Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1313/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı QSC-nin xeyrinə 14694 manat əsas borc, 220.82 manat faiz borcu və 134.74 manat dövlət rüsumu olmaqla, cəmi 15049.56 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki: “İddiaçı QSC ilə Cavabdeh arasında olan qarşılıqlı razılaşmaya əsasən alqı-satqı aparılmışdır. Cavabdeh aldığı malların pulunu tam ödəmədiyi üçün iddiaçıya 14694 manat borcu qalmışdır. İddiaçının ödənişin təmin edilməsinə dair olan çoxsaylı müraciətlərinə baxmayaraq cavabdeh ödənişi təmin etməmiş, malların satışından əldə edilən pul vəsaitinin əsassız olaraq ödənişini gecikdirmişdir. Belə vəziyyət iddiaçıya maddi ziyan vurur, hüquqlarını və qanuni mənafeyini pozur. Qanuna əsasən 14694 manat əsas borc məbləği, əsas məbləğin ödənişini əsassız olaraq gecikdirdiyi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 9*(14694:360:100*8+2%)=36.74 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 44*(14694:360:100*8.25+2%)=184.08 manat olmaqla cəmi 220.82 manat faiz məbləği də cavabdehdən tələb edilir”. Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları.
5. İddiaçı QSC (Satıcı) və Cavabdeh (Alıcı) arasında xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, qəbul edilmiş sementin dəyəri tam ödənilmədiyi üçün Alıcı Cavabdeh Satıcı İddiaçı QSC-yə 14694 manat məbləğində borcu var.
6. İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan borcu və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
İşin faktiki halları.
7. İddiaçı QSC və Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh sement satılmışdır.
8. İddiaçı QSC iddia edir ki, Cavabdeh tərəfindən alınan malın dəyəri tam ödənilməmiş, cavabdehin 14694 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olan cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş, iddiaya heç bir münasibət bildirməmişdir.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 329. Əqdlərin formaları. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427. Öhdəliyin icrası müddəti. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alqı-satqı müqaviləsi. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598. Alınmış əşyanın ödənilməsi. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
10. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli Qərarı.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
13. İşin faktiki hallarından görünür ki, İddiaçı QSC və Cavabdeh arasında şifahi alqısatqı müqaviləsi bağlanmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-dən sement almış, aldığı sementin dəyərini tam ödəmədiyi üçün İddiaçı QSC-yə 14694 manat məbləğində borcu qalmışdır.
14. Məhkəmə hesab edir ki, bu üzləşmə aktını tərəflər arasında bağlanmış yazılı alqısatqı müqaviləsi kimi qəbul etmək mümkün olmasa da, bu akt əsasında tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlandığı, bu müqaviləyə əsasən iddiaçının cavabdehə sement satdığı, lakin cavabdehin satılmış malın dəyərini tam ödəmədiyi, 14694 manat məbləğində borcu qaldığı nəticəsinə gəlmək mümkündür. Bu isə o deməkdir ki, müqavilə üzrə alıcı (cavabdeh) aldığı əşyanın dəyərini satıcıdan (iddiaçıdan) bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi əşyanın nisyə satılması haqqında müqavilə olmuşdur və həmin müqavilə üzrə borcun ödənilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cü maddəsində nəzərdə tutulmuş nisyə satılmış əşyanın ödənilməsi qaydaları tətbiq edilməlidir.
15. Yuxarıda (§ 9) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Tərəflər arasında yazılı müqavilə bağlanmadığından iddiaçı tərəfindən cavabdehə satılmış malın cavabdeh tərəfindən hansı müddətdə ödənilməli olması müəyyən deyil. Belə olan halda mübahisəyə Mülki Məcəllənin 427.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı QSC-dən nisyə aldığı malın dəyərini kreditorun (iddiaçının) tələb etdiyi vaxtdan ödəməyə borclu olmuş, buna baxmayaraq öhdəliyini vaxtında yerinə yetirməmişdir. Bu səbəbdən İddiaçı QSC həmin müqaviləyə əsasən verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur (Mülki Məcəllə, maddə 600.4).
18. Bundan əlavə, iddia tələbindən görünür ki, İddiaçı QSC Cavabdeh öhdəliyin vaxtında icra edilməməsinə görə 220.82 manat məbləğində faiz tələb etmişdir. İddia ərizənin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı tərəfindən bu faiz Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən hesablanmış, tələbin əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad edilmişdir.
19. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin həm alınmış əşyanın ödənilməsinin ümumi qaydalarını müəyyən edən 598-ci, həm də nisyə satılmış əşyanın ödənilməsi qaydalarını müəyyən edən 600-cü maddələrində alıcının alqısatqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmədiyi halda satıcının Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb etməsinin mümkünlüyü müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin maddədə müəyyən edilmiş faizlər alqı-satqı müqaviləsi üzrə borcun vaxtında ödənilmədiyi istənilən halda yox, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə tələb edilə bilər.
20. Yuxarıda (§ 10) istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında bununla bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
21. Hazırkı işdə isə cavabdehin nisyə aldığı əşyanın pulunu vaxtında ödəməməklə yuxarıda qeyd edilmiş mənada bir fayda əldə etməsi müəyyən edilməmiş, iddiaçı tərəfindən bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi faizlə bağlı hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri.
22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 134.74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
23. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (14694 manat) mütənasib olan hissəsi (134.08 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14694 manat məbləğində borc və 134.08 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 14694 (on dörd min altı yüz doxsan dörd) manat məbləğində əsas borc və 134.08 manat (yüz otuz dörd manat səkkiz qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva