/2 hissədə bölünməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə rəsmi nikaha girərək, xx.xx.2019-cu il tarixdə 4 saylı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə el adəti ilə toy edərək ailə qurmuşlar. Birgə nikahdan uşaqları olmamışdır. Toy olduqdan sonra cavabdehin valideynlərinə məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə cehiz əşyaları ilə birlikdə gəlin köçmüşdür. Lakin ailə qurduqdan sonra 19.01,2020-ci il tarixdə yəni toydan cəmi beş ay sonra qaynanası ona “uşağın olmur, get, anan səni müalicə elətdirsin” deyərək, gətirib atası evinə qoymuşdur. Ona məxsus olan bütün qızıl-zinət, eləcə də cehiz əşyaları gəlin köçdüyü evdə qalmışdır. Bundan sonra səhhətində olan xırda problemlərlə əlaqədar valideynləri müxtəlif xəstəxanalarda onu müayinə və eləcə də müalicə etdirmişlər. Cavabdehin valideynləri, özü tərəfindən ona təzyiqlər edilir, “xəstəsən, öləcəksən və s. ” kimi sözlər deyilmişdir. Bu da onun səhhətinə mənfi təsir göstərmişdir. Düşünmüşdür ki, həqiqətən də xəstədir, valideynləri o, qorxmasın deyə əsl həqiqəti ondan gizlədirlər. Lakin təxminən mart ayının 6-da onlara təsadüf nəticəsində məlum olmuşdur ki, cavabdehlər onu aldadırlar. Cavabdehin ondan əvvəl də rəsmi və qeyri-rəsmi nikahları olmuşdur. Hesab edir ki, cavabdehin məqsədi sanki qızları gətirib bədbəxt edib sonra ata evinə göndərmək, ona məxsus olan əşyalardan vicdansızcasına istifadə etmək olmuşdur. Bunu deməyə əsasları odur ki, əşyalarını götürmək üçün həmin evə gedərkən məlum olmuşdur ki, ona məxsus olan, cəmi beş ay yaşadığı evdə heç vaxt istifadə etmədiyi əşyaları, bağlamadan açılaraq, yararsız hala salınmışdır. Bundan sonra ona məxsus olan qızıl-zinət və cehiz əşyalarını tələb etsə də, cavabdehlər yalnız ona məxsus olan geyim əşyalarını, fotoşəkilləri vermişlər. Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək bildirdi ki, tərəflər 2019-cu ilin iyul ayında nikaha daxil olmuşlar, 2020-ci ilin yanvar ayına kimi birgə yaşamışlar, kredit birgə nikah dövründə götürülmüşdür. İddiaçının anası X1 adına etibarnamə yoxdur, satış formal olmuşdur. Odur ki, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X3 və X14 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək bildirdilər ki, Cavabdeh ona dəymiş maddi və mənəvi ziyan tələbii əsasladırmamışlar. Mübahisə predmeti olan avtomobil Şahanəni hər dəfə xəstəxanaya aparıb gətirmək üçün alınmışdır. Şahanə gəlin gəlməmişdən əvvəl xəstə olmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi X18 və X5 ilkin iddia tələbinə etiraz edərək bildirmişlər ki, elə ilkin iddia ərizəsini oxuyanda məlum olur ki, ilkin iddia üzrə iddiaçı və ailə üzvləri Şahanəyə necə münasibət bəsləmişlər, onun şəxsiyyətini alçaltmışlar. Şahanənin müəyyən qadın xəstəlikləri olmuşdur, lakin bu, evlilikdən sonra yaranmış xəstəliklərdir. Yanvar ayının 19-da qayınanası Şahanəni gətirmişdir ki, xəstəsən səni atangil müalicə etdirsin. Şahanə bütün bunlara görə çox mənəvi əzab çəkmiş, ona görə də çəkilən xərclər ödənilməlidir. Mübahisə predmeti olan avtomobil kredit götürüldükdən 1-2 ay sonra alınmışdır və bu da onun avtomobilin alınmasına xərclənməsini sübut etmir. Xətai Rayon Məhkəməsində məhkəmə iclası zamanı qarşı tərəf demişdir ki, həmin maşın iddiaçının atası X8 xəstəxanaya aparıb gətirmək üçün alınmışdır, hazırda isə deyirlər ki, guya maşın Şahanəni xəstəxanaya aparıb gətirmək üçün alınmışdır. Qarşı tərəfin ifadələri arasında ziddiyyətlər var. Odur ki, tələb bu səbəblə də əsassızdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X9 ilkin iddia tələbinə etiraz edərək, vəsatəti qəbul etməyərək, qarşılıqlı iddia tələbini isə müdafiə edərək bildirdi ki, İddiaçı ilə Şahanə ailə qurmamışdan öncə hamı kimi müayinələrdən keçmişlər. Sağlamlıq haqqında arayışı olmuşdur. Əgər Cavabdeh xəstə olsaydı həmin vaxt bilinərdi. Tərəflər nişanlandıqdan sonra evlənənə qədər görüşmüşlər. Cavabdeh qarşılıqlı iddia ilə bağlı danışan zaman hiss olunur ki, mənəvi əzab çəkib, ona görə də ona çəkilən xərclər ödənilməlidir. Götürülən kreditin ailəyə sərf edilməsi ilə bağlı sübut yoxdur. Kredit biznes krediti olmamış, istehlak krediti olmuş, o da Vüsalın təhsil haqqı kimi ödənilmişdir. Çünki iddiaçı ödənişli təhsil alır, üstəlik həmin pulla özünə komputer də almışdır. Eyni zamanda borc ödənilib bitmədən iddiaçı pul tələb edə bilməz. İddianın heç bir hüquqi əsası yoxdur. İddia ərizəsində, həmçinin apellyasiya şikayətində cavabdehi təhqir etmişlər və bu da cavabdehin psixologiyasına mənfi təsir göstərir. Ona görə də rədd edilməlidir. Məhkəmə ilkin iddiaçının nümayəndələrinin və vəkilinin, qarşılıqlı iddiaçının, nümayəndələrinin və vəkilinin çıxışını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-3890/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı **-UH-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200” minik markalı avtomobilin dəyərinin yarısı, yəni 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti və 31 (otuz bir) manat məbləğində dövlət rüsumu və komissiyanın əvəzi tutularaq, Veysəlova (Şükürova) Şahanə Mirzə qızının xeyrinə ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)- 2878/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu ildə bağlanmış və “nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1770 №si ilə qeyd edilmiş nikah pozulmuşdur. - xx.xx.2019-cu il tarixli BPM**********60 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı 36 ay müddətinə 7000 manat məbləğində illik 18 faiz ödəmək şərti ilə kredit verilmişdir. - xx.xx.2019-cu il tarixli, BPM**********60 saylı kredit müqaviləsi üzrə verilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, İddiaçı qeyd edilən kredit müqaviləsi üzrə 7000 manat əsas borc, 2110,01 manat faiz borcu olmaqla, cəmi 9110,01 manat borc hesablanmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında rəsmi nikah mövcud olmuş, bu nikah dövründə ilkin iddiçının adına kredit götürülmüşdür. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş, hazırkı işdə cavabdeh olan Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə alınmış avtomobilin digər şəxsə satışından əldə edilmiş gəlirin yarı hissəsinin onun xeyrinə tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə onun avtomobilin satış dəyərinin yarısının ödənilməsi tələbini əsaslı hesab etmişdir. İlkin İddiaçı hazırkı işdə tələbinin əsaslandırması ondan ibarətdir ki, birgə nikah dövründə bankdan götürülmüş kredit sözügedən avtomobilin alınması məqsədi ilə götürülmüşdür. Ona görə də, həmin kredit borcunun yarı hissəsi cavabdehdən tutulmalıdır. Cavabdeh qarşılıqlı iddiasının əsaslandırması ondan ibarətdir ki, İddiaçı və onun ailə üzvlərinin şəxsinə qarşı qanunsuz hərəkətləri və onu mütəmadi olaraq alçaldmaları nəticəsində onun sağlamlığı pozulmuş və nəticədə müalicəsinə maddi vəsait xərcləmişdir. Bütün bunlara görə ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Qarşılıqlı iddiaçı tələbinin sübutu kimi məhkəməyə təqdim edilmiş müxtəlif tibbi sənədlərə istinad edir. İlkin tələbə münasibətdə nəzərə alınmalıdır ki, mülki və ailə qanunvericiliyinin ərarvadın ümumi əmlakının yaranması ilə bağlı normalarına (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələri) görə əksi sübut edilməyənədək ailə büdcəsinə daxil olmuş vəsaitlər ailənin ümumi gəlirlərinə, xərclənmiş vəsaitlər isə ümumi xərclərinə aid edilir. Ailə Məcəlləsinə müvafiq olaraq ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1). Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (maddə 37.3). İlkin iddiaçı ailə və mülki qanunvericiliyin tələblərinə əsaslanaraq kredit məbləğinin yarı hissəsinin cavabdehdən tutulmalı olmasını iddia edir. İlkin iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ilkin iddiaçının tələbində göstərdiyi xüsusatlar, yəni kreditin avtomobil alınması üçün götürülməsi, avtomobilin məhz götürülən bu kredit hesabında alınması tutarlı dəlillərlə əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir Hazırkı işdə götürülən kreditin məhz avtomobil alınması məqsədi ilə istifadə edildiyi sübut edilmir. Bundan əlavə, tərəflər arasında avtomobilin satış qiymətinin yarı hissəsinin Cavabdeh verilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı avtomobilin götürülən kredit hesabına alınması ilə bağlı hər hansı izahat verməmişdir. Məhkəmə, həmçinin onu da qeyd edir ki, İlkin iddia tələbi maddi hüquq normaları baxımından da əsassızdır. Belə ki, tələb hüquqi mahiyyəti baxımından reqres qaydasında tələb hüququna uyğun gəlir. Mülki Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Hazırkı işdə ilkin iddiaçı bank qarşısında götürdüyü öhdəliyini icra etməmişdir. Belə ki, işdə olan kredit müqaviləsindən görünür ki, müqavilə xx.xx.2019-cu ildə 36 ay müddətinə, xx.xx.2022-ci ilədək bağlanmışdır. Görüdüyü kimi, ilkin iddiaçı hələ icra etmədiyi borca görə reqres qaydasında tələb hüququ irəli sürə bilməz. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı tələbdə qeyd edilən hallar sübut edilmədiyinə görə tələb əsaslı hesab edilə bilməz. Belə ki, qarşılıqlı iddiaçı ona vurulan maddi ziyan tələbini cavabdehin qanunazidd hərəkətləri nəticəsində xəstəliyə düçar olması və müalicə alması ilə əlaqələndirir. Eyni zamanda, qarşılıqlı tələbin mənəvi ziyan hissəsi də bu hala əsaslanır. Məhkəmə sübutetmə yükü ilə bağlı yuxarıda qeyd edilənlərə əsaslanaraq bildirir ki, qarşılıqlı iddiaçı cavabdehin ona münasibətdə sağlamlığını pozacaq qanunsuz hərəkətlər etməsini və bu hərəkətlər nəticəsində onun sağlamlığının pozulmasını sübut edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Təqdim edilən tibbi sənədlər isə bu halların sübutu ola bilməz. Çünki, bu sənədlərlə cavabdehin qarşılıqlı iddiaçıya qarşı qanunsuz hərəkətlər etməsi və nəticədə onun həmin tibbi sənədlərdə göstərilən müalicələri alması arasında səbəbli əlaqə görsənmir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Hazırkı işdə iddiaçının məruz qaldığı mənəvi ziyanın nədən ibarət olması prosessual qanunvericiliyin tələbləri baxımından əsaslandırılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı işdə həm ilkin, həm də qarşılıqlı iddialar əsassızdır və təmin edilməməlidirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi formal mülahizələrə əsaslanmışdır və təmin edilə bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası təmin ediməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1303/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1303/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver