Məhkəmə qərarları › İş №2(010)-1306/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1306/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1306/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 10030 manat məbləğində pul, 120.09 manat dövlət rüsumu, cəmi 10150.09 manat pul vəsaitinin, eyni zamanda xx.xx.2024-cü il tarixdən iddia üzrə qətnamə çıxarılanadək əldən çıxmış fayda qismində hər gün üçün 60 manatdan hesablanmaqla, müvafiq pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən MMC-nin istifadəsində və faktiki sahibliyində olan “Hyundai Elantra” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olması nəzərdə tutulan müqavilə əsasında Cavabdeh icarəsinə verilmişdir. Həmçinin, həmin şəxsin nəqliyyat vasitəsini idarə etməsinə dair MMC-nin rəhbəri tərəfindən yol vərəqəsi də verilmişdir. Lakin, Cavabdeh müvafiq qaydada (inzibati, mülki və s. qaydada) məsuliyyətini daşıdığı həmin nəqliyyat vasitəsi ilə Biləsuvar rayonunun inzibati ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə nəqliyyat vasitəsi yararsız hala düşməklə İddiaçı MMC-yə xeyli miqdarda maddi ziyan vurulmuşdur. Belə ki, rəsmi müraciəti əsasında Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş müvafiq sənədlərlə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 43-də yaşayan, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Hyundai Elantra” markalı, **- SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar rayonu, Ovçubərə kəndindən Amankənd kəndi istiqamətində asfalt yolla 90-100 km/saat sürətlə hərəkətdə olan zaman döngədə idarə etməni itirib yoldan sola çıxmış və su arxına düşərək arxası üstə aşmış, nəticədə avtomobildə olan sərnişin xx.xx.2007-ci il təvəllüdlü X3 “burun nahiyəsində qançır” ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər almışdır. Biləsuvar rayon X5 bölməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 372.2-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati icraat açılması məsələsinə baxılmasından ötrü toplanmış material üzrə qəbul edilmiş qərarın surəti RPŞnın DYPB-nə göndərilmişdir. Biləsuvar rayon X8 X11 tərəfindən həmin qərar əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və o, xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarla qeyd olunan maddə ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin istifadəsində olan “Hyundai Elantra” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərər "xxxx" MMC tərəfindən qiymətləndirilmiş, dəyişdirilməli olan ehtiyat hissələrinin, çilingər, rəngsaz, dəmirçi, armaturçu, plastmas, razval-balans işlərinin görülməsinə sərf olunmalı olan ümumi məbləğ 10030 manat kimi müəyyən edilmişdir. Təqdim edilmiş sübutlarla, direktoru olduğu İddiaçı MMC tərəfindən, MMC-nin istifadəsində olan “Hyundai Elantra” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olması nəzərdə tutulan müqavilə əsasında Cavabdeh icarəsinə verilməsi, cavabdehin xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində həmin avtomobil ilə Biləsuvar rayonu, Ovçubərə kəndindən Amankənd kəndi istiqamətində asfalt yolla 90-100 km/saat sürətlə hərəkətdə olan zaman döngədə idarə etməni itirib yoldan sola çıxması və su arxına düşərək, arxası üstə aşması, bu zaman iddiaçı olaraq avtomobil əzilməsi nəticəsində ona maddi zərər yetirilməsi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi mübahisəsiz haldır, ilkin istintaq araşdırması zamanı cavabdeh tərəfindən etiraf edilmişdir. Eyni zamanda, cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin şərtinə görə, avtomobilin icarə müqaviləsinin icrası zamanı icarəçinin icarəyə verilmiş avtomobildən istifadəsi nəticəsində hər hansı itkiyə, zərərə və ya icarəyə verən əleyhinə hər hansı hərəkətə görə icarəçi məsuliyyət daşıyır və təzminat ödəmək öhdəliyi götürür. Avtomobil icarəyə verənin seçdiyi təmir məntəqəsində təmir edilməlidir. Hal-hazırda avtomobil tamamilə yarasız vəziyyətdədir və ondan istifadə məhdudlaşmışdır. Ona dəyən maddi ziyandan əlavə, həm də mülkiyyətçi kimi avtomobili ilə bağlı hüquqlarını da realizə edə bilmir. Cavabdehin törətdiyi inzibati xəta nəticəsində onun mülkiyyətçi kimi konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Bütün yuxarıda qeyd olunanları əsas götürərək, pozulmuş hüquqlarının bərpası üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin, o, faktiki olaraq avtomobillərin icarəyə verilməsi işi ilə məşğul olur və cavabdeh də məhz həmin xidmətdən istifadə edərək 1 günü 60 manata olmaqla, “Hyundai Elantra” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olmasını nəzərdə tutan müqavilə əsasında icarəyə götürmüşdür. Cavabdeh həmin günlər üçün icarə haqqını ödəmişdir. Lakin, cavabdehin təqsirli hərəkəti nəticəsində, törədilmiş yolnəqliyyat hadisəsi zamanı avtomobil yararsız vəziyyətə düşdüyündən, o, həmin avtomobil ilə əldə etməli olduğu gəlirlərdən, faydadan məhrum olmuşdur. Həmin avtomobil məhz günü 60 manat olmaqla icarəyə verilmiş, sonrakı günlərdə də belə qayda ilə istifadəyə verilməsi nəzərdə tutulmuş idi. Ona görə də hesab edir ki, müqavilənin icrasının başa çatdığı növbəti gündən, yəni xx.xx.2024-cü il tarixdən iddia üzrə qətnamə çıxarılanadək əldə çıxmış fayda qismində hər gün üçün 60 manatdan hesablanmaqla, müvafiq pul vəsaiti də cavabdehdən onun xeyrinə tutulmalıdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar ƏN-İİ seriyalı, 053689 nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, X9 (mülkiyyətçi) tərəfindən buraxılış ili 2015-ci il olan, “Hyundai Elantra” minik markalı, **-SH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ İddiaçı MMC-yə etibar edilmişdir. İddiaçı MMC (İcarəyə verən) və Cavabdeh (İcarəçi) arasında bağlanmış xx.xx.2024cü il tarixli avtomobilin icarə müqaviləsindən müəyyən olunur ki, icarəyə verən icarəçiyə “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə verməyi, icarəçi icarəyə verənə avtomobildən istifadə üçün hər gün 60 manat pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli yol vərəqəsindən müəyyən olunur ki, “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il, saat 21:00-dək Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində Biləsuvar rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh hərəkətlərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati icraat açılması məsələsinə baxılmasından ötrü toplanmış material üzrə qəbul edilmiş qərarın surətinin RPŞ-nın DYPB-nə göndərilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən Biləsuvar rayon Polis Şöbəsində verilmiş izahatından məzmunundan müəyyən olunur ki, o, Bakı şəhərində doğulub, yaşasa da, atası Biləsuvar rayonu, Amankənd kəndindəndir. Atasının qardaşları, bacıları və bütün qohumları Biləsuvar rayonunda yaşayır. Arada bir gəlib onlara baş çəkir. xx.xx.2024-cü il tarixdə qohumlarına baş çəkmək üçün gəlmək istəmişdir. Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi var və avtomobil idarə etməyi bacarır. Ona görə də, Bakı şəhərindən kirayəyə “Hyundai” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili götürərək, Biləsuvar rayonuna gəlmişdir. xx.xx.2024-cü il tarixdə əmisi Sarvangildə olmuşdur. Əmisinin səhhətində narahatçılıq yarandığı üçün onu həkimə aparmalı olmuşdur. Gecə yarısı, yəni xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində əmisi oğlu Seyman, əmisi Sarvan və o, idarə etdiyi **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək evdən çıxmışlar. O, avtomobili idarə etmiş, əmisi Sarvan və əmisi oğlu Seymən isə arxada əyləşmişlər. Sonra o, avtomobili Ovçubərə kəndindən rayonun Amankənd kəndi istiqamətində əmisini təcili həkimə çatdırmaq üçün 90-100 km/saat sürətlə idarə etmişdir. O, yolu tanımadığı və sürəti yüksək olduğu üçün Amankənd kəndinə dönən körpüdə avtomobili sağa döndərmiş, bu zaman idarə etməni itirmiş və avtomobil yoldan kənara çıxıb aşaraq arxası üstə su arxına düşmüşdür. O, tez avtomobildən düşüb əmisi oğlu Seymənə kömək etmiş və onu avtomobildən çıxarmışdır. Sonra əmisi avtomobildə sıxışıb qalmışdır. Ona yardım edib çıxarmışdır. Bundan sonra təcili yardıma zəng etmiş, təcili yardım avtomobili hadisə yerinə gəlmiş, əmisini və oğlunu xəstəxanaya aparmışdır. Daha sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisə baş verən zaman hava qaranlıq, yol örtüyü asfalt, asfalt isə quru olmuşdur. Onun idarə etdiyi avtomobilin əyləc sistemində hər hansı nasazlıq olmamış, əyləc sistemi işlək vəziyyətdə olmuşdur. Hadisə zamanı o, tormozdan istifadə etmiş, lakin döngəni anidən gördüyünə və sürətin çox olmasına görə idarə etməni itirmişdir. O, hadisədən əvvəl spirtli içki qəbul etməmiş və hadisə zamanı heç bir xəsarət almamışdır. xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində Biləsuvar rayonu, Ovçubərə - Amankənd kəndi yolunda “Hyundai Elantra” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə) törədilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından müəyyən olunur ki, “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 10030 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus təmir məntəqəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təmirdə olmuşdur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi X4 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 120.09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 43) yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər... 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə təqsirli olaraq törətdiyi hüquqa zidd hərəkətləri ilə ziyan vuran şəxs həmin avtomobili idarə edən Cavabdeh olmuşdur. Belə ki, hadisənin baş verməsində məhz həmin şəxsin təqsirli olması hadisə ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla müəyyən edilir. Bütün bu səbəblərdən məhkəmə xx.xx.2024-cü il tarixdə baş verən və nəqliyyat vasitəsinin aşaraq zədələnməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli olduğu nəticəsinə gəlir. Belə olan halda, baş vermiş yol-nəqliyyat hadisəsində (hüquq qaydasının pozulması halı) təqsiri müəyyən edilmiş (hüquq pozuntusu törədən şəxsin iradəsində nöqsanın olması) iş üzrə Cavabdeh İddiaçı MMC-nin istifadəsində olan “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulması (törədilmiş əməl nəticəsində zərərin vurulması) və vurulmuş zərərin məhz törədilmiş həmin mülki hüquq pozuntusunun nəticələri ilə səbəbli əlaqədə olması (zərərin məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlməsi) qənaətinə iş materiallarına əlavə edilmiş və hər hansı digər mötəbər sənədlə şübhə altına alınmayan sübutların tam, obyektiv, hərtərəfli və qərəzsiz tədqiqi və əlaqəli şəkildə qiymətləndirilməsi nəticəsində gəlmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı MMC hadisə nəticəsində avtomobilə dəymiş zərəri (real zərər) cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə olan halda, iddiaçı “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 10030 manat məbləğində zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmçinin, nəqliyyat vasitəsinə dəymiş real zərərin əvəzinin ödənilməsi ilə yanaşı həmin nəqliyyat vasitəsinin icarəyə verilməsi ilə bağlı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərə (əldən çıxmış fayda) görə xx.xx.2024-cü il tarixdən iş üzrə yekun məhkəmə aktı qəbul edilən tarixədək hər gün üçün 60 manat hesablanmaqla, müvafiq pul məbləğinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin mübahisə edilən hüquq münasibəti üzrə iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, iş üzrə Cavabdeh təqsirli hərəkətləri nəticəsində xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarasız vəziyyətə düşən “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təmir məntəqəsində olmuş və həmin nəqliyyat vasitəsindən qeyd edilən dövrdə istifadə edilməklə gəlir əldə edilməsi imkanı istisna edilmişdir. ("xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayış iş materiallarına əlavə edilmişdir). Göründüyü kimi, “Hyundai Elantra” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi baş verən tarixdən (xx.xx.2024-cü il) xx.xx.2024cü il tarixədək təmir məntəqəsində olmuş və nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği qiymətləndirilərək həmin zərər iddiaçının vəsaiti hesabına aradan qaldırılmışdır. Odur ki, iddia tələbində qeyd edildiyi kimi dəymiş zərər qismində əldən çıxmış faydanın xx.xx.2024-cü il tarixdən hər gün üçün 60 manat olmaqla iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hesablanması hazırda ağlabatan mühakiməyə və işin faktiki hallarına uyğun deyildir. Çünki, müvafiq nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təmir məntəqəsində olduğu üçün həmin nəqliyyat vasitəsinin məhz həmin müddət ərzində icarəyə verilməsi, müvafiq olaraq gəlir əldə edilməsi, bu və ya digər məqsədlər üçün istifadə edilməsi imkanı istisna edilir. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 7-ci maddəsinə əsasən, cavabdeh müqavilənin qüvvədə olduğu müddətdə avtomobildən istifadə nəticəsində hər hansi itki, zərər və ya iddiaçının əleyhinə hərəkətə görə məsuliyyət daşıdığını və təzminat ödəməli olduğunu, həmçinin avtomobilin cərimə meydançasında və təmirdə olduğu günlərin icarə haqqının 50%-ni ödəmək öhdəliyini üzərinə götürmüşdür. Odur ki, dəymiş zərər qismində əldən çıxmış fayda avtomobilin təmir məntəqəsində yarasız vəziyyətdə olduğu, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət üçün müvafiq nəqliyyat vasitəsinin günlük icarə haqqı məbləğinin 50%-i həcmində (30 manat) hesablanmalıdır (64 gün x 30 manat = 1920 manat). Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 120.09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmamışdır. İddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 120.09 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə, ödənilməmiş 5.76 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 10030 manat və əldən çıxmış faydaya görə 1920 manat, ümumilikdə 11950 manat məbləğində pul vəsaiti və ödənilmiş 120.09 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, ödənilməmiş 5.76 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 10030 (on min otuz) manat və əldən çıxmış faydaya görə 1920 (min doqquz yüz iyirmi) manat, ümumilikdə 11950 (on bir min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 120.09 (yüz iyirmi manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilməmiş 5.76 (beş manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar