Məhkəmə qərarları › İş №2(010)-132/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-132/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-132/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun qaytarılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ondan borc olaraq aldığı 31480 manatın və 45000 ABŞ dollarının (Azərbaycan manatına məzənnəsinə uyğun olaraq) ondan tutularaq qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh borc pul almaq məqsədi ilə 2008-ci ilin dekabr ayının axırlarında ona müraciət etmişdir. xx.xx.2008-ci il tarixdə onların hər ikisi Abşeron rayonu 2-ci dövlət notariat kontoruna gedərək orada xx.xx.2008-ci il tarixli, reyestr qeydi 3M-4-591 saylı kredit müqaviləsi bağlamış, elə orada sayaraq 31480 manat pulu borc olaraq iş üzrə Cavabdeh vermiş, o, həmin borcu xx.xx.2009-cu il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin söz verdiyi vaxtdan müddət keçməsinə baxmayaraq, o münasibətlərini yaxşı olmasından istifadə edərək borcunu qaytarmamışdır. Daha sonra, yəni xx.xx.2017-ci il tarixdə Cavabdeh yenidən ona müraciət edərək əlavə olaraq daha 45000 ABŞ dolları borc pul lazım olduğunu bildirmişdir. Baxmayaraq ki, o hələ aldığı borcunu qaytarmamışdır, yenə də onun çətin vəziyyətdə olmasını nəzərə alaraq, yenidən ona borc verməyə razılaşmışdır. Ona görə onlar yenidən notariat kontoruna – Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X1 yanına getmiş, xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi 3m-473 saylı kredit müqaviləsi bağlamış, elə oradaca sayaraaq X4 əlavə olaraq 45000 ABŞ dolları borc vermişdir. Akin həmin vaxtdan uzun müddət keçməsinə və onun dəfələrlə müraciət etməsinə baxmayaraq, iş üzrə Cavabdeh ondan nə Azərbaycan manatı ilə aldığı 31480 manatı, nə də 45000 ABŞ dollarını qaytarmamışdır və borclarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddianı müdafiə edərək bildirdi ki, borcun ödənilməsi ilə bağlı cavabdehə rəsmi qaydada yazılı pretenziya ilə də müraciət edilmiş, bu barədə poçt qəbzi iş materiallarına əlavə edilmişdir. Həmin qəbzdən də görünür ki, borclu ilə əlaqə saxlanılmış, o, görüş təyin etsə də gəlməmişdir. Buradan da görünür ki, o, borcun ödənilməsindən bilərək yayınır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı və Cavabdeh arasında Abşeron rayonu 2-ci dövlət notariat kontorunda bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, müqaviləyə əsasən İddiaçı xx.xx.2008-ci iltarixdə X6 31480 (otuz bir min dörd yüz səksən) manat pul vermiş, Cavabdeh 31480 (otuz bir min dörd yüz səksən) manat borc pulu xx.xx.2009-cu il tarixə qədər İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanılmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, müqaviləyə əsasən İddiaçı Cavabdeh 45000 ABŞ dolları məbləğində pul borc vermiş, Cavabdeh borc pulu xx.xx.2017-ci il tarixə qədər İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Poçt qəbzi və qəbzə əlavə edilmiş zərfdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış məktubun çatdırılması üçün Cavabdeh ilə əlaqə saxlanılmış, görüş təyin edilmiş, lakin şəxs görüşə gəlməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2008-ci il tarixdə 31480 manat, xx.xx.2017-ci il tarixdə isə 45000 ABŞ dolları borc pul vermiş, borcalan Cavabdeh həmin pulları müqavilələrdə göstərilən müddətlərdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin o, müqavilə üzrə öhədliklərini icra etməyərək aldığı borcu qaytarmamış, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh iddiaçıdan aldığı borcu qaytarmamaqla üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü borc tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə göstərilən məbləğləri borcluya vermişdir. Borclu isə, kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqavilələri üzrə borcu tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bundan başqa, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 31480 (otuz bir min dörd yüz səksən) manat və 45000 (qırx beş min) ABŞ dolları pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh oğlundan 31480 (otuz bir min dörd yüz səksən) manat və 45000 (qırx beş min) ABŞ dolları pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar